Lənkəranın mətbuat tarixi səlnamələşdirildi - TƏDBİR Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Növbəti xəbərimiz subtropiklər mirvarisi Lənkərandandır. Burada 19 iyul 2025-ci il tarixdə Azərbaycaqn Yazıçılar Birliyi Lənkəran Bölməsi, Azərbaycan Jurnalistlər Birliyi Lənkəran təşkilatı və Lənkəran Mərkəzləşmiş Kitabxana sisteminin birgə təşkilatçılığı ilə Mətbuatın 150 illiyi və jurnalist Hacı Etibar Əhədovun "Lənkəranın mətbuat salnaməsi" kitabının təqdimatı ilə əlaqədar tədbir keçirildi.

 

AYB Lənkəran Bölməsində keçirilən tədbiri giriş sözü ilə bölmənin sədri, yazıçı-dramaturq Qafar Cəfərli açaraq iştirakçıları qarşıda gələn Milli Mətbuat Günü münasibətilə təbrik etdi. "Lənkəranın mətbuat salnaməsi" kitabının bu bayrama ən gözəl hədiyyə olduğunu bildirdi və mətbuat tariximiz haqqında danışmaq üçün sözü Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran Bölməsinin sədri Şəfahət Şəfiyə verdi.

Şəfahət Şəfi mətbuat tariximiz barədə qısa məlumat verdikdən sonra Lənkəran mətbuatında uzun müddət xidməti olan jurnalistlərdən Hacı Etibar Əhədov, Qafar Cəfərli, İltifat Əhmədov, Sərraf Talıb, Ağamir Cavad və Esmira İsmayılovaya AJB-nin Fəxri Fərmanını təqdim etdi. Eyni zamanda, dünyasını vaxtınız dəyişmiş jurnalist, şair və tərcüməçi Ağaddin Babayevin adına yazılmış Fəxri Fərmanı ailəsinə çatdırmaq üçün yaxın dostu olmuş Sərraf Talıba verdi və onun ruhu bir dəqiqəlik sükut və rəhmət diləyi ilə yad edildi.

Sonra Lənkəran Dövlət Universitetinin professoru, Əməkdar müəllim Yədulla Ağazadə çıxış edərək Hacı Etibar Əhədovun "Lənkəranın mətbuat salnaməsi" kitabı haqqında ətraflı məlumat verdi. Hacı Etibarın Lənkəranın ictimai-siyasi və mədəni həyatında xidmətlərindən danışıb, onu mətbuatımızın qazisi adlandırdı. Kitab haqqında məlumat səhifələrində geniş həcmli yazısı ilə çıxış edəcəyini bildirib, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.

Daha sonra "Lənkəran" qəzetinin baş redaktoru Əlimərdan Əliyev, Bakıdan gəlmiş həmyerlimiz, Əməkdar jurnalist Camaləddin Rəhmanov, uzun müddət "Lənkəran" qəzetinin baş redaktoru olmuş İltifat Əhmədov, tədqiqatçı-tarixçi İldırım Şükürzadə, LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin işçisi Xəyalə Ağazadə, Cəlilabad rayonundan gəlmiş şair- publisist Əlövsət Tahirli, "Zərban" TV-nin təsisçisi və baş redaktoru, yazısı-jurnalist Hafiz Mirzə, uzun müddət "Lənkəran" qəzetində çalışmış Mehman Əliyev, Lənkəran Radio Verilişləri Redaksiyasının, "Yaşıl çay" jurnalının baş redaktoru olmuş Sərraf Talıb, müxtəlif dövlət qəzetlərinin zona müxbiri işləmiş, ekoloq-jurnalist Bəxtyar Hüseynov, tanınmış mədəniyyət işçisi Ağadadaş Əliyev və başqaları çıxış edərək mətbuat tariximizin müəyyən məqamlarından danışdılar.

"Lənkəranın mətbuat salnaməsi" kitabının mətbuat tariximiz haqqında vaxtında yazılmış ən dəyərli bir kitab olduğunu qeyd etdilər. Müəllifə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Ardınca yazıçı dramaturq Qafar Cəfərli Azərbaycan Yazıçılar Birliyinə yeni üzv qəbul edilmiş İltifat Əhmədova və Azərbaycan Jurnalistlər Birliyinə qəbul olunmuş Mehman Əliyevə üzvlük biletlərini təqdim edib, tədbir iştirakçıları adından onları təbrik etdi.

Sonda söz Hacı Etibar Əhədova veriıldi. H.E.Əhədov keçdiyi jurnalist həyatından xatirələr danışıb, gördüyü işlərdən söz açdı. Kitabın ərsəyə gəlməsi üçün uzun müddət çalışdığını qeyd edib, ünvanına söylənən xoş sözlərə görə çıxış edən hər kəsə və tədbirin təşkilatçılığını boynuna götürən AYB Lənkəran Bölməsinin rəhbərliyinə, eləcə də AJB-nin Lənkəran Bölməsinin rərbərliyinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirdi.

Tədbir xatirə şəkilləri çəkilməklə başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.