Gülcahan Əsgərova "Qələm tutan incə əllər"də Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarıtəqdim edir. Növbəti qələm sahibişair Gülcahan Əsgərovadır.

 

Qısa təqdimat:

Əsgərova Gülcahan Soltan qızı: 24 aprel 1970-ci ildə Lerik rayonunun Vamazqon kəndində anadan olmuşdur. Lerik rayonunda anadan olsa da 1975-ci ildən Cəlilabad rayonunun Muğan kəndində yaşayır.

1977-ci ildə Muğan kənd orta məktəbinə getmiş, həmin məktəbdən orta təhsil haqqında natamam şəhadətnaməsini aldıqdan sonra Cəlilabad rayonunun Prişib qəsəbəsi (indiki Göytəpə şəhəri) 108 saylı Texniki Peşə Məktəbinə daxil olmuş və burada Quşçuluq üzrə operatorluq ixtisasına yiyələnmişdir.

Gülcahan xanım orta məktəb illərindən etibarən poeziya sahəsinə həvəs göstərmiş və müxtəlif mövzularda bir sıra şeirlər yazmışdır. Onun şeirləri Azərbaycan və talış dillərindədir.

2001-ci ildən dövrü mətbuatda şeirləri çap olunur. Buna misal olaraq "Sözün işığı", "Asiman", "Yeni gün", "Region səs", "Münasibət" və "Aşkarlıq" kimi mətbu orqanları göstərmək olar.

Qələmə aldığı şeirlərinin bir hissəsi "Görəsən dünyanın anası kimdir?" adlı kitabında işıq üzü görmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab 2014-cü ildə Cəlilabad rayonunda "Sözün işığı" mətbəəsi tərəfindən çap olunmuşdur.

 

Bədii ədəbiyyat nümunələri:

Gülcahan xanımın poeziya nümunələrindən aşağıdakı qəzəlləri təqdim etmək olar:

 

BİRGƏ BÖLƏK VARIMIZI

Yada saldım yenə də eşqidə şüarımızı,

Unutmusan gözəlim əhdilə ilqarımızı.

Çoxların tənəsinə tuş gəlirlk amma yenə,

Qoruyaq hörmət ilə ucalan vüqarımızı.

 

Tənhalıq cox pis olur sən ki bilirsən ey dost,

Seyrə cıx, bir arayaq sevgili nigarımızı.

Dolanıb dağ-dərəni sakit gəzək ovçu kimi,

Hay salıb qaçırmayaq görünən şikarımızı.

 

Xoş keçir rüzgarımız arzuların qanadında,

Bəd olub çərxi-fələk pozmasın rəftarımızı.

Ülvidir söz sənəti, mən də aşiqəm Gülcahan,

Bu yolda kaş nə ola birgə bölək varımızı.

 

NƏ VAR

Qəvvasım söylə mənə, üzdüyün dəryada nə var?

Çox şeyi gizli qalan, gördüyün dünyada nə var?

 

Nədən olmuş ürəyin eşq evinə, bunca düçar,

Edən usyan nə bilir,sirrili sevdadə nə var?

 

Tanrının vəsvidir o, rəsm eylədi göydə hilal,

Marağ almış bizi,çün gərdişi səmada nə var?

 

Adəm övladı ücün sirri olub təxdi Musa,

Etmiş icad onu kim, bir quru əsadə nə var?

 

Bax görün eşq evinin, atəşi pərvanəsinə,

Şəmiylər dövrəsində, yandıqca cəfadə nə var?

 

Soruşun Fərizədən İlhama sadiqliyini,

Cavabı oldu sual, aşiqə vəfadə nə var?

 

Düşünüb dərk eylədim adəmdə kamilliyini,

Görəsən Gülcahanın tutduğu məvvadə nə var?

 

Son olaraq doğma elimizin xanım şairi Gülcahan Əsgərovaya uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.