Həm həkim, həm şair, həm də ziyalı - PORTRET Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

 

(Cəlilabad ədəbi mühitinin görkəmli siması Əfrahim Hüseynliyə ithaf olunur!)

 

Cəlilabad rayonu öz bərəkətli torpağı, minilliklərdən süzülüb gələn qədim və sirli tarixi və tarixi abidələri, çoxsaylı şəhidləri və qaziləri ilə yanaşı həm də çoxsaylı şairləri və qələm əhli ilə tanınır. Bu diyardan ölkə səviyyəsində öz qələmi və imzası ilə tanınan (Babulla Səlimov, Abbasağa Azərtürk, Mirzəli Hüseynzadə, Ayaz Vəfalı, Əhməd İspər, Səlim Babullaoğlu, Salam Sarvan, Əlizadə Nuri və onlarca digər) samballı simalar çıxmışdır.

 

Cəlilabad ədəbi mühitinə nəzər saldıqda bu mühitdəki bəzi görkəmli simalar insanın diqqətini özünə cəlb edir. Heç şübhəsiz, onlardan biri də uzun illər boyu rayonda, bölgədə və ölkə səviyyəsində tanınan həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynlidir.

 

QISA BİOQRAFİK MƏLUMAT:

Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu): 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır.

Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir.

Əfrahim həkim ədəbiyyata 70-ci ildə (orta məktəbdə oxuyarkən) mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib. Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.

Ədəbiyyat sahəsində "Əfrahim Hüseynli" imzası ilə tanınan Ə.Hüseynli yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların ilk poetik toplusu olan məşhur "Həkimlərin söz dünyası" adlı kitabının tərtibçisidir.

Şuşa dərdinə həsr olunmuş, ədəbiyyatımızda çox yüksək dəyərləndirilən, müəllifini oxuculara daha da çox sevdirən "Bu şəhər həsrət yeridir" poemasının müəllifi də Əfrahim Hüseynlidir. Onun qələmə aldığı şeirləri qardaş Türkiyədə çap olunan "Altun kalemler" kitabında da yer alıb.

Əfrahim Hüseynlinin şerlərinə müxtəlif illərdə T.Bayram, N.Kəsəmənli, B.Bağırlı və digər tanınmış ədəbiyyat adamları rəy yazmışdır. Bu rəylərdə onun şeirlərinin əsas qayəsini Vətən sevgisi, el-oba məhəbbəti, sevgi müqəddəsliyi, ata-ana ucalığı təşkil etdiyi vurğulanmışdır. Özünəməxsus poetik deyim tərzi olması yüksək qiymətləndirilir.

2000-ci ildə A.Şahsuvaroğlunun qələmə aldığı, yüksək tirajla çap olunan "Onların qisməti belə ömürdür" adlı kitabı Əfrahim həkimin həkimlik fəaliyyətinə və yaradıcılığına həsr edilmişdir.

Əfrahim Hüseynliyə Azərbaycan ədəbiyyatına, eləcə də Azərbaycan oxucularına əvəzedilməz töhfə olan iki tərtib etdiyi kitab: "Həkimlərin söz dünyası-1" (2016) və "Həkimlərin söz dünyası-2" (2019) kitabları daha çox şöhrət gətirmişdir. Bu kitablar 18-ci əsrdən üzü bəri çağdaş ədəbiyyatımızda olan həkim-yazarların həyat və yaradıcılıqlarına həsr edilmişdir.

1998-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dəfələrlə bir çox fəxri fərmanlarla təltif edilmişdir. Buna misal olaraq indiyədək müxtəlif zamanlarda layiq görüldüyü "Xəmsə", "Cəsarətli qələm", "İbn-Sina", "Hippokrat", "Qızıl qələm", "Həməşəra" fəxri diplomlarını göstərmək olar. Ailəlidir. Afaq adlı bir övladı, Zəhra, Zeynəb və Saleh adlı üç əziz nəvəsi var.

Ömür-gün yoldaşı, həm də doğma yurdumuzun tanınmış ziyalı xanım-xatınlarından olan Yaqut xanım, həmçinin əziz qızı Afaq xanım müqəddəs həkim vəzifəsini daşıyırlar.

 

ƏSƏRLƏRİ:

Əfrahim Hüseynlinin indiyədək işıq üzü görmüş əsərləri aşağıdakılardan ibarətdir:

1. "Səni gözləyə-gözləyə" (şeirlər), Bakı: "Ekologiya", 1997, 48 səh.

2. "Yollar qayadan asılır" (şeirlər və poemalar). Bakı: "Gənclik", 1999, 84 səh.

3. "Ömrü hamıtək yaşasan" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2001, 80 səh.

4. "Məni axtaran varsa" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2002, 66 səh.

5. "Nə yaman çətinmiş məni tanımaq" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 76 səh.

6. "Yağan yağış yollarını döydümü" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 80 səh.

7. "Ürəyi aldatmaq olmur" (şeirlər və poemalar). Bakı: "Adiloğlu" səh. 300 səh.

8. "Həkimlərin söz dünyası" (1-ci kitab), (Həkim-yazarların ilk poetik toplusu), tərtibatçı, Bakı: "Xan", 2016, 260 səh.

9. "Həkimlərin söz dünyası" (2-ci kitab), (Həkim-yazarların yaradıcılıq toplusu), tərtibatçı, "Elm və təhsil", 2019, 567 səh...

Məlumat üçün qeyd etmək lazımdır ki, indiyədək dəfələrlə dövlət və özəl telekanallarda Əfrahim Hüseynli haqqında müxtəlif verlişlər hazırlanaraq efirə getmiş, bir-birindən dəyərli və mənalı şeirləri səsləndirilmiş, həmçinin, ölkə mətbuatı və internet portallarında şeirləri yayımlanmışdır.

 

SUBYEKTİV BAXIŞIM:

Müxtəlif insanlar barədə bu qəbil tanıtım-təqdimat yazıları yazmaq sözün həqiqi mənasında ağır məsuliyyət tələb edən bir işdir. Çünki hər kəsi ədalət və insaf çərçivəsində araşdırmaq və təqdim etmək, eyni halda mübaliğə, yalan və haqsızlıqdan ciddi şəkildə pəhriz etmək bir zərurətdir. Bu da sanki qılıncdan iti və tükdən nazik bir körpünün üzərində hərəkət etməyə bənzəyir. Lakin haqqında danışdığım Əfrahim Hüseynli barədə söz açarkən və ya nəsə yazarkən əsla çətinliyə düşmürəm. Çünki onun malik olduğu insani və ali keyfiyyətlər, həmçinin şairlik bacarığı Ulu Tanrının ona bəxş etdiyi və özünün də çalışaraq özündə təsbit etdiyi bacarıq və xüsusiyyətlərdir.

Rayonda daha çox "Əfrahim həkim" kimi tanınsa da biz ona "Əfrahim əmi" deyə müraciət edirik. Ən azından yaşadığım məkanda və olduğum ədəbi mühitdə Əfrahim Hüseynli adı gələndə şairlikdən əlavə, həm də istər-istəməz paklıq, ziyalılıq, etika və yüksək mədəniyyət sahibi olan bir şəxsiyyət zehnimdə canlanır. Bu isə təkcə mənim deyil, bütün səmimi insanların qənaətidir.

Bir insan həyatda bacarıqlı həkim, alım, istedadlı şair, peşəkar yazıçı və s. ola bilər. Əlbəttə, bütün bunlar bir imtiyazdır. Lakin bu imtiyazlar həmin şəxsin etikası, mədəniyyəti və insanlığı ilə birgə olmadıqda, sözün həqiqi mənasında cəmiyyətə və ətrafa zülmət yayır. Əfrahim Hüseynli isə bacarıqlı həkim, istedadlı şair və bacarıqlı qələm əhli olmaqla yanaşı həm də sözün həqiqi mənasında bir elit-ziyalı şəxsiyyət, kübar insan və mədəni simadır. Buna görə də hər zaman cəmiyyətdə insanlar üçün parlaq çıraq kimi işıq saçır, öz gözəl davranışı və mövqei ilə hər kəsə ən yaxşı yolu göstərir. Heç şübhəsiz, bütün bunları eyni halda özündə toplamağın nə qədər çətin bir iş olduğu düşüncə sahiblərinə bəllidir.

Onun şeir və poeziya dünyası əynindəki ağ həkim xalatı kimi təmiz, ləkəsiz və şəffafdır. Əfrahim əmi bütün bunlarla yanaşı həm də öz vətənpərvərliyi, dövlətçiliyi və milli-mənəvi dəyərlərə sıx bağlılığı ilə tanınır.

Sözümün əsas məğzi budur ki, Əfrahim Huseynli istedadlı şair və bacarıqlı qələm əhli olmaqla bərabər, həm də öz insani keyfiyyətlərinə görə xalqın rəğbətini qazanmış dəyərli və ziyalı şəxsiyyət, tanınmış və gözəl bir həkimdir. O, rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olaraq indiyədək bir çox ailəyə sevinc bəxş etmişdir. Şəxsən mən belə bir dəyərli və ziyalı şəxsiyyətlə eyni məkanda və eyni zamanda yaşamaqdan fəxarət hissi duyuram!

Qeyd etmək lazımdır ki, mənim Azərbaycan Yazıçılar Birliyinə üzv olmağım üçün zəmanət məktubu təqdim etmiş görkəmli simalardan biri də məhz dəyərlimiz və fəxarətimiz Əfrahim Hüseynli olmuşdur.

 

ARZU VƏ DİLƏKLƏR:

Sonda Ulu Tanrıdan doğma elimizin əziz və dəyərli ziyalısı, Cəlilabad ədəbi mühitinin fəxarəti və görkəmli nümayəndəsi, şəfalı əllərə malik olan tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü hörmətli Əfrahim Hüseynliyə və əzizlərinə uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.