İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri də milli mətbuatımızın formalaşması olub. 1875-ci il iyunun 22-də naşiri, redaktoru, həm də korrektoru Həsən bəy Zərdabi olan “Əkinçi” qəzetinin nəşrə başlaması bütün Qafqazda böyük əks-səda doğurmuş və Azərbaycanın milli demokratik zəmində inkişafı üçün böyük rol oynamışdır. Milli Mətbuatımız 150 ildir ki, şərəfli və məsuliyyətli bir yol gəlir. Bu illər ərzində çoxlu sayda yeni-yeni qəzet və jurnallar çap olunmuş və olunmaqdadır.
“Əkinçi”nin nəşrə başlamasından düz 59 il sonra Azərbaycanın Vartaşen (indiki Oğuz) rayonunda da qəzet çıxmağa başlamışdı. Onun llk nömrəsi 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə çıxmışdır. Qəzet 1965-ci ildən 1990-cı ilədək "Lenin bayrağı", 1990-cı ildən isə "Oğuz yurdu" adı ilə çap edilmişdir. Qəzetin birinci və ikinci adları yuxarıdan – MK-dan verilmişdir. “Oğuz yurdu” adı isə Oğuz ziyalılarının və rayon içtimaiyyətinin tələbi ilə reallaşmışdır.
Şübhəsiz ki, qəzet şəraitdən asılı olaraq ayrı-ayrı dövrlərdə müxtəlif ideologiya və fərqli formatda işıq üzü görmüşdür. Lakin hansı ad altında çıxmasından asılı olmayaraq rayon qəzeti öz ənənəsinə sadiq qalmış, rayonda yeganə informasiya mənbəyi kimi 90 ilə yaxın bir müddət ərzində oğuzluların maarifləndirilməsində, məlumatlandırılmasında, rayonun siyasi, iqtisadi, sosial-mədəni həyatının işıqlandırılmasında əvəzsiz rol oynamışdır.
Bu istiqamətdə öz funksiyanı uğurla yerinə yetirmiş, rayon həyatının güzgüsü və görən gözü olmuşdur. Ötən illər ərzində qəzet nöqsan və problemlərə də öz münasibətini bildirmiş, onların aradan qaldırılmasında mühüm rol oynamışdır. Qəzetin arxivdəki sayları rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid materialları, faktları və şəkilləri yaşadır. Ümumiyyətlə, qəzet rayon həyatının bütün sahələrini özündə əks etdirərək Oğuzun 90 illik tarixinin salnaməsini yaratmışdır.
"Əkinçi”nin əyalət davamçılarından olan “Oğuz yurdu” qəzeti milli-mənəvi dəyərlərimizin qorunmasına, xalqımızın müstəqillik ideyalarının, hərbi vətənpərvərlik hisslərinin güclənməsinə, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə də yaxından kömək etmişdir. Rayon sakinlərinin mədəni səviyyəsinin yüksəldilməsində, onların informasiya təminatında mühüm rol oynamışdır.
Qəzet nəşrə başladığı gündən rayonun içtimai fəallarının, ziyalılarının və yazarlarının (şair və yazıçılarının) tribunasına çevrilmişdi. Sonralar rayonda, regionda və ölkə miqyasında tanınmış bir sıra oğuzlu şair və yazıçıların, eləcə də elm adamlarının ilk qələm təcrübələri də bu qəzetdə çap olunmuşdur.
Qəzetin ilk redaktoru 1929-cu ildə rayonun Xalxal kəndində muəllim kimi fəaliyyətə baslayan Sultan Əfəndiyev (1943-1954) olmuşdur. Sonralar qəzetə Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər.
1980-ci illərin axırlarından başlayaraq, 5 mindən çox tirajla həftədə 3 dəfə buraxılan rayon qəzeti əvvəlcə həftədə bir dəfə, sonra ayda iki dəfə çap olunmağa başlayıb. Onu da qeyd edək ki, bir çox iri rayonların qəzetləri öz fəaliyyətini dayandırdığı dövrlərdə Oğuz rayon qəzeti çətinliklərə sinə gələrək özünü qorumuş, oxucularla görüşlərini dayandırmamışdır. Uzun illər qəzetin redaktoru kimi fəaliyyət göstərən N.Hüseynli ən çətin dövrlərdə belə qəzetin nəşr olunması işini ləngiməyə qoymamış, onun fəaliyyətini davam etdirmişdir
“Oğuz yurdu”nun 90 illik fəaliyyəti yalnız rəqəm deyil, həm də bir rayonun, orada yaşayanların həyatının, mübarizə ruhunun tarixidir. Bu gün biz təkcə "Oğuz yurdu"nu yada salmırıq, eyni zamanda onun redaksiyasında çalışmış insanları da xatırlayırıq. Ötən illərdə rayon qəzetinin redaksiyasında onlarla qələm sahibi çalışmışdır. Belələrinə M.Əsədovanı, M.Həsrətovanı, Z.İbrahimovanı, Ə.Məmmədovu, S.Salamovanı, İ.İskəndərovu, A.Yaqubovanı, Q.Qurbanovu, Ə.Hüseynini, Y.Rzanı, A.Babayevanı və digərlərini nümunə göstərmək olar. Onlar sözün həqiqi mənasında peşəkarlar olublar.
22 il həmin qəzetin əməkdaşı olmuş A. Babayeva öz xatirələrində deyir: ” ...Qəzet mənə sözü necə və harada deməyi öyrətdi. Həyatda isə bu çox köməyimə çatıb. Rayon qəzeti mənə o qədər əziz olub ki, heç vaxt burdan getməyi (hətta 7-8 ay maaş almadığımız vaxtlarda belə), başqa sahədə işləməyi ağlıma belə gətirməmişəm. Dəyərlərin, jurnalistikaya, jurnalistlərə münasibətin dəyişməsi də məni bu fikrə gətirmədi. İndi çevrilib geri baxanda saralmış qəzet səhifələrində təmənna və qərəzdən uzaq məqalələri, müsahibələri, şərhləri, tənqidi yazıları görürəm. Ən başlıcası hər yazının arxasından insanlarla ünsiyyət boylanır. Maddi demək olar ki, heç nə qalmayıb. Qazandığım böyük, mənəvi bir dünyadır. Belə bir dünya üçün isə yaşamağa, işləməyə dəyər”.
“Respublika” qəzetinin bölgə müxbiri, “Oğuz yurdu”nun sabiq əməkdaşı və redaktoru, mərhum R.Amanov isə yazırdı: “Rayon qəzetində işləmək həm çətin, həm də çox şərəflidir. Ötən dövrdə nə qazanmışamsa, jurnalistik peşəmdə hansı uğura nail olmuşamsa orada çalışdığım iyirmi bir illik fəaliyyətimə minnətdaram. Bu gün rəsmi dövlət qəzetinin, “Respublika” qəzetinin bölgə müxbiri işləyirəm. Böyük cəsarətlə deyə bilərəm ki, müxtəlif rayonlardan, müxtəlif sahələrdən materiallar hazırlayanda “Oğuz yurdu”nda qazandığım təcrübə, topladığım güc mənə dəstək olur. Bax, ona görə də o dövrləri jurnalistik fəaliyyətimin canlı tarixi adlandırıram”.
Qəzetin keçmiş əməkdaşı, AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rza(yev) isə söyləyir ki, “Fəxr edirəm ki, mən bu qəzetin əməkdaşı olmuşam, onun yetirməsiyəm. Mənim rayon ictimaiyyəti arasında tanınmağımda və sevilməyimdə, yaradıcılığımın inkişafında, respublika mətbuatına və Azərbaycan ədəbi-ictimai mühitinə yol tapmağımda "Oğuz yurdu”nun əvəzedilməz rolu olmuşdur”.
Redaksiya rayon üçün kadr hazırlanmasında da mühüm rol oynayıb. Bir çox qəzet işçisi redaksiyada yetişdikdən sonra digər sahələrdə irəli çəkiliblər. Onlardan biri də qəzetin sabiq əməkdaşı, sonralar Oğuz RİH-nin başçısı olmuş, mərhum M.Salamov idi. O, qəzetin yubileyi münasibəti ilə təbrikində yazmışdı: “Uzun illər (əlli ilə yaxın) müxtəlif vəzifələrdə müxtəlif kollektivlərdə işləmişəm. Qətiyyətlə deyə bilərəm ki, qəzet qədər insanı öyrədən, səfərbər edən və saflaşdıran ikinci bir iş yeri tanımıram”.
Redaksiyada müxtəlif vəzifələrdə çalışaraq maraqlı yazıları ilə oxucuların diqqətini cəlb edən əməkdaşlar indi də hörmət və ehtiramla yad olunurlar. İnanırıq ki, onlar on ildən, yüz ildən sonra da minnətdarlıqla xatırlanacaqdır.
Onu da deyək ki, 2009, 2014 və 2019-cu illərdə qəzetin 75, 80 və 85 illiyi yüksək səviyyədə qeyd olunmuşdur.
Təəssüf ki, son bir neşə ildir maddi səbəblərdən qəzet öz fəaliyyətini dayandırmışdır.
Halbuki rayonda ənənəvi və ya elektron mətbuata ehtiyac hiss olunmaqdadır.
Arxiv fotosunda: illər öncələrin “Oğuz yurdu”çuları.
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)