Ötən illəri xatırlarkən... – POEMADAN BİR PARÇA

Əlizadə  ƏSƏDOV, Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliklərinin  üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

Ömrümün  7 ilini Astara  şəhər  internat  məktəbində  keçirmişəm. Burada  oxuduğum  illəri  həyatımın  qızıl  illəri  sayıram. Şagirdlər  müxtəlif rayonlardan  gəlsələr də bir-birinə qarşı  isti münasibət,  mehribanlıq  vardı. Ayrı-ayrı  yerlərdən  gəldiyimizə  baxmayaraq  özümüz    bir-birimizə  çox  diqqətli  idik, necə  deyərlər  can  deyib  can  eşidərdik. İndi  bizə  atalıq, analıq  qayğısı  göstərən  müəllimlər, şagird  yoldaşlarımın  bəziləri  həyatda  yoxdur,  lakin  onların  işıqlı  siması  həmişə  gözlərimin  qabağındadır.

Onlarla bağlı poema yazıram və həmin poemadan bəzi sətirləri də bu yazımda oxuculara təqdim edirəm. Bu poema sevimli  müəllimlərimin  əziz  xatirəsinə, hazırda  yaşayan və dünyasını dəyişən şagird  yoldaşlarıma  həsr  edirəm. Beəliklə, həmin poemadan sətirlər. Daha doğrusu kiçik bir parça.

 

Həyat  üz  döndərdi  bizdən  nagahan,

Sığındıq  internat  məktəbinə  biz.

Uşaqdan  böyüyə  hamı  mehriban,

Burda  ötüb  keçdi  yeddi  ilimiz.

 

Uşaqkən  itirdim  atam  İmranı,

Ömrümü  vermədim  əsən  yellərə.

Seçdik  oxumağa  biz  Astaranı,

Tez-tez  qayıdıram  həmin  illərə.

 

Müəllimlər – hərəsi  bir  cürə  yaxşı,

Onlarda  atalıq  qayğısı  gördük.

Olsa  da  həyata  fərqli  baxışı,

Burda  bilik, təhsil  çarçısı  gördük.

 

Sinif  rəhbərimiz  Nuriyyə  xanım,

Analıq  edərdi  hər  birimizə.

Nərimanın  özü    Solmaz  xanım

Əbədi  həkk  olub  ürəyimizə.

 

İngilis  diliydi  Seyranın  fənni,

Coşurdu  həmişə  şairlik  təbi.

Bir  neçə  kitabın  müəllifi  idi,

Şeirdən  doğurdu  hər  bir  mətləbi.

 

Xoşqədəm, Sənubər, bir də ki  Tərlan –

Onların  öz  arzu  dünyası  vardı.

Tələbkar  olsa  da  dərsdə  hər  zaman,

Hamıya  övlad  tək  can  yandırardı.

 

Kamança  çalardı  Aydın  müəllim,

Qalıb  qulağımda  kamanın  səsi.

İlk  təmasdan  onu  sevərdi  hər  kim,

Maraqlı  keçərdi  musiqi  dərsi.

 

Heybətdən  ayrıca  danışam  gərək,

Bizə  dərs  deyərdi  coğrafiyadan.

Köksündə  vururdu  xeyirxah  ürək.

Bizə  əziz  idi  doğma  atadan.

 

Bir  sevgi  nəqş  etdi  ürəyimizə,

Şagirdi  sayırdı  doğma  övladı.

Qəlbinin  yağını  yedirtdi  bizə,

Ona  halal  olsun  Əməkdar  adı!

 

Kamal  müəllimi    unutmaq  çətin,

Tarixi  yeritdi  düz  beynimizə.

Qəlbində  yer  aldı  hər  bir  şagirdin,

Biz  kimik? – Bax,  bunu  tanıtdı  bizə.

 

Sevirdi  idmanla  məşğul  olmağı,

O, boksu  sayardı  gözü  idmanın.

Məndə  o  oyatdı  boksa  marağı,

Deyərdi  boksladır  şöhrətin, şanın.

 

Məktəb  seçilmirdi  bir  ailədən,

Hamımızı  dostluq  birləşdirərdi.

Bir  əsər  yox  idi  umu-küsüdən,

Şagirdlər  can  deyib  can  eşidərdi.

 

İdmanla  caladıq  hər  günü  günə.

Futbolu  sevərdi  çox  hər  birimiz.

Yarışda  həmişə  çıxmaqla  önə,

Qızındıq  “Alov”un  istisinə  biz.

 

“Alov”a  hücumçu  seçdilər  məni

Qapımız  qorundu  Etibar  ilə,

Qoruduq  məktəbin  öz  şərəfini,

Yarışda  qazanan  uğurlar  ilə.

 

Qürurlu, yenilməz  idi  Etibar,

Hünəri  dillərdə  bir  dastan  oldu.

Haqqa, ədalətə  o, bir  bayraqdar,

Lənkəranda  milli  qəhrəman  oldu.

 

Məmməd, Tofiq, Fərhad, Kamil, Qəribxan...

Dost  üçün  az  qala  dağ  aşardılar.

Azadda, Malikdə...  sevgidən  ümman,

Vətən  sevgisini  paylaşardılar.

 

Yayılıb  hər  yerə  məktəbli  dostlar,

Fəqət  başımızı  bəyaz qar  alıb.

Çoxuyla  telefon  əlaqəmiz  var,

Gənclikdən  əsər yox, hamı  qocalıb.

 

Yaş  üstdə  yaş  gəlir  hey  ildən  ilə,

Kaş  məktəb  illəri  qayıda  bir  də.

70-də olsam da,  sözüm  çox  hələ,

məktəb hey yaşayır  xatirələrdə.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.