Sumqayıtda Xəzərə qərənfillər səpildi Featured

İlhamə Məhəmmədqızı,“Ədəbiyyat və incəsənət

 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi  və Sumqayıt Dövlət Rəsm Qalereyasının  birgə təşkilatçılığı ilə nakam taleli şairimiz Mikayıl Müşfiqin anım günü keçirilib.

 

Xatirəsi ürəklərdə olan şairin rəmzi məzarı - Xəzər sakit-sakit dalğalanaraq onu sevənləri qarşılayıb. Tədbir iştirakçıları Xəzərin sahilində, dənizə tər qərənfillər səpiblər.

Tədbir Sumqayıt Dövlət Rəsm Qalereyasının önündə davam etdirilib. Sumqayıtlı peşəkar rəssamlar çəkdikləri rəsm əsərlərini ölməz Müşfiqin əziz xatirəsinə həsr ediblər. Qalereyanın zəngin fondunda, Azərbaycanın peşəkar rəssamlarının əsərləri içərisində Mikayıl Müşfiqin də portreti qorunub saxlanılır. Qonaqlar şairi xatırladan guşə ilə tanış olublar.

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, şair, ədəbiyyatşünas, tərcüməçi,  Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, yazıçı, dramaturq, kulturoloq Hafiz Ataxanlı, şair-publisist İlhamə Məhəmmədqızı, yazıçı- publisist Mənsurə Xələfbəyli, şair, araşdırmaçı Cabir Albantürk, rejissor-prodüsser Etibar Bənnayev, şair Ədalət Əroğlu nakam şairin qısa ömürdə Azərbaycan poeziyasına bəxş etdiyi incilərdən söz açıblar. Həmçinin Müşfiq poeziyasının qüdrəti, yaradıçılığındakı bədii ifadə vasitələrinin, epitetlərin zənginliyi haqqında ətraflı danışıblar.

Polad Həşimov adına 28 saylı məktəbin şagirdləri Mikayıl Müşfiqin şeirlərini səsləndiriblər. Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynli musiqi nömrələri ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.