İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər görkəmli nümayəndə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, yazıçı-jurnalist Natəvan xanım Zahidqızıdır.
Qısa təqdimat:
Məlikova Natəvan Zahid qızı (Natəvan Zahidqızı): 1963-cü ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunda bir sadə və zəhmətkeş ailədə dünyaya göz açıb. 1970-ci ildə Cəlilabad şəhər Nizami adına orta məktəbə daxil olmuş, 1980-ci ildə isə orta məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Orta məktəbdə (V sinifdə) oxuyarkən ədəbi sahədə yazmağa başlamış, əsasən müxtəlif mövzularda bir-birindən maraqlı hekayələri qələmə almışdır. Yazdığı hekayələrin sayı əllidən çoxdur. Lakin evdə olan müəyyən məhdudiyyətlərə görə yazıları gec işıq üzü görmüşdür.
İndiyədək onun sevgi, həyat, vətən, şəhidlər və s. mövzularda qələmə aldığı bir çox maraqlı hekayələri rayon və respublika səviyyəsində çap olunmuş, "Sözün işığı", "Yurd", "Kredo", "Bütöv Azərbaycan" və s. bu kimi müxtəlif qəzet, jurnal və internet portallarında yayımlanaraq oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Natəvan xanım yazıçı-publisist olaraq "Yurd" ədəbi-bədii, elmi-publisistik jurnalının xüsusi müxbiridir. Ədəbi-bədii və ictimai-mədəni sahələrdə göstərdiyi səmərəli fəaliyyətinə görə bir sıra təşkilat və mətbu orqanlar tərəfindən "Xarıbülbül", "Sənətkar", "Ədəbiyyat Adamı", "İlin vətənpərvər yazarı" və "Sənətkar yazar" media diplomları və təşəkkürnamələri ilə təltif olunmuşdur.
Ədəbiyyat sahəsində "Natəvan Zahidqızı" imzası ilə çıxış edən və tanınan bu dəyərli yazıçı həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir.
Məlumat üçün qeyd etmək lazımdır ki, Natəvan xanım Məlikovanın qələmi ilə yazılmış və əziz şəhidlərimizə həsr edilmiş 456 səhifəlik "Sonsuzadək yaşayanlar" adlı ilk kitabı da son illərdə işıq üzü görmüşdür. O, həmin kitabda Vətən Müharibəsi zamanı canını Vətən və Dövlətçilik uğrunda qurban vermiş şəhidlərdən bir qismi barədə məlumatlar toplayaraq təqdim etmişdir. Kitabda adları keçmiş 19 şəhiddən 9-u Cəlilabad rayonundandır.
Natəvan xanımın qələmə aldığı hekayələr bir-birindən maraqlı olsa da onun şəhidlərimiz barədə yazdığı həyat hekayələri olduqca təsirli və maraqlıdır. O, canını vətən uğurunda qurban vermiş əziz şəhidlərimizlə bağlı yazdığı hekayələri sanki öz doğma övladı barədə yazdığı kimi qələmə alır və ürəkdən yazdığı hekayələr də səmimi olan dinləyicinin qəlbinə yatır. Sözün həqiqi mənasında onun bu qəbil hekayələrini göz yaşları axmadan oxumaq olmur. Bununla bağlı onun "Arzusuna qovuşan Səyyad" adlı hekayəsini xüsusilə göstərmək olar.
Natəvan xanımın bu qəbil hekayələrinin digər önəmli xüsusiyyəti həmin hekayələrin qısa olmasına rəğmən sanki böyük bir roman və povestin yetirəcəyi məfhumu oxucuya çatdırmasından ibarətdir...
Son olaraq doğma elimizin tanınmış yazıçı-jurnalisti Natəvan xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(04.06.2025)