İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Aslanov Əbülfət Şəmməd oğlu 1913-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonun Muxas kəndində anadan olmuşdu. Orta təhsilini tamamladıqdan sonra əvvəlcə Şəki Pedaqoji Texnikumunda, sonra isə keçmiş APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsində təhsil almışdı.
Pedaqoji fəaliyyətə texnikumu bitirdikdən sonra başlamışdı. Bir müddət məktəb direktorü və keçmiş rayon partiya komitəsində məsul vəzifədə işləmişdi.
1951-ci ildə Vartaşen Rayon Xalq Maarif Şöbəsinə (RXMŞ-nə) müdir təyin olunmuşdur. 28 il bu vəzifədə işləmişdir.
Pedaqogika üzrə fəlsəfə doktoru ADPU-nun Şəki filialının direktorunun elmi işlər üzrə müavini Nuralı Çələbiyev deyir ki, mən Əbülfət müəllimin zamanında işləməmişəm. Ancaq haqqında çox müsbət fikirlər eşitmişəm. Hamı onu təhsil təşkilatçısı, rəhbər işçi kimi çox tələbkar, qurucu, fədakar bir insan kimi tanıyır. Xatirəsi indi də qədirbilən insanların qəlbində yaşayır.
Ə.Aslanovun rəhbərliyə ilə Oğuzda təhsilin inkişaf etdirilməsinin uğurlu dövrü başlanmışdır. Artıq 50-ci illərin sonunda rayonda ibtidai, ümumi orta və orta məktəb olmaqla 34 məktəb mövcud idi. Bu məktəblərdə 3536 nəfər şagird təhsil alırdı. Orta məktəbdə oxuyanlar bütün şagirdlərin 51,2 %-ni təşkil edirdi. Bu illərdə onlarla yeni təhsil müəssisələri açılmış, yeni sinif otaqları tikilmiş, maddi-texniki baza xeyli yaxşılaşdırılmışdı. Məsələn, 1959-cu ildə məktəblərdə cəmi 10 fizika, 4 kimya, 4 biologiya kabineti vardısa, 1976-cı ildə məktəblərdə 26 fizika, 27 biologiya, 27 kimya, 22 dil-ədəbiyyat, 15 riyaziyyat, 23 tarix, 20 coğrafiya və 7 xarici dil kabinet və laboratoriyaları fəaliyyət göstərirdi və s. Ə.Aslanov hələ keçmiş “Lenin bayrağı” (indiki “Oğuz yurdu”) qəzetinin 01 sentyabr 1973-cü il tarixli sayında dərc olunmuş “Vəzifələrimiz aydındır” adlı məqaləsində yazırdı: “İndi 13 orta və 13 səkkizillik məktəblərdə hər cür əyani vəsait və avadanlıqla təmin olunmuş yaraşıqlı divar çkafları olan kimya-biologiya, fizika, dil-ədəbiyyat, riyaziyyat, tarix-coğrafiya və s. fənn kabinetləri yaradılmışdır… məktəblərdə kifayət qədər texniki vəsait vardır. Müəllimlərimiz maqnitofon, filmskop, televizor, elektrofon və s. texniki vəsaitlərdən səmərəli istifadə edə biləcəklər”.
Əbülfət müəllimin bu illərdəki fəaliyyəti onun bacarıqlı, qabiliyyətli əsil təhsil təşkilatçısı, gözəl müəllim, səmimi və xeyirxah insan olduğunu sübut edir. Oğuzun tanınmış ziyalılarından Emin Əzimli öz xatirələrində qeyd edir ki,“Əbülfət Şəmməd oğlu Aslanov Oğuz təhsilinə öz möhürünü vurmuş müəllimlərdən, səriştəli rəhbərlərdən idi. Onun maarif naziri Mehdizadə ilə isti münasibətləri rayonda təhsilin inkişafına layiqli töhfəsini vermişdi. Əbülfət müəllim sözünü deməyi bacaran, sözü eşidilən kişilərdən idi. Onun rəhbərlik etdiyi dövrdə təhsilimiz respublikada qabaqcıllar sırasında olmuş, dəfələrlə kecici qırmızı bayraqlara, pul mükafatlarına layiq görülmüşdü. Yeri cənnət olsun”. 1977-ci ildə Maarif naziri M.Mehdizadənin Oğuza gəlməsi, rayonun təhsili və onun problemləri ilə maraqlanması, Oğuz şəhərində tikilməkdə olan 1176 yerlik məktəb binasında işlərin gedişi ilə tanış olması da həmin səmimi və işgüzar münasibətlər sayəsində baş tutmuşdu.
1977-1978-ci illərdə rayonda hamılıqla orta təhsilin, demək olar ki, başa çatdırılması da Əbülfət müəllimin rəhbərliyi və təşkilatçılığı ilə reallaşmışdı. Həmin illərdə Oğuz məktəblərinin bütün dərəcələr üzrə artım respublika səviyyəsinə yaxın olmuş, hətta bəzi göstəricilərə görə onu ötüb keçmişdi.
Əbülfət müəllim məktəblərin ixtisaslı kadrlarla təmin edilməsini təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində əsas amillərdən hesab edirdi. Onunla eyni dövrdə işləmiş, tanınmış təhsil işçilərindən olan K.Əhmədov söyləyir ki, o çox maarifpərvər adam idi. Mənim işə qəbul əmrimi də Əbülfət müəllim verib. O vaxt kənd yerində işləyən müəllimləri hərbi xidmətə aparmırdılar. Lakin mən ərizə ilə müraciət etdim məni şəhər məktəbinə dəyişin ki, hərbi xidmətə gedim. Mənə zarafatla dedi ki, ay oğul, orada (Calud kəndində) işləmək hərbi xidmətdə olmaq kimi bir şeydi, get işlə.
Ə.Aslanov təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşar, həmişə onların problemlərinin həllinə kömək göstərərdi. Keçmiş təhsil işçisi, AYB-nin üzvü, şair-tədqiqatçı R.Rza(yev) həmin günləri xatırlayaraq yazır: “Əbülfət Aslanovu hörmətlə xatırlayıram. Qayğıkeş, alicənab, sözükeçərli, təşkilatçı, nüfuzlu bir insan,pedaqoq, şəxsiyyət idi. 1974-cü ilin sonunda mən APİ-nin filologiya fakültəsinin birinci kursunda qiyabi oxuyanda Rayon Xalq Maarif Şöbəsində filmoteka müdiri vəzifəsi boşalmışdı. Orda işləmək üçün Rayon Partiya Komitəsinin lll katibinə müraciət etdim. Katib: “Qəti olmaz”,- dedi. Dedi ki, qiyabiçi tələbə üçüncü kursu qurtarandan sonra dərs deyə bilər, filmoteka müdirliyi isə heç olmaz, o, məsul vəzifədir. Boynumu burub RXMŞ-ın qabağında durmuşdum. Dedilər ki, Əbülfət müəllimlə görüş. Görüşdüm, fikrimi bildirdim. Əbülfət müəllim telefonda lll katiblə yarım saat mübahisə etdi. O dedi olmaz, bu dedi olar, yetim oğlandı, şagirdim olub, kömək edəcəyik, işləyəcək. Katibin son "olmaz" sözündən sonra, Əbülfət müəllim telefon dəstəyini qoyub bir dəqiqə xəyala daldı. Sonra dedi ki, oğul, get ərizəni yaz ver katibəyə, əmrini al, təhvil-təslim olsun, işlə... Hamı məəttəl qalmışdı ki, mən necə işə düzəlmişəm... 5 il Əbülfət müəllimlə işlədim. Həmişə qayğıma qalırdı. Mənə pionerlər evində dərnək, qiyabi məktəbdə yarım ştat dərs, internatda qalmağa otaq (o vaxt hər gün kəndimizə gedib gəlirdim) da verdirdi. O, tək mənə yox, bütün müəllimlərə dayaq durar, qayğıkeşlik edərdi. Onun dövründə heç bir müəllim milisə, prokurorluğa düşməzdi, nüfuzu, sözü keçərli idi... Allah Əbülfət müəllimə rəhmət eləsin! Məkanı cənnət olsun!”
Onun pedaqoji sahədə səmərəli fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. Əbülfət müəllim Əməkdar müəllim fəxri adına, “SSRİ Maarif Əlaçısı” döş nişanına layiq görülmüş, respublika və ümumittifaq müəllimlər qurultayının nümayəndəsi olmuşdur.
Ə.Aslanovun müdir olduğu illərdə RXMŞ-si dəfələrlə fəxri fərman, diplom, pul mükafatı, keçici Qırmızı bayraq almışdır.
Ə.Aslanov 1979-cu ildə vəfat etmişdir. Onun xatirəsi bu gün də qədirbilən oğuzlular və Oğuz müəllimləri tərəfindən hörmət və ehtiramla yad olunur.
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)