İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər nümayəndə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, eyni halda Cəlilabad rayonunun I Qarabağ Savaşı zamanı cəbhə xəttinə yollanmış ilk xanım jurnalisti olan pedaqoq, şair, yazıçı-publisist Nigar Həmidlidir.
Qısa təqdimat:
Həmidova Nigar Əmir qızı (Niğar Həmidli): 10 aprel 1954-cü ildə Cəlilabad rayonun Ocaqlı kəndində anadan olmuşdur. Ocaqlı kənd orta məktəbini bitirdikdən sonra həmin məktəbdə əmək fəaliyyətinə başlamış, 1987-ci ildə N.Tusi adını ADU-nu (keçmiş APİ) bitirmişdir.
Qarazəncir kənd 2 saylı orta məktəbdə əvvəlcə müəllim, sonra isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.
20 Yanvar faciəsindən sonra 1991-ci ildən "20 Yanvar" Cəmiyyətinin rəsmi orqanı olan "20 Yanvar" qəzetində müxbir işləmiş, 1992-ci ildə bu qəzetin xüsusi müxbiri olaraq Şuşa, Laçın və Qubadlı bölgələri üçün xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir.
1993-cü ildə "İki sahil" qəzetinin müxbiri işləmiş, Şuşanın işğalı günündə və sonrakı dövrlərdə səngərlərdən hazırladığı reportaj, müsahibə və məqalələri müntəzəm olaraq dövrü mətbuatda dərc edilmişdir. Bundan əlavə "Qarabağ", "Şuşa" və "Azadlıq yolu" qəzetlərində də, müxbir kimi çalışmış, 2001-2019-cu illər ərzində Abşeron rayonunda yerləşən Laçın rayon 11 saylı orta məktəbdə coğrafiya müəllimi işləmişdir. Əldə etdiyi uğurlara görə dəfələrlə Təhsil şöbəsi və məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
O, I Qarabağ Müharibəsi zamanı rəsmi olaraq jurnalist kimi döyüş meydanlarında olmuş və I Qarabağ Savaşının həqiqətlərini şəxsən müşahidə edərək qeydə almışdır. 1992-ci ilin aprel ayının 3-dən may ayının 8-ə kimi Şuşa şəhərində olmuşdur. Bununla da, Cəlilabaddan cəbhə bölgəsinə gedən ilk jurnalist xanım kimi tarixə düşmüşdür.
Onun müharibədə şəxsən müşahidə etdikləri, eləcə də, şəhidlərimiz və qazilərimizlə bağlı yazıb yaratdığı bir neçə cildlik bədii və xronoloji əsərləri bu günədək işıq üzü görməmiş və şəxsi arxivində qalmaqdadır.
Niğar Həmidli Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür. Dövri mətbuatda, xüsusilə də, "20 Yanvar", "Şuşa", "Aydınlıq", "İki sahil", "Meydan", "Millət", "Ordu", "Azadlıq", "Ədalət", "Vətən səsi", "Səhər", "Ədəbiyyat və incəsənət", "Son soz", "525-ci", "Veteran", "Şimali Azərbaycan", "Azad Azərbaycan", "Azərbaycan", "Sirlər xəzinəsi", "Mənlik" və "Sərhəd" qəzetlərində müntəzəm olaraq müxtəlif mövzularda 200-dən artıq məqalə və yazıları dərc olunmuşdur.
Bir sıra şeirləri və Qarabağ Savaşının həqiqətləri ilə bağlı müxtəlif hekayələrindən əlavə, həm də "Cəlilabad şəhidləri" adlı kitabı onun işıq üzü görmüş ilk kitabıdır.
Həyat yoldaşı Ramazanov Sədyar ilə bərabər Qarabağ müharibəsi veteranıdır. Həyat yoldaşı ilə bərabər Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzulı və Beyləqan bölgələrində döyüş yolu keçmişdir.
Onların evlilik həyatından 2 övladı dünyaya gəlmişdir. Oğulları Ramazanzadə Dəyanət Sədyar oğlu hərbiçi və müharibə qazisidir. R.Dəyanət C.Naxcıvanski adına Hərbi Liseyi, sonra H.Əliyev adına Hərbi Akademiyanı bitirmişdir. Baş leytenant hərbi rütbəsinə malikdir. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Müharibədə yaralandıqdan sonra hərbidən tərxis olunmuş və hal-hazırda müalicə alır. Qızları Ramazanlı Lamiyə Sədyar qızı isə Bakı-Türkiyə Anadolu Liseyini bitirmiş, eyni halda "Manas" Qırğızıstan-Türkiyə Universitetinin məzunudur. İngilis, rus, qirgiz və türk dillərini bilir.
Niğar xanımın həyat yoldaşı baş leytenant Sədyar Ramazanov I Qarabağ Müharibəsinin iştirakçı olmaqla yanaşı həm də, müharibədə rəşadət göstərmiş I qrup əlil idi. O, döyüşdə aldığı kəllə-beyin tramvası nəticəsində 2024-cü ilin iyul ayının 20-də dünyasını dəyişmiş və əbədiyyətə qovuşmuşdur.
Doğma elimizin bu fədakar xanımı hələ orta məktəb illərində bədii ədəbiyat və poeziya sahəsinə maraq göstərmiş və müxtəlif mövzularda şeirlər qələmə almışdır. Lakin həmin şeirləri özündə yazılı formada saxlamış və çap etdirməmişdir. Müharibədə əldə etdiyi tarixi sənədlər isə arxiv kimi saxlanılır.
Bədii ədəbiyyat nümunələri:
Burada onun qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış oluruq:
Arxam dayağım, vətən sevdalım,
Namərd gülləsinə sinə gərərək
Qorudun vətəni öz anan kimi,
Qeyrərlə, namusla bir övlad kimi.
Heyf Qarabağda səhid olmadın,
Sən də haqsızlığın qurbanı oldun.
Sapı özümüzdən olan baltalar,
Qeyrətli qazini baltaladılar.
Nigar Həmidlinin ömür-gün yoldaşı baş leytenant mərhum Sədiyar Ramazanova həsr etdiyi digər poeziya nümunəsi isə belədir:
Qəlbimdə yurd salmısan,
Bu boyda, bu bicimdə.
Şəklini həkk etmisən,
Gözlərimin içində.
Firlanan dünya kimi,
Fikirlərim dolaşır.
Axtarıram mən səni,
Alınmaz qalalarda.
Düşmən tankının üstə,
Arxam, dayagım idin.
Güllələrin altında,
Necə də, xoşbəxt idik.
Sən vəfasız deyildin,
Nədən küsdün, incidin?
Bir söz belə demədən,
Əbədilik tərk etdin.
Son olaraq doğma elimizin tanınmış jurnalisti, şair və yazıçı-publisisti sayılan Nigar xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(27.05.2025)