Oğuzda “Sağlam ailə - sağlam cəmiyyət” adlı tədbir keçirilib

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Birləşmiş Millətlər təşkilatının qərarı ilə 15 May bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.

Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli – mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir.

 

Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli – mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim önəm vermişdir. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir, bu siyasət sağlam və intelektual nəslin formalaşmasına xidmət edir.

Artıq 17 ildir ki, 15 may Ailə günü kimi Azərbaycanda da yüksək səviyyədə qeyd edilir. Hər il olduğu kimi bu il də Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə 15 may tarixində “Sağlam ailə - sağlam cəmiyyət” başlıqlı tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda şirin canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin salahiyyətli nümayəndəsi Əhmədov Ehsan, Şəki Zaqatala Regional Gənclər və İdman ldarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov, baş məsləhətçi Aytən Daşdəmirova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Oğuzlu şair-tədqiqatçı Yusif Rzayev və xanımı Tahirə Rzayeva, Oğuzlu yazar Şükufə Ruhlu, Oğuz Rayon Mədəniyyət Mərkəzinin mədəni-kütləvi tədbirlərin təşkilatçısı Mirməhəmməd Malıyev, Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları və oxucular iştirak edib.

Tədbirə 52 il birgə ömür sürmüş, Oğuz rayonunda nümunəvi ailə kimi tanınmış Rzayevlər ailəsi dəvət olunub.

Rzayev Yamən Kamil oğlu – 01 yanvar 1948-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Filfillli kəndində anadan olub.

Rzayeva Nuriyyə İdris qızı - 05 noyabr 1955-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Ərmənət kəndində anadan olub.

Onlar 1973-cü ildə ailə həyatı qurublar. 3 övlad, 4 nəvə sahibidirlər.

Tədbirlərdə çıxış edən uzunömürlü ailələrin nümayəndələri və digər qonaqlar keçdikləri maraqlı həyat yolundan danışıb, gənclərə maraqlı məsləhətlər veriblər. Uzunömürlü ailənin sirrinin qarşılıqlı hörmətdə, sevgidə, anlayışda olduğunu, birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd ediblər. Tədbirdə kitabxananın əməkdaşlarının və şairə Şükufə Ruhlunun təqdimatında Vətənə, ailəyə, sevgiyə aid şeirlər söylənilib, musiqili qonaq Mirməhəmməd Malıyevin ifasında mahnılar səsləndirilib. Maraqlı və səmimi ortamda keçən tədbirin sonunda MKS-nin direktor əvəzi Ruziyə Ağababayeva ailəyə hədiyyə təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

 

                                                                                          

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.