Azərbaycan Ermənistanı BMT miqyasında növbəti dəfə ifşa etdi, İrəvanın dezinformasiya ilə məşğul olduğunu bütün dünyaya göstərdi.
Bunu AzərTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Ermənistan həmin iclasda nəinki öz yalanını həqiqət kimi sırıya bilmədi, həm də tam mənada ifşa olunaraq ağır diplomatik məğlubiyyətə uğradı: “BMT-nin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı ermənilərin blokada şəraitində yaşaması, bölgədə humanitar fəlakətin baş verməsi ilə bağlı uydurma iddialar səsləndirən, bu yalanları sübut etmək üçün heç bir ciddi arqument tapa bilməyən Ermənistan Azərbaycanın dəmir məntiqi qarşısında darmadağın oldu. Azərbaycan sübut etdi ki, İrəvan məqsədli şəkildə beynəlxalq ictimaiyyəti aldatmağa, onları Azərbaycan əleyhinə fəaliyyətə sövq etməyə çalışır. Rəsmi Bakının diplomatik çevikliyi, ortaya qoyduğu çoxsaylı və inkaredilməz faktlar erməni yalanını ifşa etdi, İrəvanın özünü beynəlxalq qınaqla üz-üzə qoydu. Bu iclasın nəticəsi Prezident İlham Əliyevin liderlik etdiyi Azərbaycan diplomatiyasının növbəti zəfəri və təntənəsi oldu.
Təhlükəsizlik Şurasında əldə etdiyimiz bu qələbə göstərdi ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də qüdrətlidir və məğlubiyyət tanımır.
Ermənistan Azərbaycanın bu zəfərindən dərs çıxarmalı, yalanlardan, manipulyasiya siyasətindən imtina etməli, təxribatlardan əl çəkməlidir. Əks halda, bu siyasət Ermənistanın özünün mənəvi-psixoloji mənada sivil dünyadan təcridi, hər mənada təklənməsi ilə nəticələnəcək”.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)