Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Bir beçə ildir ki, DİM imtahan komissiyası jurnalistika şöbəsinə imtahan verənlərin yazılarını yoxlamaq üçün bizi imtahan komissiyasına dəvət edir. Biz də böyük məmnuniyyətlə bu dəvəti qəbul edib gedirik.
Ötən il jurnalistika fakultəsinə sənəd verənlərin əksəriyyəti "Jurnalist binasından ev almaq istəyirik" arzusunu dilə gətirmişdilər. Daha bilmirlər ki, əslində jurnalist olmaq üçün bu arzuda olanın fəhmi, ilahi vergisi və yaza bilən qələmi olmalıdır. Jurnalistin məqsədi yazmaq və hər şeyi ayna kimi göstərmək olmalıdır. Nə yazıqlar olsun ki, bu gün bizim çoxumuzun yerini tutan psevdo juranalistciklər sayta 30 informasiya yerləşdirməklə qeydiyyatdan keçib MEDİA Agentliyinin tam hüquqlu mənsubu ola bilirlər, halbuki onların bəziləri heç öz tərcümeyi-hallarını belə yaza bilmirlər. Aralarında elə sayt rəhbərləri bizim şərəfli adımızı şərəfsizcəsinə daşıyanlar var ki, yumurta-toyuq davası edirlər. Hər hansı bir broyler fabrikində fabrikin direktoru bir "zurnaçı trol”ciyəzə 1 qutu yumurta və iki toyuq verirsə, digərinə 4 toyuq və 2 qutu yumurta verirsə, bax onda bu iki nəfərin arasında intriqa başlayır... "A... necə yəni sənə məndən çox toyuq verib... Yaxşı... bundan sonra görsün ki, onun başına nə oyun açacağam...”
Onların arasında bir tort, bir dəstə gül davası edənlər də var... Nə yazıqlar olsun ki, bu qırmızı "troll paçalar" ucbatından əsil jurnalistlər qalır kənarda və onlar əsl jurnalistlərə meydan sulayır. 1 ilə bahalı maşın alıb sürürlər... O qədər oyunlardan çıxırlar ki…
Jurnalist olmaq istəyən abituriyentlərin yazılarını oxuyanda, onların yazdıqlarından necə jurnalist ola biləcəkləri bəllidir. Şəxsən mən onların heç birinə yüksək bal yazmamışam.
Bu dəfə bir günə 15 yazı oxudum. Və oxuduğum birinci yazı məni titrətdi: Mövzu: “Uğurlu insan olmaq nə deməkdir?"
1.“Bir uğur əldə etmək yoluna girəndə çəkinmə. Uğurlu insanlar da güclü insanlardırlar, amma məğlubiyyət qəbul etmədiyi müddətdə”.
2.“Həyatda özünə etdiyin ən böyük yaxşılıqlarındır sənin uğurların”.
3.“Hər şey beyində başlayır, beyində də bitir”
Bu mövzunu yazanın oğlan və ya qız, neçə yaşında olmasını bilməsəm də, 2 səhifə yarım yazısında 5-6 dənə belə uğurlu cümlə var idi. Yazı tərzi də bişmiş bir qələmi olan gənc jurnalisti xatırladırdı.
Daha bir yazı babat idi. Yönləndirən olarsa, ondan jurnalist ola bilər. Verilən digər mövzularda yazılan qalan 13 yazı isə bərbad idi. Bu abituriyentlər ədat, isim, fel, heç bir qrammatik qayda tanımırlar, onların heç birinin mütaliəsi yoxdur. Görün abituriyentin biri nə yazıb:
“Bir insan bu dünyada yaşayırsa, bu insanın mütləq bir işi düz gətirməyə bilər, bu o demək deyil ki, demək həyat bitti, və yaxud da bu həyata əlvida. Umummiyyətlə heç bir canlı bu ifadəni işlətməməlidir...”.
"həyat bitti" - bitti??? Bəlkə bitdi?
heç bir canlı bu ifadəni işlətməməlidir"... - yəni it-pişik də, ağac da? Bəlkə insan?
Belə səhvlər o yazılarda o qədər çox idi ki... Ədəbiyyat, jurnalistika fakultəsinə imtahan verənlər -da, -də, -ki şəkilçilərinin işlədiləcək yerlərini bilmirlər. Absaz tanımırlar.
Bu bədbəxtlikdir, bu faciədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, niyə məktəblərdə uşaqları ədəbiyyat kitabları ilə yükləmirsiniz, niyə bu uşaqlar oxumağı və yazmağı bacarmırlar? Belə deyirlər ki, məktəblərdə inşa və ifadə yazmaq, yoxlama işi yazmaq proqramdan çıxarılıb. Bu nə fəlakətdir? Niyə bu uşaqları bədbəxt edirsiniz? Axı dərindən yazıb oxumağı bacarmayan bu yetirmələrimiz sonra, bu dövlətdə məmur, nazir olurlar. Əksər hallarda da belə oxumağı-yazmağı bacarmayanlar gəlib yüksək kreslolarda otururlar.
Ötən il Bakı şəhər təhsil şöbəsinin bir qrup direktor və müəllim heyəti Finlandiyaaya təhsil təcrübəsini öyrənməyə getmişdilər. Oradan qayıdandan sonra gördükləri nəyi tətbiq etdilər? Dünyanın heç bir yerində imtahanlarda tələbələr, dövlət imtahanı verənlər Azərbaycandakı kimi əziyyət çəkmir. Bizdə imtahan verib iş axtaranları İsa kimi çarmıxa çəkirlər.
Lap elə götürək juranlist olmaq istəyənlərə bu dəfə lototrondan çıxan mövzular. O nə mövzudur ki? Jurnalist olmaq istəyənlərin də hamısı ağıllarına gələni yazıb, vərəqləri mənasız sözlərlə doldurmuşdular.
Bizə dünyanın inkişaf etmiş ölkələrində, Finlandiyada, lap elə yaxınlığımızda olan Qazaxıstandakı təhsil sistemini gətirin. Bizim uşaqlara kitab oxutmalıyıq. Kitab , ədəbiyyat oxumayan insan cəmiyyətdə formalaşa bilmir. Yalnız tiktokun, instaqramın əsiri olub qalır.
Təhsilimiz xəstədirsə, millətimniz, dövlətimiz xəstədir. Bu reanimasiyadan təhsilimizi xilas edək!
Sonda isə onu demək istəyirəm ki, yuxarıda birinci yazısından misal gətirdiyim abituriyent, əgər bu yazımı oxuyacaqsansa, özünü tanıt bizə. Sənə 10 bal yazdım. Sənin işığın bizim işığımızdır. Bir uşaq, bir tələbə, bir idmançı gözəl nəticə, uğur qazananda buna sevinirəm. Çünki bu, Vətənimin adına yazılır.
O ki, qaldı jurnalistikamıza, qəzetçiliyimizə… İnanıram ki, jurnalistikamızı bu ağlamalı günə qoyanları nə vaxtsa bir ələkdən keçirən tapılacaq. Ələyin altına gedənləri deyil, üstündə qalanları götürək. Çünki juranalistikamızı ot-ələf basıb.
Biz yenidən yer belləyib, torpaq şumlayıb jurnalistikamız üçün əkinçilik etməliyik, toxum səpməliyik.
Nə olar, jurnalistikamızı onun dəyərini bilənlərə verin, copy-paste edənlərə deyil, araşdırma aparanlara yol verin, meydan verin.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)