Rəşad Məcid: “Bir belə xılt, qərəz, qəzəb hardandır?” Featured

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcidin son vaxtlar sosial şəbəkələrdə tanınmış insanlara qarşı qarayaxma kampaniyasına münasibətini diqqətinizə çatdırır. 

 

 

Havanın hədsiz  istiliyindənmi, ya nədəndirsə, son günlər sosial şəbəkələr, elə onların ən təmkinlisi feysbuk da çox qəddar və amansız olub. Bir damcı məsuliyyət, soyuq ağıl, normal düşüncə, həssaslıq, mərhəmət, empati duyğusu qalmayıb.

Hamı ancaq kin, nifrət üstə köklənib ölkənin dəyərli adamlarını aşağılamağa, təhqir etməyə fürsət gəzir.

Aşağılıq duyğusudurmu, kompleksdirmi, uğursuzluqdan doğan hikkədirmi bu?!  Bir belə xılt, qərəz, qəzəb hardandır?

Qurban Qurbanov, Məleykə Abbaszadə, Rasim Balayev, Ramiz Rövşən…

Yalnız son bir neçə gündə sosial şəbəkə xurafatına hədəf olan, aqressiyaya tuş gələn insanlarımızdır bunlar.

Bu insanların hərəsi öz sahəsində böyük xidmətlər göstərən, ehtirama və hətta təzimə layiq şəxsiyyətlərdir. Belə dəyərləri aşağılamaqdan necə zövq almaq olar?! Necə özünə rəva görüb , haqqın çatdı- çatmadı, ünvanlarına hərzə-hədyan demək olar?!

Hansı mənəvi keyfiyyətlərə sahib olmalısan ki, belə dəyərləri aşağılayasan?!

Obyektiv mövqeli, ağıllı insanların haqlı etirazları bu axının içində sısqa və zəif təsir bağışlayır.

Sosial medianın, burda hər an içinin xıltını tökən insanların durulmağa, təmizlənməyə, normal düşüncə məcrasına dönməyə ehtiyacı var.

Sosial media ictimai məkandır, burda fəaliyyət mənəvi ölçülər,  məsuliyyət və ən azı elementar mədəniyyət tələb edir. Gərək bunu unutmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.