Cənub qonşumuzla bağlı həssas məqam Featured

İRANI NƏ GÖZLƏYİR?

 

 

Təbii ki, mədəniyyət portalının mövzusu mədəniyyət olar. Amma elə siyasi və iqtisadi məqamlar var ki, onlar hər şeyi, o cümlədən də mədəniyyəti nizamlayır. “Ədəbiyyat və incəsənət” portalı İranla bağlı istənilən məsələni gündəmdə saxlayır. Bu dəfə sizə son hadisələrin və onlardan doğan mülahizələrin xülasəsini təqdim edəcəyik. İranı hansı təhlükə gözləyir və biz bundan hansı dividendləri götürə biləcəyik?

 

 

İndiki İranda bütün baxımlardan qanuni olan Qacarlar sülaləsi xarici qüvvələrin birbaşa iştirakı ilə süquta uğradılıb. Sülalənin sonuncu şahı Əhməd Qacar olub. Yeri gəlmişkən, Qacarlar sülaləsi 1795-1925-ci ilədək hakimiyyətdə olub. Bu sülalənin davamçıları hazırda Fransada yaşayır. 2011-ci ildən sülalənin başçısı hazırda Soltan Məhəmməd Əli Mirzədir.

 

Əslində, Qacarlar devrildikdən sonra bu ölkənin rəhbərliyi xaricdə az qala təyin edilməyə başlayıb. Böyük Britaniya 1925-ci ildə taxt-taca Rza Pəhləvini (Savadkuhi) gətirib. Həmin vaxtdan ölkənin həyati əhəmiyyətli məsələlərini, o cümlədən rəhbərlərini Qərb dövlətləri, xüsusilə ABŞ və Böyük Britaniya müəyyənləşdirib. Elə İkinci Dünya müharibəsinin gedişində faşist Almaniyası ilə əlbir olduğu üçün ABŞ və Böyük Britaniya Rza Pəhləvinin yerinə oğlu Məhəmmədrza Pəhləvini gətirib. Ayətullah Xomeyni sürgün ediləndə ona sığınacağı da Qərb dövlətləri verib. O, bir neçə il Fransada mühacirət həyatı yaşayıb. Xomeyninin hakimiyyətə gəlməsi də bu blokun xeyir-duası ilə baş verib.

Hazırda İranda hakimiyyətin etibarlılıq və istifadə müddəti başa çatmış görünür. Maraqlı dövlətlər də, İranın ictimai-siyasi fəal vətəndaşları da indiki rejimə alternativ axtarır. Çünki 1979-cu il inqilabında "Kim gəlir, gəlsin, şah getsin" prinsipi pəhləvilər dövründəki zülmə və işgəncələrə, məhrumiyyətlərə son qoymaqdı. Alternativsiz, yəni hazırlıqsız yanaşma teokratik adlanan rejimin 44 il hakimiyyətdə qalmasına səbəb olub.

İndi yenə sual yaranıb: Hakimiyyətə hansı qüvvə və ya qüvvələr gələcək (gətiriləcək)? Hər halda mövcud vəziyyətə əsasən onları belə təsnif etmək olar:

1.Hakimiyyətdaxili islahatçı sayılanlar (keçmiş prezidentlər, "Yaşıllar hərəkatı"nın davamçıları və məmurlar da bura daxildir),

2.Yarımleqal demokratlar (müsəddiqçilər, Milli Cəbhə və s. ),

3.Xalq Mücahidləri Təşkilatı,

4.Pəhləvilər, yaxud monarxistlər (şahçılar).

Bu arada, müxalifətdə bunları qəbul etməyən milli demokratlar var. Ancaq hadisələrin gedişi göstərir ki, beynəlxalq ictimaiyyət, Qərb bloku hələ bu istiqamətə ağırlıq vermək niyyətində deyil. Odur ki, bu dörd qrupla bağlı məsələ daha çox diqqət mərkəzindədir.

Hakimiyyətdaxili qüvvələr daha çox post Xamənei dövrünə hazırlaşır. Ona görə də arxasında əsasən İnqilab Keşikçiləri Qvardiyası (Sepah) dayanan hakimiyyətdaxili mühafizəkar sayılan qüvvələr bu dörd istiqamətə qarşı mübarizə aparır. Məsələn, keçmiş Baş nazir, "Yaşıllar"ın lideri Mirhüseyn Musəvi Təbrizi, parlamentin keçmiş sədri Mehdi Kərrubi ev dustağıdır. Bir neçə il əvvəl vəfat etmiş Əliəkbər Rəfsəncani də daxil olmaqla keçmiş prezidentlər Məhəmməd Xatəmi, Mahmud Əhmədinejat, Həsən Ruhani də Sepaha və mühafizəkarlara bağlı media tərəfindən kəskin tənqid olunurlar. Keçmiş məmurlar, o cümlədən prezidentlər barəsində cinayət işi başlanılır və onlar həbslə hədələnirlər. Xamənei başda olmaqla mövcud hakimiyyətin bütün resursları müxalifət sayılan dörd qüvvəyə qarşı mübarizə aparır. Nə qədər təzadlı olsa da bu qruplar bir-birinə qarşı olub, yaxud indi də hələ bir-biri ilə barışmaz sayılır. Ancaq bu yerdə bir suala cavab vermək vacibdir: Onlar birləşə bilərmi? Yaxud onları birləşdirən başlıca amil nə olar? Fikrimizcə, bu qüvvələrin siyasi ideologiyasının əsasını irançılıq və farsçılıq təşkil edir. Bu baxımdan həmin qüvvələr İranı və panfarsçı düşüncəni xilas etmək üçün birləşə bilər. Bu zaman onlar fars olmayan bəzi etnik qrupların dil haqqını verəcəklərini boyun olmaqla siyasi səhnəni, mənzərəni rəngarəng edərlər. Bu qüvvələrdən aparıcı olmağa ən şanslısı hansı sayılır? Qərbin, yəni beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi siyasi qüvvə müxalif hərəkata liderlik edəcək.

Son aylar Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi və ətrafı daha aktiv görünür. Onlar Avropa ölkələrində aksiyalar keçirirlər. ABŞ-da müxtəlif dairələr bu qrupla görüşür. İsraildə siyasilər Rza Pəhləvi ilə görüşüb İranın gələcəyi ilə bağlı baxışlarını müzakirə edir və s. şahın oğlu "İran üçün yeganə seçim konstitusiyalı monarxiyadır" deməklə bu ölkənin gələcək siyasi quruluşu ilə bağlı hədəfini gizlətmirlər. O və monarxistlər iddia edirlər ki, Məhəmmədrza şah istefa verməyib, onun məclisi özünü buraxmayıb, həmin dövrün konstitusiyası da ləğv edilmədiyindən konstitusiyalı monarxiyanın bərpası üçün hüquqi baza mövcuddur.

İrandakı mövcud rejimlə xalq mücahidləri arasında paniranizmlə yanaşı, dini-ideoloji oxşarlıq da var. Xaricdə fəaliyyət göstərən monarxistlərlə müqayisədə bunlar da güc sayılır. Belə bir şəraitdə dörd qüvvənin sınaq mərhələsi başlayıb. Albaniyada mücahidlərin "Əşrəf 3" düşərgəsinə hücum, ABŞ Dövlət Departamentinin "Mücahidlər İran xalqını və demokratik müxalifəti təmsil etmir" kimi açıqlaması bu qüvvənin ikinci plana keçəcəyini deməyə əsas verir. Yer gəlmişkən, Avropa İttifaqı 2009-cu ildə, ABŞ isə 2012-ci ildə mücahidləri terrorçu təşkilatlar siyahısından çıxarıb.

Deməli, hazırkı siyasi müxalifətin lideri hələ ki monarxistlər sayılır. Ancaq zaman keçdikcə onların yerini birincilər, yaxud üçüncülər də əvəzləyə bilər. Hətta müxalifət daxilində birlik yaratmaq ənənəsi və praktikasına dayanılaraq onları vahid müxalifət cəbhəsində birləşdirə də bilərlər. Bunun üçün ortaq hədəf də var. Son zamanlar baş verənlər isə milli demokratik düşərgənin hələ bir müddət ikinci planda, yaxud ehtiyatda saxlanılacağını ehtimal etməyə də əsas verir. Odur ki, İranla bağlı oyunun yeni adı alternativin təqdimatı və təbliğatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.