Yusif Alıyev, “Ədəbiyyat və incəsənət” üçün
Mən Böyük Səlcuqlu tarixini oxuyub, dərk edəndən sonra anladım ki, İslam dini türkün eşqinə, ruhuna, batini dünyasına uyğun bir dindir. İslam dininin yaranma hadisələri ərəb torpaqlarında baş versə də bu dinin qorunması, inkişafı və yaşaması türklərə bağlı olmuşdur.
XI yüzilin ortalarında ərəblərin yaşadığı ərazilərdə təriqətlər səbəbindən yaranmış çəkişmələr islam coğrafiyasında mövcud dovcud dövlətləri tamamilə zəiflətmişdi. Şiə Fatimi dövlətinin gücü qarşısında tab gətirə bilməyən, Məkkə və Mədinə xalqı az qala təriqət dəyişikliyinə uğrayacaqdı. Bağdadın işğalı ilə Abbasi xəlifəsi Qaim bin Əmrullahın həbs edilməsi (məncə həbs edilmişdi) ilə əhalinin qılınc gücünə Şiə Fatimi dövlətinin şəriət tələblərinə ram edilməsi başlamışdı. İslamı təriqət fanatizmində boğulmadan xilas edəcək güc ünvanı isə öz dini inancını Cənd şəhərindən başlayaraq islama bağlamış, peyğəmbərin yolunu davam etdirən Səlcuqlu hökmdarı Sultan Toğrul oldu. Şiə Fatimiləri geri oturdaraq Mədinədən Bağdadadək hər yerdə Xəlifənin hökmünü bərpa etdi. Bundan sonra məscidlərdə Xəlifə ilə yanaşı onun da adına xütbələr oxundu.
Amma bütün bu olanlar dinin daxilində baş verən təriqət çəkişmələrindən baş verirdi: şiə və sünni məzhəbin çəkişməsindən yaranan zəiflik xaçlıların damağına şirə çəkmişdi. Ona görə də Şərqi Roma (Bizans) imperatoru Roman Diogen imperiya büdcəsinin 80%-dən çoxunu dövrün ən müdhiş ideologiyası və ən müasir silahları ilə təchiz edilmiş 220 min nəfərlik ordu yaradaraq yer üzündən Səlcuqlu dövlətini və islamı silmək üçün yola çıxdı.
Dünyanı lərzəyə gətirəcək ordunun irəliləyişi islam coğrafiyasında qeyd-şərtsiz təslimin qaçılmazlığını ortaya qoyurdu. Lakin uca Yaradan sonuncu dinini kafirlərə yendirmək istəmədi, görünür. Şiə Fatimilərlə aparılan döyüşlərdə gücü zəifləmiş, orduda kifayət qədər maddi təchizatın olmadığı bir dönəmdə Bizans imperiatorunun qarşısına yeganə şəxs türk oğlu, Səlcuqlu imperatoru Sultan Alp Arslanın çıxması ilə bəlanın sovuşulacağına inanırdılar.
Elə də oldu...
Tarix 26 avqust 1071-ci ili göstərirkən, məkan Malazgird idi. Səlcuqlu dövlətinin müqəddəratı ilə yanaşı, Allahın qüdrətli dini hesab edilən İslam dininin yaşam, yaxud parçalanma taleyi həll olunurdu.
Həmin gün 50 min atlı ilə günorta namazından sonra düşmənlə misli bərabəri olmayan savaşa girildi. Babamız Sultan Alp Arslanın o vaxta kimi hərb elminə məlum olmayan döyüş taktiki sərgiləməsi ilə Bizans imperiyasının 220 minlik ordusunu döyüş meydanında mühasirəyə salaraq impertaor Diogenlə birlikdə ordunun böyük qismini əsir götürməsi türkün şanlı tarixinin ən parlaq səhifəsidir.
Beləliklə, Səlcuqlu Sultanı Abbasi xəlifəsini, təriqətlərə bölünmüş İslam dinini Allahın qüdrətinilə qorudu və o vaxtdan İslam dinini türkün qüdrəti ilə Allah eşqinə bağladıq.
Bu qalibiyyətin səbəblərindən biri də lap öncələrdən Qurani-Kərimin ərəbcədən qıpcaq dilinə, daha sonralar isə Səlcuqlunun dövlət dili olan türk dilinə çevrilməsi olmuşdur. Çünki hər kəs Allahın sözünü öz ana dilində daha düzgün anlaya bilir və nəticədə mənsub olduğu din uğrunda, Allah uğrunda cihada girirdi.
P. S. Mən də Qazağa səfərim zamanı kutsal hesab olunan məkanlara gedərkən xalqım, dövlətim, qüdrətli Ali Baş Komandanım, ordumuz, doğmalarım, özüm və boynumda haqqı olan insanlar üçün uca Tanrıya öz dilimdə, türkcə xidab edib, şəhidlərimizə və Sultan Alp Arslana, böyük sərkərdə babalarıma rəhmətlər dilədim.
Şəkildə Qazax rayonunun Aslanbəyli kəndində yerləşən, tanınmış din adamı Hacı Mahmud Əfəndinin türbəsidir. Bura el arasında pir, ziyarətgahdır. Mən də oğlum Atabəyə mənsub olduğumuz mənəvi ənənələri öyrətmək, anlatmaq üçün bura gətirdim. Dualarımızı edib mənən rahatlıq tapdıq.
P.S.S. Dəyərli tarixçilərimiz səhflərimi düzəldər, yanlışlarım olarsa.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)