Avropa yəhudilərinin Bakı dini icması diabetdən əziyyət çəkən azərbaycanlı uşaqların bir qrupunun İsrailə səfərini təşkil edib.
İcmadan verilən məlumata görə, bu münasibətlə Bakı sinaqoqunda bu yeniyetmələrin diabetdən əziyyət çəkən israilli həmyaşıdları ilə görüşü olub.
Sözügedən layihə Azərbaycan Səhiyyə Nazirliyi və “Stolero” qrupunun dəstəyi ilə Avropa yəhudilərinin Bakı dini icması tərəfindən İsrail və Azərbaycan əməkdaşlığı çərçivəsində həyata keçirilir. Unikal olan bu layihə diabetin birinci tipi ilə mübarizədə, habelə onun uşaqlar və yeniyetmələr arasında müalicəsində mühüm mərhələdir. İsraildəki Yeniyetmə Diabeti Assosiasiyası (JDRF) hər il diabetdən əziyyət çəkən uşaqlar üçün unikal yay düşərgəsi təşkil edir. Bu təşəbbüsün həyata keçirilməsi azərbaycanlı yeniyetmələrdən olan qrupun səfərinin maliyyələşdirilməsini öz üzərinə götürən Avixay Stoleronun rəhbərlik etdiyi “AS Holdings” kompaniyasının köməyi sayəsində mümkün olub.
Görüşdə Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal, icmanın sədri Aleksandr Şarovski, həmçinin “AS Holdings” kompaniyasının sahibi Avixay Stolero və kompaniyanın biznesin və sosial layihələrin inkişafı üzrə vitse-prezidenti Ruti Rubin-Qross iştirak ediblər. Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova da tədbirə qatılıb. Azərbaycan Ali Məhkəməsinin hakimi Elşad Şamayev görüşdə xüsusi qonaq qismində iştirak edib.
İsraildən olan yeniyetmələr qrupunun təmsilçisi İdan Stolero çıxış edərək diabetlə mübarizədə öz təcrübəsindən bəhs edib, habelə yeniyetmələrin hər birinin diqqətinə onların güclü cəhətlərinin cəmləşdirilməsinin zəruriliyini çatdırıb.
Görüş iştirakçıları Avropa yəhudilərinin Bakı dini icmasının unikal tarixinin bir hissəsi kimi, həmçinin Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin inkişafında bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər.
Natiqlər, həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dikə və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədova yeniyetməlilərin İsrailə səfərinin təşkilində göstərdikləri səylərə, habelə iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)