Bakı sinaqoqunda dağ yəhudilərinin dilini öyrənmək üçün kurslar açılıb

Ana dili mədəni orijinallıq və ailə əlaqələrinin ən mühüm aspektidir. Ana dilinin qorunub saxlanılması şəxsiyyət üçün həlledici əhəmiyyət kəsb edir və özünü müsbət qiymətləndirmənin formalaşdırılmasına köməklik edir. Dil etnosun unikal eyniləşdirmələrindən biri olaraq, onun üçün olduqca vacibdir.

 

AzərTAC STMEGİ Beynəlxalq Xeyriyyə Fonduna istinadla xəbər verir ki, bu fond əvvəldən cuuri dilinin qorunub saxlanılması və öyrənilməsini əsas vəzifələri siyahısına daxil edib. Fondun prezidenti Qerman Zaxaryevin təşəbbüsü ilə cuuri dilində elektron ədəbiyyat kitabxanası yaradılıb, audiokitablar kolleksiyası artırılır. Dünyanın müxtəlif ölkələrində “Cuuri dili dərsləri” proqramı uğurla reallaşdırılır. Yaxın vaxtlardan cuuri dili dərsləri Bakı sinaqoqunda da keçirilir.

“Cuuri dili dərsləri həftədə iki dəfə keçirilir. Biz aprel ayında kurs açdıq. Müraciət edənlər hələ ki, çox deyil: 5-6 tələbə dil öyrənir. Lakin mən əminəm ki, dilə maraq artacaq. Əsas olan, dilin qorunub saxlanılması, onun inkişaf etdirilməsidir. Mən dağ yəhudiləri dilinin qorunub saxlanılmasına yönələn unikal layihəyə görə Fondun prezidenti Qerman Zaxaryevə təşəkkür etmək istəyirəm”, — deyə cuuri dili müəllimi Elçin Məmmədov qeyd edib.

Latviyadan olan tələbə Aqnesa Svyatska cuuri dili dərsindən təəssüratlarını STMEGİ fondu ilə bölüşüb: “Mən Latviyadan Bakıya bir neçə il bundan əvvəl gəlmişəm. Həyat yoldaşım dağ yəhudisidir, onun atası Qusar şəhərində dünyaya gəlib, dağ yəhudilərinin dilində danışır. Rəfiqəm mənə sinaqoqda cuuri dili dərslərinin keçiriləcəyindən bəhs edəndə, mən çox böyük məmnuniyyətlə yazıldım ki, qaynatam ilə cuuri dilində danışa bilim. Bu dil mənim çox xoşuma gəldi, çünki yox olan dillər kateqoriyasına aiddir, onu öyrənmək və inkişaf etdirmək çox vacibdir. Mən hər həftə dərslərə çox böyük həvəslə gedirəm. Dağ yəhudilərinin dili bir qədər Azərbaycan dilinə bənzəyir, rus sözlərindən də istifadə olunur. Mənə elə gəlir ki, müəyyən səviyyədə Azərbaycan dilini bilməklə, cuuri dilini öyrənmək o qədər də çətin olmaz”.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.