İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni sədri seçilib

 

İyulun 19-da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib. 

AzərTAC xəbər verir ki, toplantıda Yayım Şurasına yeni sədr seçkisi ilə bağlı məsələyə baxılıb. Qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib. 

 

Yeni sədr öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirib.

İclasda, həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni televiziya və radio mövsümünə hazırlığı müzakirə edilib. Şirkətin Baş direktoru Balakişi Qasımov Yayım Şurasını növbəti mövsümdə reallaşdırılacaq iri layihələr barədə məlumatlandırıb. Qeyd olunub ki, növbəti ildə İctimai Televiziya iri layihələrlə yanaşı, beynəlxalq səviyyəli idman yarışları, o cümlədən futbol üzrə Avropa çempionatı və Olimpiya oyunlarının rəsmi yayımçısı olacaq. Bundan əlavə, televiziyada bir sıra yeni serialların istehsalı nəzərdə tutulur. Eyni zamanda, kanal ictimai-siyasi və maarifləndirici proqramların keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklərə imza atmağı planlaşdırır. 

Xatırladaq ki, Yayım Şurası 9 nəfərdən ibarətdir. İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur. 

Qeyd edək ki, Teymur Kərimli Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli filologiya üzrə elmlər doktoru, bir çox kitabın və elmi araşdırmaların müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.