Antihumanist humanizm təşkilatı Featured

 

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN İŞLƏKLƏRİ

 

Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi söhbəti gündəmdən düşdü, gündəmi artıq yeni, ancaq həqiqətən də, gündəm tutmağa layiq olan mövzu tutdu. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan ərazisində qaçaqmalçılıqla məşğul olması. Təəccüblüdür, deyilmi? Humanizm etalonu olan bir təşkilat yəni belə bir şey niyə etsin ki? 

 

Gəlin öncə məlumata diqqət yetirək: Dövlət Sərhəd Xidmətinin iyulun 11-də yaydığı məlumata əsasən, “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinə baxış keçirərkən dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Həmin qaçaqmallar sırasında mobil telefonlar və onların ehtiyat hissələri, 1000-dən çox siqaret qutusu və 1000 litrdən çox benzin də yer alıb. Hazırda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Jurnalist Hikmət Əhmədov özünü bitərəf, mülki şəxslərə humanitar yardım göstərən təşkilat kimi təqdim edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin səmərəsiz fəaliyyətinin xronikasını hazırlayıb. 

Baxın. Komitə öz fəaliyyəti ilə beynəlxalq humanitar hüquqa hörməti təşviq etdiyini bəyan edir. Lakin 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq, yalnız kosmetik fəaliyyət imitasiyası müşahidə edilib. İşğala və təcavüzə məruz qaldığımız illər ərzində qurumun Ermənistanın dövlət səviyyəsində törətdiyi beynəlxalq humanitar hüquq pozuntularına dair heç bir narahatlıq ifadə edən mövqeyi, yaxud əməli fəaliyyəti olmayıb. Əksinə, proseslərdə tərəf kimi çıxış edən BQXK-nın müharibə və ya postmünaqişə dövründə hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr mövcuddur. Xüsusilə qurumun bölgədəki fəaliyyətinə Azərbaycana dost olmayan ölkələrin vətəndaşlarının, əməkdaşlarının məqsədli formada daha çox cəlb edilməsi bu şübhələri daha da möhkəmləndirir. Bu isə artıq BQXK-nın özünün məqsədlərini və həddini aşdığını, Azərbaycanla təşkilat arasında hüquqi bazis üzrə öhdəliklərini pozduğunu göstərir.

Azərbaycan BQXK-ya etimad edib və mülki şəxslərin Xankəndidən Ermənistana tibbi təxliyəsi üçün lazımi şərait yaradıb. Lakin Azərbaycanın xoş niyyətindən sui-istifadə edilir. Belə ki, BQXK-ya aid olan nəqliyyat vasitələri ilə qaçaqmalçılıqla məşğul olurlar. Belə qaçaqmalçılıq halları barədə dəfələrlə rəsmi kanallar vasitəsilə BQXK-ya xəbərdarlıq edən Azərbaycan bu halların dayandırılmasını tələb edib. Lakin təəssüf ki, BQXK tərəfindən ciddi tədbirlər görülməyib. Bu, Azərbaycan qanunvericiliyinin pozulması və ölkəmizin etimadından sui-istifadə olmaqla yanaşı, BQKX-nın etibarlı tərəfdaş kimi beynəlxalq imicinə ciddi zərbə vurur. Bununla BQXK, eyni zamanda, Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik edir. Bu, qəbuledilməzdir

Qeyd edək ki, BQXK Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən yeganə beynəlxalq təşkilatdır və təəssüf ki, öz mandatından sui-istifadə edir. BQXK-ya aid olan nəqliyyat vasitələrində öncədən bəyan edilmədən malların qanunsuz şəkildə sərhəd məntəqəsindən keçirilməsi, qaçaqmalçılıq faktları ilə təşkilat özünün daim istinad etdiyi humanitar yardım, zəruri humanitar yüklərin daşınması konsepsiyasını faktiki olaraq gözdən salır. Belə bir şəraitdə nümayəndəliyin hər hansı əks arqumenti və yersiz israrı təhrikedici və təxribatçı fəaliyyətdən başqa bir şey deyildir.

BQXK-nın Azərbaycan qanunvericiliyinə qarşı hörmətsizliyi qaçaqmalçılıq faktları ilə məhdudlaşmır. BQXK xəstələrin Xankəndidən Ermənistana tibbi təxliyəsi məsələsində də Azərbaycan tərəfinin insanlıq naminə xoş niyyətindən sui-istifadə edir. Belə ki, məlumatlara görə təxliyə edilənlərin heç də hamısı xəstələr deyil. Bəzi hallarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər sağlam olsalar belə, müxtəlif yollarla BQXK əməkdaşlarına yol taparaq, Xankəndidən Ermənistana getməyə çalışırlar. Bundan əlavə, BQXK tibbi təxliyə prosesini İsveçrə nömrəli nəqliyyat vasitələri ilə həyata keçirir. Bunun özü də qəbuledilməzdir. Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid olan nəqliyyat vasitələrində qaçaqmalçılıq faktları aşkar olunursa, onda ermənilərin müxtəlif yollarla BQXK-ya yol taparaq xəstə adı ilə Ermənistana gedib gəlməsi barədə deyilənlər də doğrudur. Bütün bu kimi hallar BQXK-nın öz imicinə ciddi zərbə vurur və Azərbaycanın bu təşkilata olan inamını sarsıdır.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi 1992-ci il martın 3-dən fəaliyyət göstərən Bakı Nümayəndəliyinə tabe deyil. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. Sənədin ikinci maddəsində ifadə olunub ki, BQXK öz vəzifələrini yerinə yetirmək və qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində hüquqi şəxsə xas olan hüquqlardan istifadə edən nümayəndəlik təsis edir. Lakin o zaman Azərbaycanın qarşılaşdığı çətin situasiyadan istifadə edərək BQXK gələcək mənfur planlar naminə Xankəndində açılan ofisi Azərbaycana yox, Ermənistan nümayəndəliyinə bağladı. Baxmayaraq ki, Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Helsinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Xankəndi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu hətta Ermənistan baş naziri də dəfələrlə bəyan edib.

Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlik olmaqla daha bir davam edən pozuntudur və bu tendensiyaya da dərhal son qoyulmalıdır. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Sənədin 9-cu maddəsinin 13-cü bəndində isə ifadə olunur ki, Nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etməyi öhdələrinə götürür. Sazişin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası BQXK-ya öz qərarının motivlərini bildirmədən 1961-ci il Vyana müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan şərtlər və onlardan irəli gələn nəticələrlə konkret addımlar atmaq hüququnu özündə saxlayır.

Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı Nümayəndəliyinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırır. Hazırda baş verən hadisələr BQXK-nın Xankəndi ofisinin Bakı Nümayəndəliyinə tabe etdirilməsi məsələsini yenidən gündəmə gətirir, bunun baş verməyəcəyi təqdirdə, Xankəndi ofisinin bağlanmasını labüd edir.

İndi isə diqqətinizə bir rəyi çatdıraq:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) fəaliyyəti dövründə humanitar hüququ, eyni zamanda, özünün nizamnamə tələblərini bu və ya digər formada daim pozub. Çünki BQXK bölgədə baş vermiş humanitar böhran zamanı məhz konkret olaraq humanitar fəaliyyətlə məşğul olmalıdır. Amma biz bu günlərdə BQXK-nın qaçaqmalçılıqla, missiyasına və nizamnaməsində nəzərdə tutulan funksiyasına zidd işlərlə məşğul olduğuna şahidlik edirik”.

Bu sözləri isə jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Bir şey gün kimi aydındır. Humanizm carçısı olan təşkilat antihimanizmə əl atır, qanunsuzluq edir, suveren bir öıkəyə hörmətsizlik edir. 

Buna cavab ən sərt şəkildə olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.