YAŞAR ƏLİYEVİN 75 İLLİYİNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bəxtəvər o kəslərdir ki, övladları uşaq olanda ona görə, böyüyəndən sonra isə, onu övladlarına görə tanısınlar. Bəli, tərbiyəli, savadlı, xalqa gərəkli övlad böyüdüb ərsəyə çatdırmaq valideyn üçün böyük xoşbəxtlikdir. Tibb elmləri doktoru Yaşar Əliyev kimi.
O, 1948-ci ildə iyulun 5-də Bakıda anadan olub. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildən ali təhsilini başa vuraraq həkim ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb. Sonra Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Daha sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada cərrahiyyə şöbəsində həkim, baş həkimin müavini və xəstəxanasının baş həkimi vəzifələrində işləyib. 1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin üzvü seçilib. 1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi davam etdirib. 1995-ci il I çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilərək, Milli Məclis sədrinin müavini kimi fəaliyyət köstərib. Uzun illər Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnamda, Cənubi Koreyada, Şimali Koreyada və Monqolstanda fövqəladə və səlahiyyətli səfiri olub. 20-dən çox elmi əsərin müəllifidir. Fəaliyyəti “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Evlidir, iki övladı var. Oğlu Rüfət Əliyev 1973-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Tibb xidməti üzrə DTX zabitidir. 2015-ci ildə Vətən uğrunda medalı ilə təltif edilib. Qızı Səbinə Əliyeva 1980-ci ildə anadan olub. Baкı Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 2019-cu ildən Azərbaycanın İnsan Haqları üzrə Ombudsmanıdır...
Deyir ki:- "Əlli yaşdan sonra gələn ömrə sevinmək lazımdır. Qocalıq qorxulu xəstəlik deyil. Qocalığın özü də insan ömrünün bir hissəsidir. Düzdü, mənim də həyatımda müəyyən çətinliklərim olub. Səkkiz il insultdan əziyyət çəkmişəm. Demək olar ki, üç il danışmaq qabiliyyətimdən məhrum olmuşam. Bütün bunlara baxmayaraq, həyatı və insanları sevirəm. Dörd nəvəm var. Onların müasir düşüncəli olmaları məni çox sevindirir...”
Nümunəvi həyat yaşayıb. Qismətinə rəhbər vəzifələrdə çalışmaq düşüb. Adı çəkiləndə heç vaxt haqqında pis sözlər deyilməyib. Bəli, insan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə çevrilir. Onu şəxsiyyətə çevirən iradəsi, ağlı, davranışı, xoş əməlləri, eləcə də müdrikliyi və təfəkkürü olur. Əlbəttə, bu sıraya gen, tarixi şərait, əzmkarlıq da daxildir...
Tanınmış mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şamil Sadıqov onun haqqında belə deyib:- “Yaşar müəllimi əlli ildən artıq bir müddətdir ki, tanıyıram. Onunla tanışlığım ötən əsrin yetmişincici illərinə təsadüf edir. O vaxt Yaşar müəllim bacım Mənzər xanım Hacıyevanın ailəsinə daxil oldu. Mənzər xanımın yeganə qızı Rəna xanımla ailə qurdu. O vaxtdan etibarən Yaşar müəllimlə mənim qohumluq əlaqələrim getdikcə dostluğa çevrildi. Yaşar müəllim Rəna xanım üçün yaxşı həyat yoldaşı, Mənzər xanım üçün də yaxşı kürəkən olub. Ümumiyyətlə, o, yaxşı insandır, xalqına, dövlətinə sadiq bir şəxsiyyətdir. Xüsusilə vurğulayım ki, Heydər Əliyev onun bacarığına, qabiliyyətinə, dostluğuna, insanlığına görə xətrini çox istəyirdi. Təsadüfi deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən xeyli sonra Yaşarı Milli Məclisin sədr müavinliyinə məsləhət bildi. Yaşar müəllim İki çağırış Milli Məclisə deputat kimi seçildi. Bu müddət ərzində ölkənin ictimai-siyasi həyatında əlindən gələni etdi. O, İran-Azərbaycan münasibətlərində həm iqtisadi, həm mədəni əlaqələrin yaxşılaşdırılmasında müstəsna xidmət edib. İran-Azərbaycan iqtisadi komissiyasında sədr kimi uğurlu fəaliyyət göstərib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da Azərbaycanı məhz nümayəndə heyətinin rəhbəri kimi təmsil edib. Onun Çin Xalq Respublikasındakı diplomatik fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. O, bu ölkəyə səfir təyin edilməsi ilə bir çox mühüm, əhəmiyyətli işlərə imza atdı. Deyim ki, o, səfirlik fəaliyyəti dövründə təkcə Çinlə deyil, həm də Şərq ölkələri ilə Azərbaycanın əməkdaşlığında əlaqələndirici kimi rol oynadı. O cümlədən Yaşar müəllim bizim ailəyə kürəkən kimi daxil olsa da, bu ailədə özünü övlad kimi təsdiq etdi.”
Bəli, haqqında söhbət açdığım Yaşar Əliyev cəmiyyətdə nümunəvi insan olduğu kimi, ailədə, qohumlar arasında da çox mehribandır. Qızı Səbinə Əliyeva ombusman vəzifəsinə seçiləndə bir ata kimi sevincinin həddi-hüdudu olmayıb.
Deyir ki:- “Qızım Səbinə xanımın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim...”
İyulun 5-də Yaşar müəllimin 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı, ağrı-acısız günlər arzulayıram. Çox yaşayın, gözəl İNSAN!..
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)