“Yaradılışdan qiyamət gününə kimi bir ssenari hazırlanıb” – Dindən danışacağıq Featured

“Ədəbiyyat və incəsənət” portalı Hafizul Əsrar təxəllüslü yazarın “Yaradılışın sirləri” adlı yazısını təqdim edir. Ola bilər ki, yazıda qaldırılan problemlərin çözümünə əks mövqelər də oldu. Amma bu sayaq mövzuları müzakirə etməyə borcluyuq. Din mövzusu bütün tarixlər boyu ən aktual mövzu olub, gəlin bunu yaddan çıxarmayaq.

 

 

HAFİZUL ƏSRAR

 

 

YARADILIŞIN SİRLƏRİ

 

 

Bismillahir Rahmanir Rahim!

Bağışlayan və mərhəmətli Rəbbimiz Qurani Kərimdə bizlərə yaradılış barəsində məlumatlar verib. Təəssüflər olsun ki, bu vaxta kimi bir çox alimlər, müctəhidlər, ilahiyyatçılar əsas vacib olan bir məsələni insanlara tam izah etməyiblər. Bəlkə də, insanların nə üçün yaradılmışıq sualına veriləcək cavab izah edəcəyim məsələnin kilid nöqtəsidir. Uca Rəbbimiz yaradılışdan qiyamət gününə kimi bir ssenari hazırlayıb. Ssenari və izah edəcəyim məsələni bir çox insanlar qəbul etməyə bilər. Deyə bilərlər ki, ssenari nədi, ALLAHın ssenariyə ehtiyacı yoxdur. Bəli, ehtiyacı yoxdur, amma planlı qurulan birşeyə hər hansısa ad verilir. Bunun da adı ssenaridi. Səbəb isə pis və ya yaxşı əməllərin mükafatı, cənnət və cəhənnəm və buna bənzər suallar ola bilər. Məsələn, əgər ssenaridirsə nə üçün Cənnət Cəhənnəm var və sairə. İzah edəcəyim məsələ isə tam fərqlidir. Həyat yolu, yaxşılıq və pislik onun mükafatı, və ya əzabı, bunlar tam başqa bir mövzudur.

İlk olaraq uca ALLAH Mələklərə “mən yer üzündə bir xəlifə yaradacam” deyir. Mələklər isə ALLAHa sual verir ki, qan tökən, fəsad törədən birinimi  yaradacaqsan? ALLAH cavabında “mən sizin bilmədiklərinizi bilirəm” deyir. Rəbbimiz necə də elm və qüdrət sahibidir. O, qurduğu ssenarini belə, Mələklərinə tam izah etmir. İlk insanı yəni, Hz Adəmi yer üzündə yaradacağını desə də, Cənnətdə yaradır və ona öz ruhundan üfürür. Mələklərin ona səcdə etməsini əmr edir və oddan yaradılan İblis əmrə qarşı çıxır. Deməli, uca Rəbbimizin oddan yaratdığı bir varlıq səbəbsiz yaradılmamışdı və o müddətə kimi, ALLAHın əmrinə qarşı çıxmamışdı. Çünki ALLAH kimlərə hansı vəzifəni nə üçün verdiyini çox gözəl bilirdi. ALLAH İblisi cənnətdən qovur. İblis isə ALLAHdan vaxt istəyir. Güc və qüdrət sahibi olan ALLAH istəsəydi İblisi, yəni Şeytanı yaratmazdı və ya etiraz etməsinə mane olardı. Cənnətdən belə qovmazdı, canını alardı. O, isə bunları etmədi. ALLAH demişdi axı, mən yer üzündə xəlifə yaradacam. İblisə qiyamət gününə kimi vaxt verir. Yəni İblis vəzifəsini icra etməlidir. Hz Adəm ilə birlikdə Həvvanı da yaradır. Onlara isə Cənnətdə olacaqlarını və istədikləri Cənnət meyvələrindən yeyə biləcəklərini deyir. Orada olan bir ağacı isə onlara qadağan edir. Bu ağac bir səbəb idi. Əslində İblis, yəni Şeytan Adəmə həqiqəti dedi. Nə idi bu həqiqət. Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz Mələk olmayasınız və ya Cənnətdə əbədi qalanlardan olmayasınız. Yəni, Şeytan onlara məlumatın əsas hissəsini deyir. Qadağanın əsas səbəbini. Yəni, ALLA sizin Mələk olmamağınız üçün və ya cənnətdə əbədi qalmamağınız üçün, bu ağacı bura yerləşdirib. Uca Rəbbimiz bilirdi ki, onlar, o ağaca yaxınlaşacaqlar. Çünki ALLAH yaratdığı insanların əksəriyyətinin qadağalara qarşı çıxacağını bilirdi. O ağac, bir qapıdır, Cənnətdən çıxış, dünyaya giriş qapısı. ALLAH demişdi axı, o ağaca yaxınlaşmayın, yaxınlaşsanız, özünüzə zülm edənlərdən olacaqsınız. Yəni, fani olacaqsınız, hər şeyi əziyyətlə əldə edəcəksiniz və arzularınız belə yarım qalacaq, öləcəksiniz.

Ağac və onun meyvəsi haqqında bir neçə rəvayətlər var. Rəvayətlərdə adları keçən meyvələrin, ayədə bəhs edilən ağac və onun meyvəsi ilə heç bir əlaqəsi yoxdur. O ağac xüsusi bir ağac idi. Hz Adəm ilə Həvvanı fani etmək və onlarda şəhvət hissini yaratmaq qüdrətinə malik idi. Bu ağacın meyvəsi Hz Adəm ilə Həvvanın bədənində ilk toxumu, yəni spermanı yaratdı. Meyvənin əsas mahiyyəti, mənsub olduğu ağacın kökü kimi qiyamətə qədər insan bədənində, var olduğu hissədə, sabit qalmasıdır. Şeytan sadəcə yol göstərdi və meyvəni daddıqca onlar, qəribə hislər keçirdilər. Şeytan ilk vəzifəsini tamamladı və onlardan uzaqlaşdı. Keçirdikləri hislərin qısa müddətli və aldadıcı olduğunu görüb cütlər peşman oldular. Uca Rəbbimiz onları da Cənnətdən çıxardı və vəzifələrini icra etmələri üçün, yer üzünə göndərdi. Çünki onlar artıq, bir birini şəxsiyyət və cinsiyyət olaraq tanımışdı. Cənnətdə yer üzündə olduğu kimi cinsi əlaqə yoxdur. Cənnət sadəcə sevgi məkanıdır. Ona görə də, insanlar yer üzündə cinsi əlaqə ilə çoxalır və yaşadıqları müddətdə etdikləri yaxşı və ya pis əməlin qarşılığını alır. Yəni, insanlar yer üzündə çoxalıb Cənnəti doldurmalıdır.

Rəbbimiz icazə versəydi, Hz Adəm ilə Həvvaya icazə verərdi və insanlar da, hazır Cənnətdə yaşayardı. ALLAHın yer kürəsi üçün qurduğu planlar var. Ona görə insan yaradılışının səbəbini və məqsədini bilməlidir. Məqsəd ALLAHa dua və ibadətdirsə, onu Mələklər bunu insanlardan daha yaxşı edir. İnsanlar – yəni bizlər, sizlər yaşadığınız dünyanı da gözəlləşdirməlisiniz. Çünki bu dünyada tək sizlər yaşamırsınız. Sizin dövrünüzdə və sizdən sonra da, dünyaya yeni insanlar gəlir. Bəzi müsəlmanların düşüncələri səhvdir. “Yaradılmışam, dua edim, ibadətlərimi yerinə yetirim və Cənnəti qazanım” deyə düşünürlər. Dua və ibadətlər vacibdir və lazımdır. Onlardan da, ən vacib olanı isə, göndərildiyin dünya üçün nə etmisən, bax əsas odur. Təəssüflər olsun ki, bir çox kəşfləri və ixtiraları ateistlər, deistlər, buddislər, xristianlar edib. Etiraf etməliyik ki, onlar insanların xeyri və rahatlığı üçün, çox ixtiralar ediblər. Bəli, yaradılışdan bu günə kimi, nələr kəşf edilibsə, Rəbbimizin yer kürəsi üçün hazırladığı plana uyğun davam edir. Onlar, müsəlman olmasa da onlara elmi verən ALLAHdır. Onları müsəlman edə bilməyən cəmiyyət günahkardır. Çünki müsəlmanlar da elmə üstünlük verməli və yeni kəşflər etməlidirlər. ALLAH hər insana bir istedad verib. Birinə alimlik, birinə şairlik, birinə rəssamlıq, digərinə memarlıq və sairə. Hər kəs öz sahəsində inkişaf etməlidir. Müsəlmanlar isə əksərən bunları etmir. Ən kiçik xırda bir məsələdə ilişib qalırlar. Məsələn, paltara bir zərrə su düşüb, xəbəri olmadan namaz qılır, sonra suyu görür, şübhəyə düşür. Suyun mənşəyini bilmir və yenidən paltarını dəyişib namazını qılır. Halbuki, insanlar böyük işlər görmək üçün yaradılıb.

Əsas mövzuya geri dönək. Həvva Hz Adəmin nə qabırğasından, nə də artıq qalan torpağından yaradılmamışdı. Həvva Hz Adəm ilə eyni vaxtda, eyni torpaqdan yaradılmışdı. Haqq olan ALLAH insanı ilk olaraq Cənnətdə ona görə yaratdı ki, yer üzündə ağır olacaq imtahan və vəzifəsinin məqsədini və səbəbini bilsin. Çəkdiyi zəhmətin qarşılığında isə, şahidi olduğu əbədi rahatlıq yeri olan Cənnəti qazansın. Deməsin ki, hər şey yer üzündən başladı, cənnəti görmədim və dərk etmədim. Təəssüflər olsun ki, Hz Adəmin dövründən insanlar inanmadı və qəbul etmədi yaradılışı, Cənnəti, Cəhənnəmi. Cəhənnəmin olduğuna inanmayan insanlar cəhənnəm əzabının yüzdə əllisini yer üzündə yaşayır, ama yenə də, ALLAHa onun yaratdığı aləmlərə inanmır.

İnsan nəslinin çoxalma prosesini də çox qəlizləşdiriblər. Qurani Kərimin açıq aşkar ayələrini qəbul edə bilmirlər. Bir çox alimlər, ruhanilər ayədə verilən məlumatı, qardaş bacı evliliyi kimi başa düşür və bu iş haram olduğu üçün, hədislərdən sitat gətirirlər. Nə üçün alimlər dedim? Onların qeydlərini oxuyun, görəcəksiniz ki, bir neçə versiya qeyd ediblər. Adəmdən əvvəl Adəmlər, əkiz övladlar və ya əvvəl halal olub sonra haram edilmə məsələsi. Bir çoxları da belə bir sual verir. Hz Adəmi yaradan ALLAH bir neçə Adəm ilə Həvva yarada bilməzdimi? Bəli, yarada bilərdi, amma yaratmadı. Səbəbi isə, çox sadədir. Başqaları kimi hədis və ya kiminsə fikrini deməyə ehtiyac yoxdur. Qurana müraciət edək. Əgər bir çox alimlər ruhanilər kimi oxuduqlarından qardaş-bacı evliliyi düşünürsə, əlbəttə onlar hədislərə daha diqqətlə müraciət etməlidirlər. Yaşadığınız miladi təqvimin ilk ilinə gedin. Yəni, Hz İsanın yaradılışına baxın. Hz Məryəmə Mələk insan surətində görünüb. Hz Adəm ilə Həvvanın iki oğunun həyatı, Hz Məryəmin həyatı ilə eynidir. Onların hər ikisinə də Mələklər göndərilmişdi. Uca Rəbbimiz, səbəbsiz yerə Hz İsa ilə Hz Adəmi bir ayədə müqaisə etmir. Necə ki, uca Rəbbimiz Qurani Kərimdə bizlərə xatırladır. Həqiqətən ALLAH yanında İsanın məsəli Adəmin məsəli kimidir. ALLAH onu, yəni Adəmi torpaqdan yaratdı, sonra isə ona “ Ol ! ” dedi, o da oldu. Bir çoxları deyə bilər ki, burda torpaqdan yaradılış və nütfədən bəhs edilir. Xeyir, tək ondan deyil, bir kişi və bir qadından neçə çoxala bilərik deyənlərə də bir mesaj verir ALLAH. Yəni, ALLAH deyir ki, insanı həm torpaqdan yaradıram, həm də cinsi əlaqədə olmadan atasız yaradıram. Yəni qardaş-bacı evliliyinə ehtiyac olmadan.

Habil İlə Qabilə də Mələklər göndərilmişdi. Onlardan birinin digərini öldürmə səbəbi isə, qurbanının qəbul edilməməsi idi. Nə idi bu qurban. Onların hər ikisi ALLAHdan övlad istəmişdi. Diqqət edin, bu məsələni də, hədislərə uyğun insanlara çatdırırlar. Hər hansısa məhsulu ALLAHa təqdim ediblər, birinin qurbanı qəbul edilib, digərinin qurbanı qəbul edilməyib. Qurani Kərimdə Hz İbrahimin də, həyatından bəhs edilir. Hz İbrahim də, övlad ilə imtahan edildi. Qurbanlıq məsələsi Hz İbrahimin imtahanı idi. Hz Adəmin oğulları ALLAHdan övlad istədi ALLAH isə, imtahan üçün, birinə övlad verdi, digərinə isə, övlad vermədi. Övladı olan şəxs qurban kəsdi, digəri isə həsəd aparıb qatil oldu. Nəsil isə ilk qatilin deyil, qətlə yetirilənin və onların bacılarının övladları vasitəsi ilə artdı.

Hz Məryəmə insan surətində görünən Mələk, Hz Adəmin qızlarına da insan surətində göründü. Həqiqətən də, Rəbbimiz elm və qüdrət sahibidir. Çünki O, torpaqdan yaratdığı insanı ölümündən sonra özünə yəni, torpağa qarışdıracaq. Qiyamət gününə kimi. Vəzifəsini icra edib Rəbbinə qarşı çıxan insanları seçib, özü ilə, birlikdə Cəhənnəmə aparan Şeytanı isə, yaratdığı oda qarışdıracaq. Qeyd etmək istədiyim məsələ, odun odu yandırmamağıdır.

Vəs səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

 

“Ədəbiyyat və incəsənət”

 (04.07.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.