Sosial mediada bir neçə gündür ki, Milli Parkda kaktusların kəsildiyini göstərən fotogörüntülər yayımlanır. Sözlə ifadə edilə bilinməyəcək dərəcədə nanəciblikdir, vandalizmdir. “Ədəbiyyat və incəsənət” portalı olaraq bu hadisəni şiddətlə qınayırıq.
Dənizkənarı Bulvar İdarəsi bu xoşagəlməz hadisə barədə açıqlama verib. Açıqlamada deyilir ki, Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə idarə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq.
Dənizkənarı Bulvar İdarəsi bildirir ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün addımlar atılıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-sahmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür.
Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hissi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur.
Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır.
Və gəlin etiraf edək ki, tək qadağalarla, mühafizəçilərlə, polis qorxusu ilə iş aşmır, əgər insanın içində vicdan, məsuliyyət, vətəndaşlıq duyğusu yoxdursa, onda cəmiyyət daim ziyan görəcək.
Necə ki, digər ağacların, skamyaların üzərinə cızılaraq adlar yazılır, Milli Parkdakı kaktusların üzərinə də cızılaraq baş hərflər və ürək işarəsindən ibarət sevgi məlumatı yazılırdı, amma kaktusu kəsmək nədirsə yeni əyləncədir.
Və ən dəhşətlisi odur ki, bəlkə də həmin nanəcib bu alçaq hərəkəti digər insanların gözü önündə edib. Amma “nəyimə gərək” deyib yanından düz keçiblər kimlərsə.
Gəlin hamılıqla gözəllikləri qoruyaq.
Yoxsa çirkinlikliyə qərq olacağıq.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)