“Ədəbiyyat və incəsənət” portalı biznesdə ədəbi-bədii mətnlərin ifadə olunması kimi çox maraqlı bir mövzuya toxunur. Qısa müddətdə ölkənin qida sənayesi və kosmetika məhsulları sahəsində görünən uğurlar əldə edən “Ataşah” brendinin baş meneceri Paşa Məcidov brendin istifadə etdiyi əfsanəni diqqətinizə çatdırır.
Lap qədim zamanlarda Ataşahın məmləkətinə qəfil ölüm kabusu gəlmişdi, insanlar sürətlə qırılırdı. Naəlac qalan Ataşah xəzinəsinin ağzını açıb İbn Sina başda olmaqla ən güclü təbibləri dəvət etdi, dedi, camaatı bu bəladan xilas edin, sizi dünya malına qərq edəcəyəm.
İbn Sinanın nəzərini məmləkətdə hamının süst, halsız olduğu halda yalnız Ataşahın gümrah olması cəlb etdi, sən demə, Ataşah üçün hər səhər həvəngdəstədə bitki tumlarını əzib yağını çıxarırlarmış, o da damla-damla içirmiş.
Beləcə, İbn Sina bu sehirli yağların sirrini faş etdi. Dünyanın dörd tərəfində insanlar qara zirə, nar, üzüm, çaytikanı, kətan, qoz, badam, qabaq kimi bitkilərin yağlarını çəkib içməyə başladılar. Möcüzə sürətlə baş verdi. Xəstəliklər getdi, qadınlar gözəlləşməyə, kişilər cüssəli olmağa başladılar. Hamı cavanlaşdı. Sonsuzların evlərindən uşaq qığıltısı eşidildi.
Min il bundan qabaq Ataşahın itirilən reseptini taparaq bu gün “Ataşah” şirkəti bitkilərin faydalı xüsusiyyətlərini tam saxlamaq üzrə ən effektiv metod olan kriogen texnologiyası yolu ilə təbii yağlar istehsal edir, sağlamlığın və uzunömürlülüyün keşiyində dayanır.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)