Kitabxanalara kitablar Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən kitab kollektoru vasitəsilə alınır. Amma Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası istisna təşkil edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edib, bu gün sonuncu gündür. Nə sonuncu gün? İndi izah edək.
Beləliklə, müsabiqənin şərtlərinin yazarlar üçün, nəşriyyatlar üçün, ümumən kitabsevərlər üçün maraqlı olacağını duyuruq.
Öncə ondan başlayaq ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Şərtlər:
1.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.
2.
Son gün məsələsinə isə bu bənddə toxunacağıq: İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.
3.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
4.
Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.
5.
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
6.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
7.
Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.
8.
Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.
Satınalınma qaydaları:
1.
Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.
2.
Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır.
3.
Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.
4.
İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
5.
Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.
Beləliklə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gözəl bir təşəbbüs irəli sürüb. Alqışlanmağa layiq bu təşəbbüs oxuculara məhz arzuladıqları, populyar, maraqlı kitabları oxumaq imkanı yaradacaq.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)