UŞAQLARI ÖLDÜRMƏK OLMAZ!!!
Ruhəngiz Əliyeva yazır
İdman zalında uşağın ölümü ilə bağlı görüntüləri izlədim, hələ də özümə gələ bilmirəm. Sözlərim bu qədər açiz qalmamışdı. Lakin sosiallaşmalı və ciddi içtimai qınaq formalaşmalıdır.. Xocalıda baş verənləri izləyəndə, bir də indi qanım dondu...
Dostoyevskinin şah əsərlərindən olan “Karamazov qardaşları” əsərində İvan Karamazov Alyoşaya deyir: “Mənə de görüm, Alyoşa, əgər sən yaradıcı olsaydın və dünyanın yaradılması kiçik bir uşağın əzabını tələb etsəydi, dünyanı sən yaradardınmı?”
Əziz Nesin isə bir şeirində belə yalvarır:
"Öyle bir ağlasam
Öyle bir ağlasam çocuklar
Size hiç gözyaşı kalmasa.
Öyle bir aç kalsam
Öyle bir aç kalsam çocuklar
Size hiç açlık kalmasa.
Öyle bir ölsem
Öyle bir ölsem çocuklar
Size hiç ölüm kalmasa"
Uşaqlar, uşaqlarımız... Uşaqlığını yaşaya bilməyən uşaqlarımız. Öpməyə, əzizləməyə qıymadığımız, gözümüz dəyər deyə doya doya baxmadığımız uşaqlarımız, “yeməyib yedirdiyimiz”, “geyinməyib geyindirdiyimiz” uşaqlarımız…. Döyülməsinə baxa bilmədiyimiz uşağımız, övladımız, balamız…
O idman zalında qanad alıb mələk oldu, amma cənnət qapısında gözləyir…. Bizi hesaba çəkəcəyi günün təlaşında gözləyir.. Niyə bizi? Çünki biz kor, kar, lal cəmiyyətə çevrilmişik. Uşaqlarımıza edilən zülmlərə susmuşuq. Onları qorumaq üçün barmağımızı belə tərpətmirik. Biz, əgər varsa, daimi həlli olmayan məhkəmə tədbirlərini müdafiə etmişik. Belə qatilləri “edam” da israr etsək də, onun sosial mənşəyinə heç vaxt düşə bilməmişik…..
Niyə biz işin sosioloji və psixoloji tərəflərini nəzərə almırıq? Niyə biz bütün bunlara sadəcə 10 gün sonar unudulacaq xəbərlər kimi baxırıq?
Bəli, əsrlər boyu xəstə, pedofil, əqli cəhətdən qeyri-sabit insanlar var. Onlar mövcud olacaqlar. Təəssüf ki, bunu anlamaq üçün əlimizdə lakmus kağızı yoxdur. Təəssüf ki, insanların xarici görünüşü, sosial vəziyyəti, şəxsiyyəti, danışığı niyyətlərini ortaya qoya bilmir.
Nəticə etibarı ilə məhkəmə, qanunu, cəza, yaxud “yazılmayan qanunlar” ürəyimizi soyutmaq üçün bir çarə kimi görünə bilər, amma əsas məsələ ictimaiyyəti məlumatlandırmaqdır. Bunun həlli məktəb deyil, ailədir. Ailədə başlayan tərbiyə insanın xarakterini dəyişir!
Ailəsində sevgi görməyən, şiddətə məruz qalan, təhqir olunan, gücündən artıq məsuliyyət yükü daşıyan fərdlərin sağlam olmasını gözləmək böyük xəyal qırıqlığıdır. Bu olacaq...
Bizə gender bərabərliyini öyrənən, fərqliliklərə hörmət edən, cinsi kimlik və oriyentasiya haqqında məlumatlı, azadlığın sərhədlərini öyrənən, özünü və başqalarını tanıyan, sevgi ilə böyüyən, yaxşı qarşılıqlı əlaqə və ünsiyyətə malik sosial mühitdə yaşayan uşaqlar böyütmək, cəmiyyətə qazandırmaq lazımdır. Əks halda hətta tərbiyəçi, müəllim kimliyi belə qazansada qatil ruhlu manqurtlarla üz üzə qalacağıq.
Şərə qarşı ən böyük mübarizəmiz bu olmalıdır. Şəri, cəhaləti, şiddəti, cinsi aclığı, üstünlük eqosunu, fərqli və işıqlı görünənə nifrəti, qəzəbi bir qazanda əritməyin yeganə yolu budur. Bu, uşaqlarımızı qorumaq üçün yeganə yoldur. Bunun üçün cəmiyyətdə hər bir fərdin üzərinə çox, çox böyük vəzifələr düşür. Xüsusilə, biz şiddətə sosial baxışı dəyişdirməliyik və şiddətin, üstünlük təşkil etdiyi anlayışın məhv olmasını təmin etməliyik.
Bir sözlə, biz mütəmadi olaraq çox, çox mühüm məsələ ilə üzləşirik ki, onun üzərində ciddi, dərin təhlillər aparılmalı, məncə, komissiyalar, məclislər yaradılmalıdır. Ölümlərlə, fiziki, psixoloji və mənəvi zorakılıqlara qarşı mübarizə aparmalıyıq. Hər bir valideyin və ya uşaq tərbiyəsinədə hər hansı bir öhdəliyi olan insan bu haqda ciddi düşünməlidir. Bizim borcumuz həm fərdi, həm də ictimai olaraq bu rolların dəyişməsində iştirak etmək, üzərimizə düşəni etmək, təhsil fenomeninin hər bir fərdin həyatında yer alması üçün mübarizə aparmaqdır. Təbii ki, buna ilk növbədə öz ailəmizdən, övladlarımızdan başlamalı, bu mövzuda nümunə göstərən qurumlara, könüllülərə dəstək olmalıyıq.
İdman zalında döyülərək ölən 7 yaşlı uşaq hər birimizin uşağıdır…..adını bilmədiyim o uşagın atasının hissəlrini duyuram, ananın naləsinin içimdən hiss edirəm… Bu gün mən bu cəmiyyətdə müəllim, tərbiyəçi, alim olmaqdan utanıram…. Bağışla bizi gələcəyini idman zalında itirən, balaca... Bacarsan, bizi Alaha şikayyət etmə... Etmə ki, bu dünyanı canilərdən təmizləyək!!!
...Uşaqların ağlamadığı, öldürülmədiyi, kədərlənmədiyi bir dünya arzusu ilə...
XATIRLATMA
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin müəllimidir.
Mehman Xəlilov titulu olan idmançıdır. Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsini bitirib. Xəlilov sambo üzrə ixtisaslı məşqçi mütəxəssisdir. O, 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. Həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib.
Xatırladaq ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Şəkildə: idman zalında çəkilmiş görüntülər
“Ədəbiyyat və incəsənət”
(05.05.2023)