Beynəlxalq Əmək Təşkilatı: Müasir köləlikdə olan insanların sayı artır

Müasir köləlik halları etnik mənsubiyyətindən, mədəniyyətindən və dinindən asılı olmayaraq, dünyanın demək olar ki, hər bir ölkəsində baş verir. 

 

AzərTAC xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, faktiki olaraq bütün məcburi əməyin yarıdan çoxu (52 faiz) və məcburi nikahların dörddə biri yuxarı orta gəlirli və ya yüksək gəlirli ölkələrdə mövcuddur. Xüsusən, son bir neçə ildə müasir köləlikdə olan insanların sayı xeyli artıb. 

Təşkilatın hesabatında deyilir ki, 2016-cı ilin qlobal hesablamaları ilə müqayisədə 2021-ci ildə 10 milyon daha çox insan müasir köləlik şəraitində yaşayıb. Həmin ildə 50 milyon insan müasir köləlikdə, o cümlədən 28 milyon məcburi əmək və 22 milyon məcburi nikah şəraitində yaşayırdı. ILO bildirir ki, məcburi əməyə ən çox (86 faiz) özəl sektorda rast gəlinir. Kommersiya xarakterli obyektlərdə məcburi əməyin 63 faizini cinsi istismar təşkil edir. Məcburi kommersiya cinsi istismarına məruz qalan hər beş nəfərdən təxminən dördü qadın və qızlardır. 

ILO-nun məlumatına görə, dövlət tərəfindən tətbiq edilən məcburi əmək ümumi məcburi əməyə cəlb olunanların 14 faizini təşkil edir. Məcburi əməyə cəlb olunanların təxminən səkkizdə biri isə uşaqlardır (3,3 milyon).

Müasir köləlik əleyhinə mübarizə aparan ictimai xadimlərdən biri – “Etik liderlik: təzyiq altında əxlaqi qərar vermə” kitabının müəllifi Aidan MakQuayd bildirib ki, bu artım iqtisadi siyasət, köhnəlmiş qanunlar və adətlər ilə bağlıdır. Onun sözlərinə görə, insanların istismar və əsarət altına alına biləcəyi mühitin yaradılmasında bir neçə amil mühüm rol oynayıb. Bunların arasında viza qaydalarının çətinliyini göstərmək olar ki, bu, miqrant işçilərin işəgötürənlər tərəfindən istismarına əlverişli şərait yaradır. 

Məcburi əməyə cəlb edildiyi təxmin edilən 28 milyon insanın böyük küçələrdə və dəbdə olan alış-veriş bölgələrində fəaliyyət göstərən bir çox özəl müəssisələrin tədarük zəncirləri və əməliyyatları çərçivəsində əsarət altında olduğu bildirilir. Məsələn, Cənubi və Cənub-Şərqi Asiyada geyim biznesinin demək olar ki, hər mərhələsində köləlik də daxil olmaqla, dəhşətli insan hüquqları pozuntuları var.

Cənub-Şərqi və Mərkəzi Asiyadakı bəzi elektronika emalatxanalarında insanlar, o cümlədən uşaqlar əhəmiyyətli dərəcədə istismar edilir, bir çox kompüter və mobil telefonların əslində müasir kölələr tərəfindən istehsal edildiyi məlumdur. Bundan başqa, balıqçı qayıqlarında ən qəddar şəraitdə əsarət altına alınmış insanlar işləyir. Eyni zamanda, dəniz nəqliyyatı sənayesində də əhəmiyyətli istismar və məcburi əmək halları çoxdur.

MakQuayd sonda bildirib ki, bütün məcburi əmək sistemi yoxsulluqdan qurtulmağa çalışan insanların çarəsizliyi üzərində qurulub.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.