ZİYALILARIMIZI TANIYAQ VƏ TANIDAQ
Qazax-Ağstafa bölgəsindən olanlarda son illərdə böyük həmrəylik yaranıb. Bir-birinin uğuruna sevinən, dərdinə həmdərd olan bölgə camaatı bu yaxınlaşma üçün bir şəxsə borcludur. Həmin şəxs hətta əslən o bölgədən olsalar belə oralara ayaqları dəyməyən kəslərdə belə bir yurd sevgisi, oba təəssübkeşliyi yarada bilib. Həmin şəxs hətta o bölgədən olmayanların belə “mən də sizlərdənəm” demələrinə vəsilə olub. Söhbət İlham Pirməmmədovdan gedir.
“Ədəbiyyat və incəsənət” portalı indi sizlərə bu dəyərli ziyalımız barədə geniş məlumat verəcək. Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika" fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır.
1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil almışdır.
1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə və hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.
İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.
Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika" kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsində çalışır.
İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
“Ədəbiyyat və incəsənət” portalının kollektivi minlərlə digərlərə qoşularaq
dəyərli ziyalı, EL AĞSAQQALI, xeyirxah insan, vətənpərvər vətəndaş, hörmətli
İlham Pirməmmədovu ürəkdən təbrik edirik, uzun və sağlıqlı ömür diləyir.
Hədəfi 100 il olsun!
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)