“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır
Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!
…Uzun çəkən döyüşdən sonra, Teymur Bəyazidin 6 minlik ordusunu əsir götürür, Bəyazid döyüşü uduzduğunu görəndə, ailəsini başqa şəhərə göndərir, özü də gizlənmək məcburiyyətində qalır. Lakin az keçmir ki, Teymurun xəfiyyələri onu tapıb, qolları bağlı halda hüzuruna gətirirlər. Teymur İbrahim Bəyazidi saraya gətirən Mahmud ağanın üstünə çığırıb deyir ki, “Açın onun qollarını. Siz məgər bilmirsiniz ki, hüzuruma böyük bir imperiyanın hökmdarını gətirmisiniz?!”. Daha sonra Teymur ondan niyə üz-üzə gəlib vuruşmadığını soruşanda, Bəyazid ayaqlarında məfasil xətəliyinin olduğunu bəhanə gətirir. Fateh ona cavabında deyir ki, bu oynaq ağrısı sayılan xəstəlik zaman-zaman onu da narahat edir, lakin döyüşməyə mane olmur. Teymur Bəyazidi gözündən kənara qoymur, getdiyi bütün döyüşlərə onu da yanında gəzdirir. Fikirləşir ki, Bəyazidi iqamətgahda nəzarətsiz qoyarsa, bəzi zəif adamları özünə tərəf çəkib, saray daxilində qiyam və ya xəyanət edə bilər. İldırım Bəyazidi tam zərərsizləşdirən Əmir Teymur bir gün, ondan yaxınlıqda yerləşən Bizansı niyə zəbt etmədiyini soruşur. Cavabında İldırım Bəyazid ona deyir ki, Bizansa girmək üçün güclü dəniz donanması lazımdır. Onun isə belə gəmiləri yoxdur. Bu məqsədə çatmaq üçün isə nə az-nə çox, 2000-ə qədər gəmi gərəkdir. Bundan əlavə isə, su yolu ilə bu şəhərə yadellilər gələndə, dənizdən alov qalxır.
İldırım Bəyazidin “dənizdən alov çıxır” və gəmi donanması söhbəti hər bir sirrə vaqif olan Əmir Teymuru narahat etməyə bilməzdi. Əmir Teymur üçün həll olunmayan məsələ yox idi ki, Allah ona o qədər iti ağıl və uzaqgörənlik vermişdi ki, bütün çətin vəziyyətlərdən çıxmağın yolunu tez bir zamanda tapırdı. Belə olan təqdirdə, Fateh Teymur Fransadakı səfirinə xəbər göndərir, Teymurun sifarişini qısa müddət ərzində yerinə yetirən elçi sərkərdəyə xəbər göndərir ki, Fransadan dəmirdən hazırlanmış gəmilər almaq olar. Gecələrin birində Rum ilə Bizans arasında olan dənizi seyr edərkən, Teymur həqiqətən də dənizin alovlandığını görür. Dənizin suyunun üstündəki odun haradan əmələ gəldiyini soruşduqda, İldırım Bəyazid deyir ki, elə bu odun-alovun qorxusundan, kimsə Bizansı zəbt edə bilmir. Dənizə girən gəmilər, yarı yola çatmamış od tutub yanırlar. Bu odun sirrini isə min illərdir ki, Bizans imperatoru gizli saxlayır, sirr ancaq taxta çıxan növbəti imperatora verilir.
1200 ildən çox yaşı olan bu sirri öyrənmək həvəsi Əmir Teymura güc gəlir. Dənizin ortasında yanan alovu görərkən, tabeliyində olan Badukubədə (Bakını nəzərdə tutur – müəllif.) dayanmadan yanan torpaqlar gördüyünü xatırlayır. Badukubədəki alovların isə tarixi çox qədimdir. Bu yanar alovları Adəmin nəslindən olan insanlardan bu yana su ilə deyil, torpaqla söndürürlər. Badukubənin yanar torpaqlarını xatırlayan, Teymur Bizansa girmək üçün gəmiləri torpaqla doldurub, suyun üzərindəki odu-alovu ram edəcək. Bizansa girməyə hazırlaşarkən, İldırım Bəyazidin qohumu Meqnisiyanın hökmdarı Tuqul şahın Ruma hücumu barədə xəbəri alır. Az keçmir ki, Teymur böyük ordusu ilə Tuqulun qarşısına çıxır, Tuqul Əmir Teymurun ordusu qarşısında tab gətirə bilməyəcəyini görüb, ordusunun üzünü İran Azərbaycanına döndərir. Teymur bilir ki, Azərbaycanda o, İran, Tehran və digər qonşu dövlətlərin hakimləri ilə birləşsə, səltənətinə qarşı çıxa bilər. Buna görə də Tuqulu Azərbaycana qədər qovub, orada haqlayır. Tuqulun ordusunu darmadağın edir. Bu döyüşdə yaralanaraq hüzuruna gətirilən Tuqulu da bağışlayır. Lakin bir neçə gün sonra Tuqul öz əcəli ilə ölür. Aradan iki il keçəndən sonra, İldırım Bəyazidin Əmir Teymura qarşı etdiyi səhvin xəcalətindən ürəyi qubar gətirir və Ağşəhərdə dünyasını dəyişir. Vəfat etməzdən öncə Teymurdan oğlanlarına hər hansı bir ölkənin hakimliyini verməyi xahiş edir. Əmir Teymur Bəyazidin oğlanlarına xəbər göndərir ki, atalarını şahlara layiq dəfn etsin. Və bundan sonra öz oğlu Miranşahı deyil, Bəyazidin oğlanlarına Osmanlı vilayətlərində valilik verir.
Azərbaycandakı sonuncu döyüşündə də İldırım Bəyazidin oğlunun ordusunun gücündən istifadə edir. O taylı-bu taylı Azərbaycanı özünə tabe etdikdən sonra, anadan olduğu Keş vilayətinə qayıdaraq, Keş şəhərinin yenidən tikilib abadlaşdırılması barədə əmr verir. Şəhər qonaqları qarşılamağa hazır olanda, dünyanın hər yerində olan vassallarını və qonşu ölkələrin hökmdarlarını Keşə qonaq çağırır. Dəvətlilərin hamısı dəvəti qəbul etsə də, Çin imperatoru Əmir Terymurun dəvət məktubuna təhqir dolu bir cavab yazır: “Özünü böyük hökmdar kimi elan etmək istəyən Teymur bəy, Sizə ərz etmək istəyirəm ki, mənim Ca Belkadan Ca Belasa qədər olan ərazimdə sənin səhralarındakı qumlarından çox və dənizlərdəki balıqlardan çox sayı olan ordum var. Sən özünə necə rəva görüb, mənim boyda bir padşahı beş-altı dənə kərpicdən tikdirdiyin yerə dəvət edirsən. Məni təzim etməyə gələnlər, əvvəlcə on dəfə torpağımı öpür, sonra bu şərəfə nail olurlar. Əcəba, birdən Çinə yolun düşsə, əcdadlarımın tikdirdiyi Böyük divarı görüb təəccüblənərsən. Mənim adi bir əyaləti idarə edən canişinim səndən hünərlidir. Əgər onların biri ilə var-dövlətin və ya gücün ölçüyə gələrsə, onda mənimlə görüşmək xoşbəxtliyi də sənə nəsib olar”.
Bu məktubu alandan sonra, qarşıdakı iki il ərzində Əmir Teymur öz ordusunu Çinə yürüşə hazırlayır. 1404-cü ildə Teymur 200 minlik Ordusu ilə Çinə yürüşə çıxır. Lakin 1405-ci il fevralın 18- də Otrar aşırımında növbəti dəfə iflic keçirir, elə oradaca dünyasını dəyişir. Onu Səmərqənddə, əvvəlcədən inşa etdirdiyi Mavzoleyində, müəllimi Mir Seyid Bərəkənin ayaqları altında, ailə məzarlığında dəfn edirlər.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)