Sərkərdə Teymurun hərbi taktikaları Featured

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır

 

Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!

 

 

12 yaşından at belindən düşməyən, döyüş texnikasının bütün növlərinə bələd olan, hər iki əli ilə qılınc oynatmağı, qalxan tutmağı bacaran bu türk oğlu Fateh Teymur döyüşlərdə 72 dəfə yaralansa da, bir dəfə də olsun, aldığı yaralara görə səsini belə çıxarmayıb. Bu haqda özü yazır ki, “... dişlərimi bir-birinə qıcayıb səsimi çıxarmazdım, çünki, əsgərlərim səsimi eşitsə, ya məni gücsüz sanar, ya da ki, ruhdan düşərdilər”. Bəlkə elə bu dəmir idarəsinə görə də adı Teymur idi. 

Sahibgiran Teymurun ordusu gərgin döyüşlərə hazırlanarkən, əsgərlərini şəhərdən və elatdan uzaq olan bir yerdə qərarlaşdırar, çadır-duracaq yerlərini də uzaqda qurdurardı.  Əsgərlərinə belə bir tapşırıq vermişdi ki, döyüşdən əvvəl heç bir qadın və qıza baxmaq olmazdı. Sərkərdə yazırdı ki, orduda olan əsgərlər, yüzbaşı, minbaşılar adətən cavanlar olur. Cavanlıqda isə qan oynağan olur. Döyüşlər vaxtı, əsgərin fikri hər hansı bir gözəlin yanında qalsa, o döyüş qabiliyyətini itirəcək. Sərkərdə Teymur yazırdı ki, əgər ordu başçısı döyüşçülərinin gözündə güclü görünürsə,  döyüşçülər də ona baxıb rəşadət göstərəcəklər. Buna görə də sərkərdə tez-tez döyüş təlimlərinə çıxır, ox atır, qalxanla, qılıncla məharətini nümayiş etdirirdi. Döyüşlərdə fərqlənən döyüşçüləri, bahadırları, əmirləri səxavətlə mükafatandırırdı. Ordunu hər zaman hazırlıq vəziyyətində saxlayırdı. 

Ruma və Azərbaycana 7 illik yürüş edərkən , döyüşlərin uzun və ağır keçəcəyini bildiyindən, sərkərdə əsgərlərə göstərdikləri xidmətin müqabilində 7 ilin əmək haqqını, döyüşə getməzdən əvvəl verir. Ailələrinin yüksək təminatına əmin olan döyüşçülər isə bütün varlıqları, canları ilə döyüşlərə qatılırdılar.  Əmir Teymur xatirələrində qeyd edirdi ki, döyüşçülərinə göstərdiyi qayğı, verdiyi qiymət, dövlət tərəfindən orduya olan qayğı və nizam- intizam əsgərləri sədaqətli və rəşadətli etmişdi. Onların gücünə görə də bu ölkələri fəth edə bilmişdi. 

Əmir Teymura qarşı barışmaz mövqe tutan hökmdarların sıralarında şanlı-şöhrətli türk imperatoru, bütün döyüşlərdə qələbə qazanan,  türk sultanı İldırım Bəyazid də var idi. Əmir Teymurun İldırım Bəyazidlə döyüşü, Türkiyəyə yürüşü tarixdə həmişə təzadlı mübahisələr yaradıb. Bəli, bu gün tarixi saf-çürük edəndə, görürsən ki, Fateh Teymurun bu hərəkətində xarici qüvvələrin, əsasən də xristian ölkələrinin, eləcə də sarayında məktub yazan mirzə işləyən erməni Süleymanın böyük təsiri olub. Qarşısına dünyaya hökmdar olmağı məqsəd qoyan Fateh Teymur, təbii ki, Türkiyəni də özünə tabe etmək qərarından  vaz keçməyəcəkdi. Bu məqsədinin həyata keçirilməsinin sürətlənməsinə isə İldırım Bəyazidin ona yazdığı təhqir dolu cavab məktubu olur.

1391-1395-ci illərdə Terek çayı sahillərində apardığı uzumüddətli döyüş sayəsində, Qızıl Ordanın xanı Toxtamışı taxtdan salandan sonra, üzünü Osmanlı tərəfə tutur. Teymur 1402-ci iln yazında Ərzincan vilayətinə çatmazdan əvvəl Sultan Bəyazidə xəbər göndərib,  Kemah qalasıını və vergi verməsini istəyir. Bu barədə Rui Qonsales de Klavixo və Şərafəddin Yəzdi yazırlar: "...Teymurun ordusu Sivasdan çıxanda Sultan Bəyaziddən təhqiramız bir məktub gəldi. Məktubda o, Teymuru ağılsız adlandıraraq, heç bir borcu olmadığını bildirir və hətta and içir ki, Teymurla döyüşüb onun hərəmxanasını götürəcək, böyük xanımını özünə arvad edəcək". Daha sonra müəlliflər qeyd edirlər: "... hökmdar Farsı dolanıb, qışı Qarabağda dincəlmişdi. Yönünü Sivasa tutmuşdu. Bu məktubdan qəzəblənən Sahibgiran dərhal ordusu ilə Sivas səhərini mühasirəyə aldı. İldırım Bəyazid əvvəlcə oğlu Süleyman Çələbini 200 min qoşunla şəhəri mühasirədən azad etməyə göndərdi. Özü də döyüşə qatıldı. Çox mükəmməl hərb taktikasına malik olan Teymur bu döyüşdə də qələbə qazandı".

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.