Biz Azərbaycanda deyil, Şimali Azərbaycanda yaşayırıq - Varis yazır Featured

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin qeydlərini dərc edir

 

 

Dünyada ikiyə bölünən bütün xalqlar bunu öz dövlət adlarında nümayiş etdirir, bir növ, bölünmə faktını daim göz önündə saxlayırlar. Şimali və Cənubi İrlandiyalar, Koreyalar buna sübut deyilmi? Yalnız bir hissəsində müstəqil dövləti olanlar da həmin hissənin adında coğrafi göstəricini daşıyırlar. Məsələn, Şimali Makedoniya kimi. Amma biz - şimallılar 1991-ci ildə dövlət müstəqilliyimiz elan olunanda dövlətimizin adını Şimali Azərbaycan qoymağa cəsarət etmədik. Cənubi Azərbaycana ağalıq edən İrandan çəkindik. 

Bu gün tarixi səhvimizi düzəltmək üçün gözəl fürsət yetişib. İran bizə qarşı açıq düşmənçiliyə keçdiyini Ermənistana silah verməsi, sərhədlərimizdə hərbi təlimlər keçirməsi, 44 günlük müharibədən sonra azad etdiyimiz sərhədyanı torpaqlarımızda kommunikasiya qurmağımıza hər cür maneçilik törətməsi, səfirliyimizə silahlı basqın etməsi, Azərbaycanın ürəyi sayılan Təbrizdə erməni konsulluğu açmaq cəhdi, cənublu soydaşlarımıza qarşı təzyiq və təhdidləri artırması ilə müstəviyə çıxarıb.

Azərbaycan dövlətinin adını Şimali Azərbaycana dəyişmək zamanıdır, məhz bugünlərdə bunu etməsək cənublu soydaşlarımızın assimilyasiyasına göz yumacaq, onların fars rejimini devirib azadlığa qovuşaraq ikiyə bölünmüş Azərbaycanın birləşməsi istəklərinə təkan verməmiş olacağıq.

Nəzərə alaq ki, bu gün İran dünya gücləri üçün də persona-non-qrataya çevrilib, bu dövlətin dağılması planı dünya güclərinin masası üzərindədir. 

Heç vaxt belə fürsət olmayıb, bu fürsətdən yararlanmasaq tarix bizləri bağışlamayacaq! 

Biz Azərbaycanın deyil, Şimali Azərbaycanın vətəndaşlarıyıq! 

Yaşasın Bütöv Azərbaycan uğrunda haqq savaşımız!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.