21 ən yaxşı ideya müəllifi mükafat uğrunda yarışacaq

 

“Startup school”da ideya yarışı keçirilir

 

Səmərələşdiricilər və ixtiraçılar cəmiyyətdə daim lazımlı adamlar sayılırlar. Bir vaxtlar ölkəmizdə kəşflər, ixtiralar və səmərələşdirici təkliflər üç kateqoriya üzrə mükafatlandırılırdı və bu işlə məşğul olanlar babat qazanc əldə edirdi…

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hazırda KOBİA (Kiçik və orta biznesin inkişafı agentliyi) ən müxtəlif startUp layihələrini - müasir təbircə ixtira və kəşfləri, daha dəqiq isə ideyanı maliyyələşdirir. Özəl qurumlar da bu yöndə fəaliyyətdədirlər. Növbəti söhbətimiz bu barədədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School” bu cür bir platformadır və orada ideya yarışı keçirilir.

“Enterprise Azerbijan” portalının rəhbəri Mətanət Musayevanın bildirdiyinə görə, “StartUp School”a müraciət edən 200 layihə arasında startap layihələri ilə yanaşı ideyalar da üstünlük təşkil edib.

Bu ideyalar arasından ekspertlərin ən yaxşı hesab etdiyi 21 layihə “Ən yaxşı ideya” nominasiyasında yarışmaq üçün vəsiqə qazanıb. 

M.Musayeva məlumat verib ki, qalib ideyalardan 8-i xanım startapçılara məxsusdur. Müsabiqədə 15-25 yaş həddi arasında 16 nəfər qalib olub ki, bunlardan 2 nəfəri 15 yaşlı Azərbaycan vətəndaşları Ruslan Nəbili və Rəna Məmmədlidir. “StartUp School”a yeni ideyaları ilə müraciət edənlər arasında gənclər üstünlük təşkil etsə də, müsabiqədə yaşı 25-45 arası olan 4 nəfər də iştirak edib. Qalib ideya startapları arasında 4 nəfər Türkiyə vətəndaşı var. 

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.