İran, hara kimi gedəcəksən axı?

Sirr deyil ki, bu gün İranla münasibətlər gündəm təşkil edir. “Ədəbiyyat və incəsənət” aktual mövzulara nüfuz edərək bu mövzu barədə danışmaqda davam edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfərini həzm edə bilməyən İran heç cür sakitləşmək bilmir. Qələbədən ötən müddət ərzində hər gün demək olar ki, İranın təxribatları ilə üzləşirik. Ermənistanla münasibətləri hər addımda dərinləşdirən Tehran rejimi Azərbaycana qarşı təhdidlərini, hədələrini son vaxtlar daha da artırıb. Bu təhdidlərin son günlər açıq müstəviyə keçməsi isə İranın məqsədlərinin nə qədər çirkin olduğunu bir daha göstərir.

 

***

 

İran Vətən Müharibəsindən əvvəl Ermənistana siyasi, hərbi və iqtisadi dəstək göstərdiyini sirr kimi saxlamağa çalışırdı. Amma müharibədən sonra bu dəstəyini nümayişkəranə şəkildə həyata keçirməyə başlayıb. Molla rejimi gah İrəvanı pulsuz silahlarla təchiz edir, gah Ermənistanın sərhədlərini "qırmızı xətti" adlandırır, gah konsulluq açır, gah da Azərbaycanı təhdid edən videolar hazırlayır.

 

***

 

Son iki həftə ərzində İranın Ermənistana dəstəyi, Azərbaycana isə təhdid xarakterli davranışları daha da intensivləşib.

Məsələn, martın 11-də İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Azərbaycan təxribatla əlaqədar İran tərəfinə nota təqdim edib.

Buna baxmayaraq, rəsmi Tehran təxribat xarakterli addımlarına digər formalarda davam edib. Artıq bir neçə gündür ki, SEPAH-a bağlı Teleqram kanalları Azərbaycanı böyük müharibə ilə hədələyir, təhdid xarakterli animasiyalar yayımlayır. İran İslam Keşikçiləri Korpusuna (SEPAH) yaxın media qurumlarının yayımladığı son təhdid videosunda PUA-ların Araz çayını keçərək Azərbaycana hücum etməsi öz əksini tapıb. Həmçinin İranın şimal-qərb sərhədlərində yaranan gərginlik səbəbindən ordu və SEPAH-ın hava hücumundan müdafiə və raket bölmələrinin hazırlıq səviyyəsinə yüksəldildiyi bildirilir. Ermənistanın İran PUA-larına müşahidə aparmaq və məlumat toplamaq üçün hava məkanını açdığı barədə məlumat da yayılıb.

Rejim o qədər azğınlaşıb ki, Azərbaycan ədəbiyyatını, mədəni dəyərlərini belə şübhə altına alır. Son dövrlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars olduğunu, onun ölkəmizlə heç bir bağının olmadığını iddia etməyə başlayıblar. Bundan başqa, İran rejiminin nəzarəti altında olan media orqanlarının rəhbərləri siyasi etikaya da məhəl qoymurlar. Onlar Azərbaycanın Ali siyasi rəhbərliyində təmsil olunan şəxsləri təhdid edir, etik normaları aşan fikirlər səsləndirirlər.

İran Ermənistana hərbi dəstək verməklə yanaşı siyasi cəhəddən də onu tək buraxmır. Tehranın Bakıya qarşı təhdidlərinin intensivləşdiyi dövrdə İran xarici işlər nazirliyinin siyasi məsələlər üzrə müavini Əli Bagiri Kaninin Ermənistana səfəri xüsusilə diqqət çəkir.

Avropa İttifaqı missiyasının regiona yerləşməsinə etiraz etməyən İran, Kaninin dili ilə yalnız bölgə ölkələrinin təhlükəsizliklə bağlı qarant olduğu barədə mesaj verib. Amma Kani görmür ki, Avropa İttifaqı missiyasının tərkibində bir nəfər belə bölgə ölkəsinin nümayəndəsi yoxdur. Missiya İranı sanksiyalar altında boğan Qərb dövlətlərinin hərbçiləri, kəşfiyyatçıları tərəfindən təşkil olunub. Göründüyü kimi, riyakar İran hakimiyyəti gün keçdikcə həm Ermənistana dəstəyinin, həm də Azərbaycana qarşı təhdid ritorikasının dozasını artırır.

***

 

Tehranın bu oyununun mərkəzində isə Azərbaycanın maraqlarının neytrallaşdırılması dayanır. Çünki İran Cənubi Qafqazda çıxılmaz vəziyyətdədir. Vətən Müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar Tehranın yuxusuna haram qatıb. Bu gün regionun əsas gündəmi Zəngəzur dəhlizi məsələsidir. Azərbaycan bu məsələdə qəti mövqe nümayiş etdirir. Paralel olaraq, Tehran bölgədə həm dini, həm iqtisadi, həm də siyasi təsirini itirir. İranın həm Cənubi Qafqazda, həm də digər regionlarda təsir gücünü itirməsi, İnqilab Keşikçiləri Korpusu (SEPAH), və rejimin digər hərbi-siyasi strukturlarını hiddətləndirir. Çünki mollalar uzun illər özlərini bölgənin ağası hesab ediblər.

Hazırda hərtərəfli sıxışdırılan dini rejim xarici düşmən axtarır. Öz hərbi-siyasi resurslarını Azərbaycanın maraqları ilə mübarizəyə yönəldiblər. Amma Azərbaycanla birbaşa hərbi toqquşmadan çəkinirlər. Bu səbəbdən bölgəyə təsir etmək üçün Azərbaycana düşmən olan Ermənistanı silahlandırır, İrəvana hərtərəfli dəstək göstərir. Hədəfi isə Ermənistanı maşa kimi istifadə etməklə Azərbaycanı məqsədlərindən daşındırmaqdır, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına mane olmaqdır. Son günlər İranın Ermənistana hərbi-siyasi dəstəyini artırması bunun sübutudur. Görünür, Azərbaycanla Ermənistan arasında növbəti hərbi toqquşma baş verərsə, İran açıq şəkildə İrəvanın tərəfində gərginliyə müdaxilə edəcək.

Hadisələrin gedişi göstərir ki, Cənubi Qafqazda mövqelərini itirən İran, tarixinin ən uğursuz siyasi gedişlərini edir. Çünki İranın daxilindəki vəziyyət də rejimin başına bəla olub.

 

***

Məlumdur ki, İran uzun illərdir nüvə proqramına görə beynəlxalq sanksiyalar altındadır. Son aylar isə həm nüvə proqramına, həm də Moskvanı PUA ilə təmin etdiyi üçün daha da sıxışdırılır. Rusiya-Ukraya müharibəsində Moskvanı PUA ilə təmin etməsi isə İranın imicini sıfıra endirib. Mollar rejimi bu addımına görə də yeni sanksiyalarla üzləşir. Nəticədə son dövrlər ölkə daxilində iqtisadi vəziyyət daha da ağırlaşıb. Əhali aylardır dini rejimə qarşı aksiyalar təşkil edir, siyasi hakimiyyətin dəyişməsini istəyir.

 

Etiraz aksiyaların davam etdiyi bir dövrdə molla rejiminin daxilində ciddi parçalanmanın baş verdiyi müşahidə olunur. Parçalanmanın mərkəzində dini rejiminin dayağı olan SEPAH-ın dayanması xüsusilə diqqət çəkir. "Iran International" saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə İran rejimi daxilində gərginliyin pik həddə çatdığı öz əksini tapıb. İş o yerə çatıb ki, SEPAH daxilində bir qrup general Ali lider Ayətullah Əli Xamneyini öldürmək üçün planlar qurublar. Amma onların planı martın 17-də buna cəhd də ifşa olunub. Məlumdur ki, SEPAH birbaşa Əli Xamneyiyə tabe olan hərbiləşdirilmiş qurumdur. SEPAH-ın generallarını belə İran prezidenti deyil, Əli Xamneyi təyin edir. Həmin generallar birbaşa Əli Xamneyinin tapşırığı əsasında ölkə daxilindəki etirazları qəddarlıqla yatırmaqla məşğuldurlar. Bu səbəbdən İranın əksər şəhərlərində etirazçıların əsas hədəfi SEPAH qərargahları olur.

Görünür, rejim daxilindəki gərginlik o qədər artıb ki, Xamneyinin özünün rütbə verdiyi generallar onu öldürməyə cəhd göstərir.

SEPAH daxilindəki parçalanma İran hakimiyyəti üçün ciddi siqnaldır. Çünki təşkilatın əlində ciddi maliyyə resursları, iri banklar və daşınmaz əmlaklar var. Təşkilat demək olar ki, İran iqtisadiyyatının yarıdan çoxuna nəzarət edir. Belə bir qurum daxilində baş verən parçalanma İran hakimiyyətinin sonunu gətirə bilər. Ehtimal etmək olar ki, Əli Xamneyiyə sui-qəsd hazırlayan SEPAH generallarının hamısı ifşa olunmayıb. Onların hakimiyyəti ələ keçirmək üçün yeni cəhdlər göstərə biləcəyini proqnozlaşdırmaq olar.

 

 

***

 

Rəmsi Bakı həm İranın daxilini, həm də Azərbaycanla bağlı atdığı hərbi-siyasi addımları diqqətlə izləyir. Vəziyyətdən asılılı olaraq, İranın bütün təxribatçı davranışlarına adekvat cavab veriləcək. Çünki rəsmi Bakı bütün addımlarını beynəlxalq hüquqa və üçtərəfli bəyanatlara uyğun tənzimləyir. Azərbaycanın da Ermənistandan tələbi öhtəlikləri ilə bağlıdır. Bu səbəbdən Tehran Bakı-İrəvan hərbi-siyasi qarşıdurmasına müdaxilə edərsə, Azərbaycanı müttəffiqləri də hərtərəfli dəstəkləyəcək. Hadisələrin gedişi göstərir ki, həm daxili parçalanma, həm də xarici təzyiqlər molla rejiminin sonunu yaxınlaşdırır. Azərbaycanla hərbi qarşıdurma isə İran rejiminin sonu olar.

Bu zaman İrana üç tərəfdən - Azərbaycan Respublikası, Cənubi Azərbaycanda yaşayan 40 milyon həmyerlimiz və müttəfiqlərimiz tərəfindən ağır zərbə vurulacaq. Bununla da həddini aşan İran viran olacaq, mollalar isə Arazda oğulacaq.

 

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.