Qatarlar burdan-ora, ordan-bura gedirdi… Featured

Sizcə 3 aya nə qədər qatar sərnişini olub ölkəmizdə? 

 

“Ədəbiyyat və incəsənət” portalının sevilən  Açıq Portfel rubrikasında növbətçi Malik Məmmədli bu dəfə sizə çox maraqlı bir statiatika təqdim edəcək. Novruz bayramında nə qədər insan qatarlarla səfərə çıxıb.

 

Demək, Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC martın 18-dən 26-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub və bayram günlərində 1148 sərnişinə xidmət göstərilib. 

Elə bu yerdə növbətçimizin diqqətini o da cəlb edib ki, qatarla səfərə çıxanlar çox razı qalıblar. Məsələn, tanınmış travel blogeri Qərib Azər Qəbələyə qatarla səfərini öz sosial media hesabında okivar tərifləyib. 

Həmçinin martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 min 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64 min 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 milyon 330 min 297 sərnişin daşınıb. 1 milyon 330 min e, ay kişilər! Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmir yolu ilə 933 min 234 sərnişin daşınıb.

Demək, insanlarımız lap keçmiş Sovet dönəmlərindəki kimi qatarlara meyl etməyə başlayıblar. Bunun nəyi pisdir ki?

 

Qatar gəlir uzaqdan,

Tak-tak, tak-tak, tak-tak, tak.

Gözləyirəm bayaqdan,

Tak-tak, tak-tak, tak-tak, tak.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.