Qratsia, Sinyora! - 46,6 faiz!!

İlk baxışda hamıya elə gələr ki, xarici ticarətdə əsas partnyorumuz Türkiyə, Rusiya, Çin, BƏƏ, İran kimi ölkələrdən biri olar. Elədirmi? Amma yox ki yox! Azərbaycanın ən böyük ixracatçısı heç bilirsiniz hansı ölkədir? 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə Azərbaycnın xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları olmuşdur. 

Komitədən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

Bu da bayaqkı sualın cavabı: İtaliya! Bəli, bəli, İtaliya! 

İxracın az qala tən yarısı - 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1 faizini İrlandiyaya, 0,9 faizini Ukraynaya, 0,8 faizini Bolqarıstana, 5,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2022-ci ildə ixracın 90,9 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 4,6 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, şəkərin, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı üstünlük təşkil edib. 2022-ci ildə 2021-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 4,6 faiz, tütün 31 faiz, çay 59,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu 14,1 faiz, mineral gübrələr 10 faiz, emal olunmamış alüminium 50,2 faiz, qara metallardan çubuqlar 41,9 faiz, sement klinkerləri 14,8 faiz, qara metallardan borular 24,5 faiz artıb, təzə tərəvəz ixracı isə 2,8 faiz, şəkər 7,1 faiz, kartof 15,2 faiz, bitki yağları 33,5 faiz, meyvə və tərəvəz şirələri 12,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 32,3 faiz, pambıq lifi 39 faiz, polietilen 13,7 faiz, polipropilen 7,7 faiz, pambıq ipliyi 53,2 faiz, qara metallardan yarımfabrikatlar 49,6 faiz, bentonit gili 1,5 faiz azalıb.

 

“Ədəbiyyat və insəsənət”

(28.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.