Açıq portfel: Ötən il xarici ticarət dövriyyəsi 56,2 milyard dollar olub

2022-ci ildə xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 41 milyard 672,2 milyon dollar, idxalın dəyəri 14 milyard 539,9 milyon dollar təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Statistikada Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınıb.  

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. Komitədən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,3 faizi Çinin, 4,6 faizi Almaniyanın, 3,5 faizi Türkmənistanın, 3,4 faizi Qazaxıstanın, hər biri 3,3 faiz olmaqla ABŞ və İranın, 2,3 faizi İtaliyanın, 2 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,5 faiz olmaqla Fransa və Hindistanın, 1,3 faizi Braziliyanın, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiyanın, 0,8 faizi Polşanın, 13,7 faizi isə digər ölkələrin payına düşüb. 

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. 

İdxal olunan malların 61,7 faizini avtomobil, 18,7 faizini dəmir yolu, 10,3 faizini hava, 8,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,9 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. 

2021-ci illə müqayisədə 2022-ci ildə mühüm məhsul növlərindən buğda idxalı 12,6 faiz, bitki yağları 9,5 faiz, xam şəkər 6,1 faiz, təzə meyvə 4 faiz, kərə yağı, digər süd yağları və pastaları 23,5 faiz, unlu qənnadı məmulatları 9 faiz, çay 3,2 faiz, quş əti və onun əlavə məhsulları 12,4 faiz, dərman vasitələri 19,6 faiz, polad prokatı 45,3 faiz, sintetik yuyucu vasitələr 7,7 faiz, mebellər 12,7 faiz, polietilen 76,5 faiz, məişət kondisionerləri 35,5 faiz, qara metallardan çubuqlar 4,8 faiz, avtobuslar 56 faiz, polipropilen 12,7 faiz, sement 26,7 faiz artıb, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof 8 faiz, mal əti 15,8 faiz, təzə tərəvəz 31,7 faiz, siqaretlər 70,4 faiz, minik avtomobilləri 19,4 faiz, qara metallardan borular 9,8 faiz, hesablama maşınları, blok və qurğuları 19,4 faiz, yük avtomobilləri 7,7 faiz, rezin şinlər 0,2 faiz, mineral gübrələr 20,5 faiz, paltaryuyan maşınlar 18,8 faiz, qara metallardan künclüklər 12,3 faiz, məişət soyuducuları 39,2 faiz azalıb. 

2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub. 

İxracın 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1 faizini İrlandiyaya, 0,9 faizini Ukraynaya, 0,8 faizini Bolqarıstana, 5,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2022-ci ildə ixracın 90,9 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 4,6 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, şəkərin, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı üstünlük təşkil edib. 2022-ci ildə 2021-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 4,6 faiz, tütün 31 faiz, çay 59,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu 14,1 faiz, mineral gübrələr 10 faiz, emal olunmamış alüminium 50,2 faiz, qara metallardan çubuqlar 41,9 faiz, sement klinkerləri 14,8 faiz, qara metallardan borular 24,5 faiz artıb, təzə tərəvəz ixracı isə 2,8 faiz, şəkər 7,1 faiz, kartof 15,2 faiz, bitki yağları 33,5 faiz, meyvə və tərəvəz şirələri 12,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 32,3 faiz, pambıq lifi 39 faiz, polietilen 13,7 faiz, polipropilen 7,7 faiz, pambıq ipliyi 53,2 faiz, qara metallardan yarımfabrikatlar 49,6 faiz, bentonit gili 1,5 faiz azalıb.

 

“Ədəbiyyat və insəsənət”

(27.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.