Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş və "Əsrin fəlakəti" adlanan zəlzələdən sonra mütəxəssislər həmin bölgənin sakinlərinin yaşadıqları travmaları qiymətləndirərək, psixoloji bərpa proseslərini müşahidə etməyin vacibliyini vurğulayıblar.
Anadolu Agentliyi bildirir ki, İbn Haldun Universitetinin Rəhbərlik və psixoloji məsləhət departamentinin professoru Sefa Bulut zəlzələnin yaratdığı travmanın təsirinin hər kəs üçün çox fərqli olduğunu deyib.
Professorun sözlərinə görə, böyük xroniki travmaların fəsadlarının müalicəsi üçün vaxt və psixoloji dəstək lazımdır: “Zəlzələdən zərər çəkənlərin müsbət əhval-ruhiyyəyə ehtiyacı var. Müalicənin ilk addımı onların şokdan çıxmasına imkan yaratmaq, yaşadıqları hadisəni ifadə etmələrinə icazə verilməlidir”.
Mütəxəssis-psixoloq Tuba Karacan, zəlzələdən zərərçəkənlərin yaxınlarının onlara düzgün yanaşmasının vacibliyinə diqqət çəkib: "Bu prosesdə onlara yoldaşlıq etmək lazımdır. Xüsusilə də travma alan insanı mənfi əhval-ruhiyyəndən çıxarmaq, pozitiv mövzular haqda danışmaq məsləhətdir. Psixoloji ilk yardımın əsas elementlərindən biri travma keçirən insanı müşahidə etməkdir. Həmin şəxsi mənfi mövzular haqda danışdırmağa çalışmaq, hadisə ilə bağlı suallar vermək tövsiyə edilmir. Yalqız olmadığını hiss etdirməyə çalışın. Müşahidə etmək, söhbət etmək, dinləmək psixoloji yardımın üç əsas şərtidir. Zəlzələdən zərərçəkənlərin mənəvi yükü onların yaxınlarının üzərinə düşür”.
Zəlzələni bilavasitə yaşamamış insanların "mümkün zəlzələ" narahatlıqları barədə danışan psixoloq: "Özündə yuxusuzluq, qorxu, güclü narahatlıq hissi, depressiya, zəlzələ anını düşünmək kimi simptomları müşahidə edən şəxslər mütəxəssisə müraciət etməli və psixoloji dəstək almalıdır”,- deyə bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)