20 kəndi əhatə edəcək layihədən 33 604 ailə faydalanacaq

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən minatəmizləmə layihəsinə başlanılır

 

Sirr deyil ki, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi çox aktual bir məsələdir. Çünki sülh şəraitində belə minalar nə qədər canlar alıb. Bakıda baş tutan bir tədbir bu aktual məsələdə dönüş nöqtəsi ola bilər. Fevralın 7-də Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb.

 

Azərbaycanın, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Məcburi Köçkünlərin Təhlükəsiz Qayıdışının dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirmələri, əlbəttə ki, alqışalayiqdir. İndi isə tədbir barədə daha ətraflı: 

 

Aydın Kərimov

İlk çıxışçı Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov olub, o, minatəmizləmə məsələlərinə həsr olunan tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Şuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib. Mina problemi işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə, eləcə də soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasına mane olur. Dövlət qurumlarımız insanların öz evlərinə qayıtması üçün çalışır. Bu istiqamətdə istənilən təşəbbüslərə dəstək vermək istəyirik”.

Aydın Kərimov bildirib ki, Şuşada olan 2 mindən çox tarixi bina işğal dövründə dağıdılıb. “Eyni zamanda, biz maddi-mədəni irsimizi də bərpa edirik. Şuşada yerli enerji şəbəkəsini də qurmuşuq. Burada xəstəxanalar, məktəblər tikirik. Şuşada beşulduzlu otel də təhvil veriləcək”. 

 

Vüqar Süleymanov

Sonra çıxış edən Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, layihə geri qayıdan 33 minə yaxın ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa etmələrinə kömək edəcək. Minaların və partlamamış hərbi sursatların (PHS) mövcudluğu məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışının qarşısını alır. Bunu nəzərə alaraq Aİ, ANAMA və BMTİP öz səylərini mina və PHS-ləri təmizləyən cavab qruplarını hazırlamaq, təchiz etmək və yerləşdirmək istiqamətində birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması da nəzərdə tutulur. Bu tədbirlər, həmçinin layihə müddətindən sonra da münaqişədən zərər görmüş ərazilərdə insanların həyatını xilas etmək və icmaların yenidən qurulmasına yardım üçün ANAMA əməkdaşlarının strategiya və məlumatların idarə edilməsi üzrə təlim sessiyalarına dəstək verəcək.

Məcburi köçkünlər layihədən faydalanmaqla yanaşı, həm də layihədə fəal iştirak edəcəklər. Yeni minatəmizləmə qrupları yerli icmalarla sıx əməkdaşlıq edəcək və qeyri-hökumət təşkilatlarının minatəmizləmə fəaliyyətlərində iştirakı təşviq ediləcək.

“Azərbaycan hökuməti regionda sülh və təhlükəsizlik prinsiplərinə sadiq qalaraq, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti və donor təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu layihə ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi, o cümlədən ANAMA-nın potensialının artırılması, bilik və bacarıqlarının gücləndirilməsi, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq tərəfdaşların səyləri və həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə əməkdaşlıq, ərazilərin təhlükəsiz bərpası və yenidən qurulmasına, o cümlədən uzun illər ərzində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin dinc yolla geri qayıtmasına yardım edəcək”, - ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov qeyd edib.

 

Sultan Hacıyev

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev qeyd edib ki, yenidənqurma və bərpa işlərində Azərbaycan öz resurslarından istifadə edir. Minatəmizləmə Agentliyi də bu sahədə böyük işlər görüb. Ona görə də xarici ölkələr minatəmizləmə sahəsində bizim təcrübəmizdən istifadə edə bilər.

 

Nuno Queiros

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros deyib: “Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi paylaşmaq məqsədilə başlayırıq. Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə başlayan yeni layihə BMT İP üçün vacibdir. Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradacaq və onların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək.

O qeyd edib ki, BMT İP Minatəmizləmə Agentliyi ilə uzunmüddətli tərəfdaşlığa malik olmaqdan qürur duyur. Biz 1999-cu ildən minatəmizləmə tədbirlərini dəstəkləmişik və o zaman ANAMA-nın atdığı ilk addımlara kömək etmişik. Son 20 il ərzində BMT İP Azərbaycanda 850 mindən çox mina və digər partlayıcı silahların təmizlənməsində ANAMA-ya dəstək verib və 160 min 500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.

"Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq. Öz resurslarımızla və digər xidmətlərlə yanaşı, beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib.

Bu gün Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin 4 milyon 250 min avro məbləğində maliyyə dəstəyi ilə, o cümlədən Azərbaycan hökuməti ilə çiyin-çiyinə çalışaraq məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına dəstək vermək üçün bu layihəyə başlayırıq. Bu gün imzalanan layihə 20 kəndi əhatə edərək 33 604 ailənin faydalanmasına imkan verəcək.

Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq, həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək",- deyə Nuno Queiros vurğulayıb.

Nuno Queiros, həmçinin deyib: "Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq. Həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək. BMT İP minaları və partlamamış hərbi sursatları aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur. Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik".

 

Beləliklə, ölkəmizdə çox vacib bir layihə gerçəkləşəcək. Xeyirli və uğurlu olsun. 

Şəkildə: Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərkən.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.