Kriminal xəbərlər müxtəlif cür olur. Bəzilərində onu törədənlərdən qəddarlıq, vəhşilik, amansızlıq, bəzilərində isə aktyorluq, savadlılıq, elmlilik tələb olunur. İndi haqqında sizə danışacağımız cinayət işində isə qəhrəmanlarımız məhz aktyorluq qabiliyyətlərini ortaya qoyublar. Təfsilatı xəbərdə.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan İlkin Babayev, Eldar Muradov və digərlərinin özlərini dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin edilməsinə kömək göstəriləcəyi barədə yalan vəd verməklə şəxslərə məxsus 150 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, faktla bağlı başlanmış cinayət işi üzrə qrup üzvləri Cinayət Məcəllənin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İş üzrə digər qanunazidd halların müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)