Hazırda dünyada loqistika öz aktuallığını artırmaq üzrədir. Bu xüsusda nəqliyyat dəhlizləri və yolları xüsusi əhəmiyyət kəsb edirlər. Çin və Mərkəzi Asiyadan yüklərin Avropaya daha tez və təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcək yeganə yol Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir.
Hazırda müasir dünyada cərəyan edən geosiyasi proseslər nəticəsində Trans-Xəzər Nəqliyyat Dəhlizi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Rusiya-Ukrayna münaqişəsi və İranın daxilindəki qeyri-sabit vəziyyət Avropanın Asiya ilə ticarət dövriyyəsinə böyük mənfi təsir göstərib və adıçəkilən dəhlizə marağı xeyli artırıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yüklərin olduqca gec çatdırılması və təhlükəli ərazilərdən keçməsi əlavə xərcə səbəb olub ki, bu da Avropada istehlak qiymətlərinin artmasına gətirib çıxarıb. Belə vəziyyət nə dövlətləri, nə də iri şirkətləri qane edir. Bu səbəbdən də alternativ yol kimi Trans-Xəzər Nəqliyyat Dəhlizi nəzərdən keçirilir.
Bu dəhliz Çindən başlayaraq Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan keçərək Xəzər dənizinə, buradan isə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları vasitəsilə Avropaya birləşir. Bu marşrut Asiyadan Avropaya gedən ən qısa yoldur. Ötən ilə bu marşrutla yükdaşımanın həcmi 6 dəfə artıb ki, bu da ilk addımlardır. Gələcəkdə sözügedən dəhlizlə yükdaşımanın həcminin dəfələrlə artacağı gözlənilir.
Türkiyənin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ona böyük üstünlük qazandırır. Təsadüfi deyil ki, Türkiyə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinə dəvət alıb və tez bir zamanda bu təşəbbüsdə aparıcı ölkələrdən birinə çevrilib. 2015-ci ildə Çinlə Türkiyə arasında imzalanan razılaşmaya əsasən, dəhliz boyu yol infrastrukturunun genişləndirilməsinə qarşılıqlı sərmayə yatırılır.
Azərbaycan da bu dəhliz üzərində yerləşən aparıcı dövlətlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən və 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu bu gün qitələrarası ticarət dövriyyəsinin artmasında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Qazaxıstan və Rusiya ərazilərindən keçən xətlərdən fərqli olaraq, Avropa ilə Asiya arasındakı məsafəni 7000 kilometr qısaldır. Nəticədə yüklər iki aya deyil, cəmi iki həftəyə mənzil başına çatdırılır. Yaxın gələcəkdə isə bu marşrutla səyahət edəcək sərnişinlərin sayı da 1 milyondan 3 milyona yüksələcək.
Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Çinə ticarət yollarını şaxələndirmək imkanı yaradıb. Çinin Sakit okeandakı Malay keçidi ilə dəniz ticarəti o qədər də səmərəli deyil. Dəniz quldurlarının ticarət gəmilərinə basqını ilə yanaşı, dumanlı hava şəraiti də gəmilərə sürətlə hərəkət etmək imkanı vermir.
Buna görə də Çin Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olaraq Qars-Ədirnə dəmir yolu xəttinin tikintisini həyata keçirir. Bu xətt hazır olduqdan sonra Bakı-Tbilisi-Qars-Ədirnə yolu ilə daşınan yüklərin həcmi 15 milyon ton olacaq.
Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizin Trans-Xəzər Nəqliyyat Dəhlizi ilə daşınacaq yüklərin tranzitini həyata keçirməyə tam hazır olduğunu deməyə əsas verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir standartlar səviyyəsinə çatdırılaraq yükaşırma qabiliyyətinin artırılması, dəmir yollarının yeni texnologiyalar əsasında idarə edilməsi və bu kimi digər proseslər yaxın gələcəkdə Azərbaycanın Asiya ilə Avropa arasındakı nəqliyyat yollarının kəsişdiyi məntəqəyə çevirəcək. Bu isə nəinki yeni iş yerləri və əhalinin sosial vəziyyətinin yüksəlməsi, eləcə də Azərbaycana beynəlxalq siyasi dəstəyin artması deməkdir.
Yazı işlənərkən AzərTAC-ın materiallarından istifadə olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)