“Macarıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər ciddi sınaqlardan çıxıb”

İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi konfiqurasiya artıq etibarlılığını itirib. Hazırda XXI əsrin siyasi konfiqurasiyasının formalaşma prosesinin getdiyini demək mümkündür. Belə ki, dövlətlər arasında siyasi, iqtisadi, hərbi kontekstə imzalanan müqavilələr XXI əsrin konfiqurasiyasını hazırlayır. 1994-cü ildə imzalanan atəşkəs və “Əsrin müqaviləsi” bu mənada müstəqil Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan varlığını təmin edən ilkin anlaşmalar olub. Lakin həm XXI əsrin prioritetləri dəyişib, həm də Azərbaycan Qarabağda qazandığı Zəfərlə fərqli bir mərhələyə daxil olub. Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan dövlətinin beynəlxalq statusuna ciddi şəkildə müsbət təsir edib. 

Rusiya-Ukrayna müharibəsi Avropa dövlətlərini enerji təminatında alternativləri düşünməyə vadar edir. Belə ki, bu gün enerji təhlükəsizliyi Avropa üçün prioritetə çevrilib. Bu mənada enerji məsələsi postmüharibə dövründə Azərbaycan-Avropa münasibətlərinin tənzimlənməsi, eyni zamanda, Brüssel nəzdində rəsmi Bakının ciddi, etibarlı tərəfdaş kimi əhəmiyyətini artırıb. 

 

Bu sözləri AzərTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev söyləyib.

Politoloq vurğulayıb ki, Macarıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər ciddi sınaqlardan çıxıb. Uzunmüddətli münasibətlər, həmçinin Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın xüsusilə Türk dünyası çərçivəsində sıx əlaqələri iki ölkə arasında imzalanması nəzərdə tutulan sənədlərin üç gün kimi qısa müddətə razılaşdırılmasının əsas səbəblərindəndir. Prezident Əliyev çıxışında bunu belə ifadə etdi: “Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk” .

Orxan Vəliyev qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban öz növbəsində enerji marşrutlarının şaxələndirilməsində Azərbaycanı “gizli silah” kimi ifadə edib. İmzalanan sənədlər enerji başda olmaqla, 6 məsələni ehtiva edir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Belə ki, Macarıstan həm enerji təminatı, həmçinin Azərbaycandan gələcək qaz və elektrik enerjisinin ötürülməsində tranzit ölkə olmağa ümid edir.

“İki ölkə arasında imzalanan sənədlər arasında enerji məsələsi ilk sırada yer alıb. Bununla belə, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfəsini verə bilər. Digər tərəfdən Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının (TDT) xüsusilə iqtisadi bazasının inkişafına öz təsirini göstərəcək. Belə ki, Prezident Əliyevin Macarıstan səfərindən bir neçə gün əvvəl TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Macarıstana səfəri baş tutub. Beləliklə, postmüharibə dövründə xüsusilə enerji sahəsində imzalanan sazişlər Azərbaycanın Avropanın enerji təchizatında əsas və etibarlı tərəfdaşlardan biri olmağa davam edəcəyini göstərir. Regionda siyasi gərginliyə baxmayaraq, rəsmi Bakının rasional xarici siyasət xəttini davam etdirməsi bu məsələdə həlledici amildir”, - deyə Orxan Vəliyev vurğulayıb.

 

Şəkildə: Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilir.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.