Məktəblilər arasında keçirilən İnformatika və Proqramlaşdırma müsabiqəsi yekunlaşdı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi proqramlaşdırma üzrə “Azercell CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib.
Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.
Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsilə çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
“Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)