“Ədəbiyyat və incəsənət” portalı Aida Eyvazlı ilə Türk dünyasına addım-addım səyahəti davam etdirir. Bu dəfə müəllif bizlərlə öz Krım təəssüratlarından sonra Krımın tarixi barədə bilgiləri bölüşür.
Krım!!! Təbiəti qədər tarixi də sirrlər və xəzinələrlə dolu bir türk diyarı. Bu zəngin təbiəti və əsrarəngiz gözəlliyi ona şöhrət gətirdiyi qədər, həm tarixin yaddaşına ömürlük yazılan maraqlı hadisələri, şəxsiyyətləri ilə həkk olunub. Onun paleolit, neolit və tunc dövrünün abidələrindən deyil, bir az yaxın tarixindən bəhs edəcəyəm.
V-VI əsrlərdə Bizans imperatorluğu zamanında Krımın yerləşdiyi ərazini Dori adlandırardılar. Daha sonra dövlət mərkəziniə Doros dedilər. Dorilər ölkəsində düşmənlərdən və yadellilərdən qorunmaq üçün Bizans hökmdarları hündür hasarlar tikərdilər. Yaşayış yeri kimi isə daha çox dağ oyuqlarını, mağaraları seçərdilər. İndi də də Krımı səyahətə çıxanda bu dağ mağaralarında qədim insanların necə yaşamaqları haqqında nişanələrin qaldığını görmək olur.
Həmin yerləri turistlərə göstərəndə tarixindən maraqlı rəvayətlər danışırlar. VIII əsrdə Krım tədricən bizanslılardan xəzərlərin hakimiyyətinə keçir. X əsrdə yenidən güclənən bizanslılarla krımlıların döyüşü başlayır. 965-ci ildə Xəzər xaqanlığı çökür. Krıma hücum edib, onu ələ keçirən Vladimir Svyatoslav Bizans şahzadəsi Annayla evlənir və bu siyasi bağlılığı möhkəmləndirmək üçün hətta buralarda hələ də mövcud olan xristianlığı qəbul edir.
Feodal quruluşlarının mövcudluğundan sonra, Krımda Şirinbəylilər sülaləsi uzun zaman kəsiyində bəylik, xaqanlıq etmişdilər. Hətta Fateh Teymurun da inzibati və hərbi sənədlər toplusunda bu yerlər haqqında xüsusi qeydlər vardır.
Şrinbəylilər dinastiyası uzun müddət burada hökmranlıq edir. Tarix dönüb, zaman dəyişəndən sonra tarixin axarında güclənən Qızıl Orda burada öz hakimiyyətini gücləndirir. XIII əsrdə Krımı tatarlar ələ keçirərək burada Qızıl Ordanın hakimiyyətini möhkəmləndirirlər. Tarixdə Toxtamış Xan adı ilə məşhur olan Krım xanı Rusun üzərinə hücum edərək Moskvanı yandırır və monqol türk ellərinə sahiblənməklə, Rus dövlətini də özünə tabe edə bilir. Bir çox Krım xanları Toxtamışı sevmədiklərindən, öz aralarında müşavirə keçirib ondan qurtulmaq planlarını müzakirə edirlər. Uzun çəkişmə və diplomatik, siyasi gedişlərdən sonra Əmir Teymura mğlub olan Toxtamışdan Krımı da ala bilirlər. Baxçasaraydakı Çuft Qalada 1427-ci ildə öz xanlıqlarını yaradırlar. Beləliklə Hacı Gəray xan Krım xanlığı dinastiyasının əsasını qoyur. O, eyni zamanda ruslarla və Böyük Orda xanı Əhmədlə müttəfiq olub ittifaq bağlayayaraq, Polşa və Moldova ilə müharibə edir.
1453-cü ildə isə Osmanlı türklərinın Konstantinopolu zəbt etməsi Krımın və Avropanın cənub Şərqinin siyasi vəziyyətini dəyişdi. Osmanlı İmpeiyasının hakimiyyətə gəlməsi əslində Krim Xanı Hacı Gərayın da xeyrinə işlədi. 1454-cü Hacı Gəray xanın elçisinin Osmanlı İmperiyasının Dəniz donanmasının admiralı Əmir Kəhya ilə görüşündən sonra, osmanlıların Krım yarımadasına yolu açıldı. II Sultan Məhmədin qoşunları yadelliləri Krımdan çıxararaq, Krım xanına böyük səlahiyyətlər verməklə, həm də hakimiyyətini möhkəmlətdi, həm də Krım Türkiyənin vassallığına keçdi. 1454-cü ildə Türkiyə dəniz donanması Qara dənizi də ələ keçirdi.
Osmanlıların vassallığına keçməklə Krımda gəmi artileriyası, müdafiə qalaları da tikilməyə başladı. Krım xanlığında indi Qızıl Ordanın vaxtında olduğu kimi, yenə də sənətkarlara, xəttatlara, elm və incəsənət adamlarına böyük diqqət ayrılmağa başladı. Hər gün açılan mədrəsələrdə Qurani Kərim, ərəb dili, natiqlik, bəlağət, nücum elmləri, Avropa məhkəmələrindən geri qalmayan hətta onlardan daha irəlidə gedən məhkəmə sistemi və qanunları da tədris və tətbiq edlməyə başladı. Xanlığın iqamətgahı isə Baxçasaray seçilmişdi. Baxçasarayda alimlər, ruhanilər, filosoflar, ədəbiyyatçılar da toplanmışdı. Bura əslində bir Şərq üniversiteti idi. Xanlar bu sarayda elm məclisləri düzənləyib. bilik yarışlarına çıxardılar. Qazi Gəray xan (1588-1608-ci illərdə taxta oturmuşdu) gözəl musiqi duyumuna və biliyinə malik olmaqla yanaşı, həm də gözəl ruhlu şair idi. Xan sülaləsindən olan Bahadır Gəray (1640-1641-ci illərdə taxta oturmuşdu), Səlim Gəray (1704-cü ildə vəfat edib) da soraqları Türk dünyasına və Şərqə yayılan şair idilər. Krımda həyat qaynadıqca, Osmanlı Türkiyəsinə sığınan Krımın firavanlığı, çiçəklənməsi və möhkəmlənməsi, ətrafdakı qonşulara, əsasən də ruslara heç rahatlıq vermirdi. Çünki strateji əhəmiyyət kəsb edən Tavridalar ölkəsinin Qara dənizinə sahib olmaq, Rus üçün bütün dünyaya sahib olmaq demək idi.
1466-cı ildə Hacı Gəray vəfat edir. Onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlayır. Şirin bəylər dinastiyasından olan Əminbəyin vasitəçiliyi ilə Hacı Gərayın oğlu Məngu Gəray hakimiyyətə gəlir. Krımda 1427-1792-ci ilə qədər xaqanlıq edən Gəray xan sülaləsinin hakimiyyəti babalardan oğullara ötürülərək 4 əsrə qədər davam edir. 1571-ci ildə həmin dinastiyanın ardıcılı olan Dövlət Gəray xaqan Moskvaya hücum edərək İvan Qroznını və 60 min rus əsgərini əsir götürür. İvan Qroznının bəxti gətirdiyindən özünün ordusu ilə bu əsirlikdən xilas ola bilir.
1867-ci ildə Vasiliy Vasilyeviç Qolıtsin 50 minlik rus Ordusu ilə Krıma yürüş edir. İlıksu (ruslar bu çaya Konskie vodı deyirlər) çayının yanında Qolıtsinə Don kazakları da qoşulur. Burada dairə qapanır. Türkiyə həmin ərəfədə Avstriya, Polşa və Venetsiya ilə müharibə apardığından, Krıma köməyə gələ bilmir. Lakin öz ərazilərini dərindən tanıyan Krım ordusunun əsgərləri Or qapı düzəngahından İlıksu çayının sahillərinə qədər od vurub, rus-kazak əsgərlərini məğlubiyyətə uğradırlar. Or Qapı (Perekop) düzəngahında məğlubiyyətə uğrayan rus hərbiçisi və diplomatı V.V.Qolitsin heç cürə bu məğlubiyyətlə barışmaq istəmir. 2 ildən sonra, 1689-cu ildə ruslardan və ukraynalılardan ibarət olan 112- minlik Ordu ilə yenə Krım xanının üzərinə hücum keçir. Krım xanı isə onların qarşısına 250 minlik bir ordu çıxarır. Rus Ordusu yenə də məğlub olur.
Həmin döyüşlərdən 100 il keçəndən sonra da Rusiya öz marağını heç cürə Krımdan çəkə bilmir. Beləliklə 1768-ci -1774-cü ildə aparılan rus-türk müharibələri ərəfəsində rus orduları nəhayət ki, nisbətən də olsa, Krıma sahibliyi ələ keçirə bilirlər. 1774-cü il iyulun 21-də Rusiya ilə Türk Osmanlı İmperiyası arasında Krıma görə Kiçik Kaynarca Sazişi imzalanır. Bununla da Osmanlı İmperiyası Krım xanlığının müstəqilliyini tanımış olur.
Rus İmperiyasının iyrənc siyasəti öz işini görməkdəydi. Xan nəslindən olan Gəray Şahin Gəray xan rusa boyun əyməyərək, onun yanında özünü gücsüz gördüyündən, öz xoşu ilə 1783-cü ildə hakimiyyətdən və taxt-tacdan imtina etdi. Və Baxçasarayı ruslara buraxıb getdi. Onun bu gedişini görən Baxçasarayda yaşayan krım tatarlarının da əksəriyyətyi Türkiyəyə mühacirət etdilər.
1787-ci ildə Türkiyə yenidən Krımı qaytarmaq üçün Rusiyaya müharibə elan etdi. Tərəflər bir-birindən üstünlük təşkil etmədiyinə görə, bu müharibənin də sonu Moldova knyazlığının Yassa şəhərində 1792-ci ildə imzalanan Yassa Sülh sazişi ilə nəticələndi.
1791-ci ildə isə II Yekaterina artıq Avstriya İmperatoru İosifin müşaiyəti ilə Krıma gələrək, burada taxt-tacda oturmuşdu. Krımın Rusiyaya birləşdirilməsi üçün əsirlərlə aparılan müharibə və mübarizələr Rusiyanın qələbəsi ilə yekunlaşdı. Rusiya Qara dənizə çıxış əldə etməklə, siyasi meydanda hegemon dövlət imicini qazana bildi. Və o gündən etibarən də Ağ Məscid şəhərinin adını dəyişib Simferopol qoydular.
Rus şahzadəsi əslində “hazıra nazir” gəlmişdi. Krım xanlığının paytaxtı Baxçasaray, Kafə, Sol xət, Gezləv, Evpatoriya, Qarasubazar və başqaları... Buralardakı xanlar da rus ordusu qarşısında gücsüzləşdiklərini görüb yavaş- yavaş ya ölkəni tərk edir, ya da boyunduruğa girirdilər.
Səlnamə yazanların kitablarında XVI əsrin birinci yarısında Krım xanlarının öz ərazilərini genişləndirmək üçün 43 dəfə ruslara hücum etməkləri haqqında qeydlər vardır.
Beləcə Krım əldən getdi... O gözəl şəhərlər, xanqlıqlar, dağlar, dərələr hamısı Rus Şahzadəsinə qaldı. Nə qədər illər keçsə də krım tatarları və türklərinin ürəyindən həmin tarixi yerlərin adlarını və xatirələrini silmək mümkün olmadı. Mən də Krım səfərimdə ürək ağrısı ilə bunları xatırladım.
Növbəti dəfədə sizə Ağ Məscid – Yəni Simferopol barədə danışacağam.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)