“Azərpoçt” “Şuşa İli”nə həsr olunmuş marka kolleksiyasını dövriyyəyə buraxıb

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Şuşa 270 il” mövzusunda 21 adda markadan ibarət kolleksiyanı təqdim edib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

 

Şuşanın tarixi, memarlığı, ədəbi mühiti, musiqi və etnik mədəniyyəti, eləcə də flora və faunasını əks etdirən markaların hər biri yüksək tirajla dövriyyəyə buraxılıb. 

Markaların “söndürülməsi” proseduru “Azərpoçt”da keçirilib. 

MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov Qarabağın, o cümlədən Şuşa şəhərinin tarixi kimliyinin təqdimatı və təbliğatı istiqamətində atılan hər bir addımın miqyasından asılı olmayaraq görülən işlərə, xüsusilə informasiya müharibəsinə mühüm dəstək olduğunu vurğulayıb.

Azərbaycan Filatelistlər İttifaqının sədri Namiq Əliyev həyata keçirilən layihəyə görə “Azərpoçt” kollektivinə öz təşəkkürünü bildirib, həmçinin son dövrlərdə Azərbaycan markasevərlər cəmiyyəti ilə digər ölkələrin filatelistləri arasında münasibətlərin inkişafının Azərbaycan həqiqətlərinin təbliğatı baxımından vacibliyini qeyd edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, bu gün ərsəyə gələn markalar əslində bir il boyu, onlarla adamın birgə işlədiyi çətin prosesin nəticəsidir. Bu markalar öz növbəsində təbliğat daşıyıcıları kimi “getdikləri” hər yerə ölkəmizin məlumatlarını çatdırırlar.

Xatırladaq ki, “Azərpoçt” 2022-ci il ərzində “Şuşa – şəhid övladlarının gözü ilə” mövzusunda 9 markadan ibarət poçt bloku da dövriyyəyə buraxıb. Həmin markalarda istedadlı şəhid övladlarının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncam imzalayıb. Nazirlər Kabinetinin Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq etdiyi Tədbirlər Planına əsasən “Şuşa 270 il” mövzusunda marka və zərflərin dövriyyəyə buraxılması nəzərdə tutulurdu.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.