Yevlaxda 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlandığı gündəmə gəldi. Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olundu. Etiraf edək ki, son zamanlar Azərbaycanda erkən nikahın böyük bir problemə çevrilməsi ilə yanaşı, digər hallarda da qızlar qaçırılaraq evlənməyə məcbur edilir.
Mütəxəsislərin fikirncə, qadının razılığı olmadan qaçırılması Cinayət Məcəlləsinin 144-cü (“Adam oğurluğu”) maddəsi ilə tənzimlənir. Hüquqşünas Ramil Süleymanov bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə görə, adam oğurluğu normal şərtlər altında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Burada bir məsələ var ki, əgər evlənmək niyyəti ilə kimisə qaçırırsansa, qızın qaçırılması ilə bağlı valideynləri şikayət edirsə, təbii ki, bununla bağlı fakt üzrə araşdırma başlayır. Tutaq ki, qız da tapıldı və oğurlayan adam da tapıldı. Burada artıq birbaşa cinayətə məruz qalan şəxs qadının özü olduğu üçün ondan soruşulur ki, filankəsin səni qaçırması ilə bağlı hər hansı şikayətin varmı? Qız desə ki, var, o zaman onun ərizəsi alınır və zərərçəkmiş şəxs qismində tanınır. Nəticə etibarilə həmin əmələ 144.1-ci maddə ilə cinayət işi başlanılır, hüquqi qiymət verilir”,– deyən hüquqşünas bildirib ki, onun da sanksiyası Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə görə 5 ildən 10 ilə qədərdir.
Ancaq qaçırılan qadının heç bir şikayəti və tələbi olmursa, o özü qaçdığını etiraf edirsə, belə olan təqdirdə, fakt üzrə başlanılmış material xitam olunur.
“Bu gün onsuz da biz erkən nikah ilə bağlı həyəcan təbili çalırıq və deyirik ki, Azərbaycan Respublikasında çoxlu erkən nikahlar var. Bir çox hallarda yetkinlik yaşlarına çatmayan şəxslər məcburi şəkildə evləndirilir və ya qaçırdılaraq ailə qurmağa məcbur edilir.
Belə olan təqdirdə, həmin cinayəti törətmiş şəxslərin əməlinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Tutaq ki, məsələn, hər hansı bir şəxs gedib hər hansı bir qadını oğurlayır. Sonra əməlindən peşman olur və gətirib qaytarır. Belə olan təqdirdə, əgər həmin şəxsin əməlində başqa cinayət tərkibi yoxdursa, həmin şəxs məsuliyyətə cəlb olunmur”,– deyə hüquqşünas bildirir. Yəni qız qaçıran və ya bunu planlaşdıran hər kəs onu gözləyən cəza barədə də öncədən məlumatlı olmağa çalışmalıdır: “Əgər arada sevgi, istək yoxdursa və qız zorla qaçırılırsa, buna görə illərinizi barmaqlıqlar arxasında keçirə bilərsiniz”.
İlahin Zaman
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)