Ayının sevgisi ilə dovşanınkı qətiyyən eyni ola bilməz

 

Şəmil Sadiq yazır

 

Əslində pedaqogika “çətin tərbiyə olunan uşaq” ifadəsini sevməz. Bunu “tərbiyə etməkdə çətinlik çəkdiyimiz, bacarmadığımız hallar”la əvəz etsək, daha münasib olar.

 

Bizim baxış bucağımızdan baxsaq, insanlar dünyaya tərbiyəsiz gəlir. Lüt doğulur, həm cismani, həm də əxlaqi. “Əxlaq” sözünü də insan kəşf edib. Hər bir toplum özü istədiyi kimi tərbiyə edir insanı, ona görə də dünya rənglidir, hər cəmiyyətin öz ənənəsi, dəyərləri var. Bu gün bizim üçün qəbuledilməz hansısa insani davranış başqa bir toplum üçün ənənəvidir, dəyərdir.

Balabilgələr bir fərddir, hər biri bağçaya, məktəbə gəlməmişdən bir ananın, bir ailənin tərbiyəsini, yaşam qaydalarını mənimsəyib gəlir. Ailələrin də tərbiyə üsulu müxtəlif cür ola bilər, avtoritar, demokratik, xaotik, liberal və s. Ona görə də hər kəsdən, hər şeyə eyni reaksiyanı gözləmək bir müəllim üçün yanlışdır. Bundan başqa uşaqların psixoloji durumlarının da fərqli olması onları fərqləndirən əsas amildir.

Sevmək ən gözəl duyğudur, ayının sevgi nümayiş etdirməsi ilə dovşanınkı qətiyyən eyni ola bilməz. Halbuki hər ikisi eyni duyğunu verir öz balasına. İnsanlar da belədir, eyni şeyə reaksiyalar müxtəlif ola bilir. Bir müəllimin işi bunun fərqində olmasıdır. 15-20 nəfərlik bir sinfin hər bir uşağının fərd olmasını qəbul edib, sonra sinfə girməlidir. Bunu qəbul etmədikcə müəllim heç bir halda uğur qazana bilməz.

Məktəblərdə, siniflərdə, xüsusən də yeni qurulan məktəblərdə, yeni girdiyiniz siniflərdə uşaqlar arasındaki fərqi daha tez hiss edərsiniz, bunun üçün ilk şey fərdi yanaşma metodlarını işə salmağınız olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.