Əsas hədəf 2026-cı ildə Azərbaycana gələn əcnəbilərin sayını 4 milyona çatdırmaqdır

 

Xəbər verdiyimiz kimi, Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” keçirilib.

 

Tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sammitin əhəmiyyətindən danışıb və 2022-ci ildə turizm sektorunda əldə olunmuş nailiyyətlərdən söz açıb. 

Bildirib ki, əsas hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyona çatdırmaq. Bildirib ki, növbəti 4 il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artıma nail olmaq, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq, bütövlükdə Azərbaycanı dayanıqlı və əlçatan turizm destinasiyasına çevirməkdir.

Fuad Nağıyev turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini, bu hədəflərin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətləndiyini vurğulayıb.

Agentlik sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. O, turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin tətbiqi, turizm şirkətlərinə münasibətdə isə mülki məsuliyyət sığortası mexanizminin tətbiqinin nəzərdə tutulduğunu əlavə edib.

Həmçinin çıxışda DTA tərəfindən turizmin inkişafı istiqamətində görülmüş işlər, yeni “Turizm haqqında” Qanunda turizm sahəsinin hüquqi-institusional tənzimləmələri, Agentliyin tabeliyində olan qoruqlarda mədəni irsin qorunması və mühafizə üzrə aparılan yenidənqurma və bərpa işləri, turizm təhsili üzrə insan resurlarının inkişafı istiqamətində görülən işlər, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün atılan addımlar, hədəf bazarlardan aparılan marketinq-təbliğat işləri barəsində, eyni zamanda ilk dəfə olaraq istifadəyə verilən “Turist çağrı və məlumatlandırma” mərkəzi haqqında məlumat verilib.

Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün aparılan çoxistiqamətli tədbirlərdən bəhs edərək turizmin Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb. 

Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən “Turizm üzə vahid məlumat bazası”nın təqdimatı keçirilib.

Daha sonra tədbir “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti”, “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel diskussiyalar olub.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.