Tarixin "arxa bağçası"ndakı çiçəklər

Türklərin sivilizasiyanın inkişafına verdikləri töhfələr düzgün qiymətləndirilmir

 

Dünya tarixşünaslığının olduqca ədalətsiz yanaşdığı bir millət var. Onun keçmişi haqqında sadəcə "köçəri olub" deyərək əl yelləyir, bəşəriyyətin inkişafına heç bir töhfə vermədiyini iddia edirlər. "At belində mədəniyyət yaradılmaz", "çöldə elm inkişaf etdirilməz" deyə, onun sivilizasiyanın inkişafına verdiyi böyük töhfələri danırlar. Bu haqsızlıq uzun müddətdir davam edir. Artıq vəziyyət dəyişməli, dünya türkləri olduğu kimi tanımalıdır.

 

Əgər at belində mədəniyyət yaradılmazsa, at belində dövlət də qurmaq olmaz. Tutmaq olar, fəth etmək olar, amma qurmaq yox. Elə isə 17 böyük imperiyanı və ümumilikdə  irili-xırdalı 200-ə yaxın dövləti yaradan millət "həyatı at üstündə" keçən köçərilərdən ibarət ola bilməzdi. Öz tarixində bu qədər böyük dövlətlər yaradan ikinci millət Yer üzündə yoxdur.

 

At belində qurulan dünya

 

"Ömrü at belində keçən…" remarkına cavab olaraq deyək ki, əksər alimlərin fikrincə, atı ilk dəfə məhz türklər əhliləşdiriblər. Bu, sivilizasiyanın inkişafında təkərin ixtirası qədər olmasa da, hər halda, son dərəcə vacib bir sıçrayış idi. Çünki ilk dəfə atın əhliləşdirilməsilə bəşəriyyət sürət məfhumu ilə tanış oldu. Buna qədər hər şey ləng idi - hərəkət də, fikir də… Yəni bəşəriyyət sürəti ram etdiyinə görə ilk növbədə türklərə borclu olmalıdır.

"Dünya tarixçiləri tərəfindən türklər üçün səciyyəvi olaraq daha çox döyüş ruhu, hərbi şücaət qeyd edilir. Türklərin intellektual gücündən və elmi xidmətlərindən az bəhs olunur. Halbuki, türklərin sözü, fikri, hikməti, bəşər sivilizasiyasındakı rolu danılmazdır" . Bu sözləri AzVision.az-a müsahibəsində fəlsəfə elmləri doktoru, türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri Roida Rzayeva deyib.

Qərb tarixçiləri nəyə görəsə anlamaq istəmirlər ki, böyük fəthləri, qurulan imperiyaları sadəcə, köçəriliyin və kobud gücün ayağına yazmaq mümkün deyil. Türklər çox vaxt sivilizasiyaları dağırdan qüvvə kimi göstərilirlər. Bununla bağlı müxtəlif stereotiplər geniş yayılıb. Təəssüf ki, əksər hallarda türk tarixçiləri də bu tələyə düşür, yalnız əcdadlarının döyüşkənliyinə, gücünə, igidliyinə diqqət yetirirlər. Halbuki çox vacib bir məqamı unutmaq olmaz: müharibə aparmaq təşkilati baxımdan müstəsna dərəcədə mürəkkəb məsələdir.

- Döyüşçülərin igidliyi vacib komponentdir, lakin həlledici deyil. Döyüş meydanında qalib gəlmək, alınmaz qalaları olan bir ölkəni fəth etmək üçün nizam-intizamlı və təlim keçmiş ordu, bacarıqlı və istedadlı sərkərdələr lazımdır, çoxlu silah-sursat, təchizat, rabitə məsələləri həll olunmalıdır. Diplomatiya üçüncü ölkələrin dəstəyini və ya heç olmasa neytrallığını təmin etməlidir. Bir sözlə, uğurlu müharibələri ancaq yüksək effektiv dövlət aparatı olan güclər apara bilər. Türk xalqları tarixdə belə dövlətlər qurmaq bacarığını dəfələrlə nümayiş etdiriblər və onların təcrübəsini başqa ölkələr də fəal şəkildə mənimsəyiblər,- deyə qazaxıstanlı tarixçi, "Aspandau" Elm və Təhsil Fondunun idarə heyətinin üzvü Radik Temirqaliyev "AzVision" ilə söhbətində bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin siyasi qüdrəti hər zaman iqtisadi rifah üzərində qurulub. Məsələn, Qazaxıstan ərazisində şəhər mədəniyyətinin çiçəklənməsi türk xaqanlıqları dövrünə təsadüf edir. Xarəzmin sürətli yüksəlişi və şəhər sivilizasiyasının intensiv inkişafı bu dövlətin başına türk sülaləsi keçdikdən sonra, XI-XII əsrlərdə gerçəkləşib.

Əgər 15-ci əsrin ortalarında Konstantinopolda 80 minə yaxın insan yaşayırdısa, Osmanlılar onu fəth edib, adını "İstanbul" qoyduqdan sonra qısa müddət ərzində şəhərin əhalisi 700 min nəfərə çatdı. Yəni türklər tarixi səhnədə "barbar" və "dağıdıcı" deyil, yaradıcı rolunu oynayıb, geniş bölgələrin iqtisadi inkişafına yeni təkanlar veriblər.

Türk dövlətlərinin Şərqlə Qərbin minilliklər boyu davam edən əlaqəsini təmin etməsi isə onların sivilizasiyanın inkişafına göstərdikləri müstəsna xidmətlərdən biridir. Məhz türklərin yaşadıqları torpaqlardan keçən Böyük İpək Yolu ilə aparılan ticarət böyük coğrafi kəşflər dövrünə qədər Avropanın inkişafı üçün iqtisadi bazanı yaradan faktorlardan biri olub.

 

Köçəriliyin dərin qatı

 

Türkləri anlamaq üçün "köçərilik" anlayışını düzgün başa düşmək lazımdır. Köçərilik o demək deyil ki, bu gün mal-qara burada otu yeyib qurtardısa, sabah şələ-küləmizi yığıb, sürünü qabağımıza qataraq, başqa yerə köçəcəyik. Bəli, gülməli də olsa, köçəriliyi çox vaxt məhz belə təqdim edirlər. Halbuki, köçəri həyat tərzinin dərin fəlsəfəsi var, onu anlamaq, duymaq lazımdır.

Türklərin formalaşdığı Böyük Çöl - Avrasiyanın ürəyidir. Burada dünya tarixini dəyişən sərkərdələr, alimlər yetişiblər. Böyük Çöl özünün nəhəngliyi ilə insana meydan oxuyur, onu atını üfüqə doğru çapmağa, daim irəli getməyə səsləyir. "Türkün məzarı atının yarmasındadır" məsəli boş yerə yaranmayıb.

Sonradan Avropa xalqlarının inkişafında Okean hansı rolu oynayıbsa, türklər üçün də Böyük Çöl bax, o idi. O, Türkün okeandır; Türk orada üfüqə - yerlə göyün birləşdiyi məchul xəttə çatmaq niyyətilə atını irəliyə çapa-çapa formalaşıb, dünyagörüşü yetkinləşib. Avropa sivilizasiyasının inkişafında orta əsrlərin sonunda gəmilər hansı rolu oynayıblarsa, Türk sivilizasiyası üçün atlar eyni funksiyanı yerinə yetirib.

Köçəri türklər oturaq kənd təsərrüfatı cəmiyyətlərində hakimiyyət institutlarının formalaşmasına köklü təsir göstəriblər. Onlarla təmasda olan xalqların təsərrüfatına ev heyvanları daxil olub, qida rasionu keyfiyyətcə dəyişib, zülallı qidaların rolu artırıb.

Rusiyalı türkoloq Sergey Semyonoviç Kristioqlo AzVision.az-a yazdığı məqalədə göstərir ki, köçəri sivilizasiyanın sirli ruhunu anlamaq üçün türklərin runik yazısına baxmaq lazımdır. Runlar xüsusi bir əlifbanın elementləridirlər, amma adi hərflərdən fərqli olaraq, kommunikativ funksiyadan əlavə, sakral bilik daşıyıcısı rolunu da oynayıblar. Runlar bir növ sanki həm ağlın, həm də ruhun əlifbasıdır. Türk runlarını həm soldan sağa, həm də sağdan sola oxumaq olar. Onların tarixi çox qədimdir və şübhəsiz ki, sonrakı türk yazısının əsasını qoyan ilk hərflər olublar.

Çingiz Aytmatov adına "Beynəlxalq İssık-Kul Forumu"nun vitse-prezidenti Dinara Jumabayeva AzVision.az üçün xüsusi olaraq çəkdiyi videokastda deyir ki, prototürklərin bütün bu bacarıqları öz dövləri üçün inqilabi idi.

- O dövrdə o məkandakı sivilizasiyanın əsas dəyəri hansısa piramida, yaxud böyük divarın tikilməsi deyil, geniş insan kütlələrini ətraf aləmi çox yaxşı bilən, inkişaf etmiş köçəri icmalar halında təşkil etmək bacarığı idi. Bütün bunlar digər xalqlarla müqayisədə kifayət qədər mükəmməl və sabit bir dilin daha erkən formalaşmasına səbəb oldu. Avropa ilə Asiyanın ortasında olan köçərilər bir növ müxtəlif sivilizasiyaları, mədəniyyətləri, xalqları birləşdirən katalizatora, körpüyə çevrildilər,- xanım Jumbayeva vurğulayıb.

Göründüyü kimi, qarşımızda ənənəvi Qərb sivilizasiyalarından fərqli bir dünya var. Türk dünyası öz əməlləri və fəthləri ilə bəşər tarixinin inkişaf vektorunu dəfələrlə dəyişib. Dünyada ilk dövlət rəmzləri və işarələri, eləcə də siyasi terminlər birinci dəfə Çöldə yaranıb. İlk dəfə metaldan silah hazırlayan da türklər olublar. Beləliklə, türklərin müasir Avropa və dünya mədəniyyətinin yaranmasına, inkişafına həlledici təsir göstərdiyini söyləmək üçün bütün əsaslar var.

Türkiyəli tarixçi, Qars-Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri Elnur Həsən Mikayıl köşə yazısında qeyd edir ki, türklər ən çox Xəzər dənizi ətrafında məskunlaşdıqları dövrdə inkişaf və təkamül ediblər. Əsrlər boyunca Xəzər dənizinin səviyyəsinin müəyyən dövriliklə qalxıb-enməsi türklərin böyük dövlətlər yaratmasına səbəb olub.

 

"Yabanı" demokratiya

 

VII əsrdə türklər İslam mədəniyyətinin tərkibinə daxil oldular. Bu, ona görə asan baş verdi ki, onsuz da türklər həmin mədəniyyətin daşıyıcıları idilər, onların ictimai şüurunda həmin dəyərlər var idi. VIII əsrdən sonra İslamın yayılması artıq türk xalqlarının adı ilə bağlıdır. Onun orta əsrlərdəki inkişafı və qlobal din kimi dünyaya yayılması birbaşa türklərin xidmətidir.

Bu haqda danışanda vacib bir nüansı vurğulamaq lazımdır. XV-XVI əsrlərdə Avropada başlayan intibah ilə tarixin yeni səhifəsi çevrilir: orta əsrlər bitir, yeni dövr başlayır. "İntibah" - oyanma, dirilmə deməkdir. Bəs oyanan və dirilən nədir? Xristianlığaqədərki Avropa mədəniyyəti - yəni Qədim Yunan və Roma irsi.

Romanın süqutundan sonra Avropada başlayan qaranlıq dövrdə (o, Qərb tarixşünaslığında elə rəsmən belə də adlanır: "Dark ages") həmin zəngin elm və mədəniyyət tamamilə itirilmişdi. Bunu qaranlıq dövrlərdə Avropada yaradılan manuskriptlərin (əlyazmaların) sayından da görmək olar. 600-700 il ərzində Qərbi Avropada faktik olaraq bilik istehsal etmək və yaymaq işi tamamilə dayanmışdı.

Sonrası daha maraqlıdır. 12-ci əsrdən xilafət Çindən tutmuş, Ön Asiyaya qədər böyük ərazidə həlledici gücə çevrilən türklərə keçir. Avropanın klassik mirasını da onlar inkişaf etdirməyə başlayırlar. Avropa ayılıb, intibaha başlayanda qədim yunan və roma irsini artıq müsəlman alimlərinin əsərlərindən öyrənəcəkdi. Onların arasında isə əksəriyyəti türklər idilər.

(ardi var)

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.