Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
KOBİA-dan mediaya verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb.
“Startap” şəhadətnamələri “VR Home” MMC-nin virtual reallığa əsaslanan (marketpleys) və “Probill” MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, “Blokchain Academy” MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi linkində tanış olmaq olar.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)