Ukraynanın energetika infrastrukturuna raket hücumu zamanı Rusiya ölkənin 8 vilayətində 11 obyekti ciddi zədələdi. 8,22 gigavatt güc generasiyası sıradan çıxarılıb. Müqayisə üçün deyim ki, Ukraynanın ümumi generasiya gücü 42,8 gigavattdır.
Yarımstansiyalara və paylayıcı şəbəkələrə dəyən ziyan da nəzərə alınanda, rəsmi rəqəmlərə görə, Ukraynanın ümumi elektrik sisteminin 30%-i, yəni təxminən 1/3-i müvəqqəti sıradan çıxarılıb.
Bir sıra şəhərlərdə, o cümlədən, paytaxtda elektrik təminatında problemlər yaransa da, bütövlükdə ölkənin elektrik şəbəkəsinin sabitliyi pozulmadı. Sadə dillə desək, Rusiya Ukraynanı qaranlığa qərq etməyi bacarmadı.
Moskvanın təbliğat vasitələri “işıqsöndürmə” əməliyyatının əsas uğuru kimi bunu göstərirlər ki, Ukrayna daha Avropaya elektrik ixrac edə bilməyəcək. Hərçənd, bunun nə dərəcədə “uğur” olması mübahisəli məsələdir. Ukraynanın ixrac qabiliyyəti müvəqqəti itirilib və yenidən bərpa olunacaq. Raket zərbələrinin daha çox siyasi yüklü həmlə olduğunu ehtimal edə bilərik: Moskva göstərdi ki, mülki infrastruktura raket zərbələri endirəcək qədər “yetişib” və bundan sonra döyüş meydanındakı uğursuzluğunun əvəzini ölkənin energetika sistemindən də çıxa bilər.
Bu metodla Ukraynanın enerji şəbəkəsini tamamilə sıradan çıxarmaq mümkündürmü? Kifayət qədər raket olsa, nəzəri cəhətdən bəli. Amma bu zaman iki məqamı nəzərə almaq lazımdır.
Birincisi, Ukraynanın elektrik generasiyasının təxminən yarısı atom elektrik stansiyalarının payına düşür, onları isə vurmağa Rusiya heç bir halda risk və cürət etməyəcək. Hazırkı həmlədə vurulanlar daha çox oliqarx Rinat Ahmetovun “obyekt”ləri idi (Ukraynanın istilik elektrik stansiyalarının təxminən 80%-nə onun DTEK şirkəti nəzarət edir).
İkincisi, istisna deyil ki, məhz bu hadisədən Qərb ölkələri Ukraynanı raketdən müdafiə sistemlərilə təchis etmək haqqında ciddi düşünməyə başlasınlar. Rusiyanın raket həmləsinin ardınca ABŞ Ordusunun qərargah rəislərinin birləşmiş Komitəsinin sədri, general Mark Millerin raketdən etibarlı müdafiə sisteminin yaradılması üçün tərəfdaşlarının Ukraynaya yardım etməli olduqlarını bəyan etməsi heç də təsadüfi deyildi.
Mənə ən maraqlı gələn Rusiyadakı iqtisadçıların necə ağıllı görkəm alaraq, bu raket hücumlarının Avropa ölkələrinə vuracağı iqtisadi ziyanı ciddi-ciddi şərh etmələridir. Onların sözündən belə çıxır ki, Ukrayna Avropaya satdığı elektriki dayandırmağa məcbur olduğuna görə həmin ölkələrin iqtisadiyyatı çökəcək. Reallıqda isə Avropanın enerji balansında Ukraynanın rolu o qədər də böyük deyildi ki, onun ixracatı müvəqqəti dayandırması ağır sarsıntı yaratsın. “UkrEnerqo”nun məlumatına görə, ötən il Ukrayna Macarıstana 486 mvt, Polşaya 210 mv, Rumıniyaya 93 mvt elektrik ixrtac etmişdi. Ümumilikdə 789 meqavatt edir. Halbuki, Avropanın ümumi elektrik istehlakı ildə 3.251.393.000 meqavattdır. Yəni müqayisə etmək belə mümkün deyil. Sadəcə, Rusiyanın “iqtisadçılar”ı özlərini gülünc vəziyyətə salaraq, bu yolla ölkələrinin mülki obyektlərə qarşı terror hücumuna uydurma siyasi əsaslar qazandırmağa çalışırlar.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru