İnsanlığın PƏRVANƏSİ... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı, xoş söz deməyi yadırğayıblar. Əksəriyyət kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən danışıb təbliğ etmək istəmir. Bunun üçün ya arada hansısa maraq olmalıdır və ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa ürəyigeniş, mərd insanlar var. Onlar tanıdı-tanımadı yaxşıya yaxşı deməyi bacarırlar. Bu həm yaxşıları həvəsləndirir və həm də yaxşılıqların artmasına təkan verir...

 

Bu gün sizə 1982-ci il aprelin 23-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn Pərvanə Bayramqızından danışmaq istəyirəm. O da, hətta şəxsən tanımadığı insanların yaradıcılığı barədə xoş söz deməyi bacaran qələm adamlarındandır... 

 Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Pərvanə xanım orta məkətəbi bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya köçüblər. Sonra filologiya və kitabxanaçılıq ixtisası üzrə təhsilə yiyələnib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır...

 

Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib, onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər...”

 

Peşəsinin vurğunudur, mütaliə etməyi, daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda qeyd etdiyim kimi, bir şözəl şakəri də var:- Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə, həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən ibarət altı kitabı çap olunub... 

 

“Məncə, yaxşı danışana, ağzından dürr tökülənə, maraqlı söhbət edənə qulaq asan olmur, hətta sözünü kəsib özləri danışırlar. Mənasız məişət söhbəti adamları daha çox cəlb edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının pisliyindən danışanı, çoxu həvəslə dinləyir. Belələrini söhbətcil adlandırılır. Onların "dinləyici auditoriyaları" üstünlük təşkil edir. Nəylərinə gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin təfəkküründən bəhs edən mövzuların. Qərəzsiz danışırsansa, obyektiv fikirləşirsənsə, özünü tanımadan kiminsə sözü ilə kimisə asıb-kəsmirsənsə maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.

 

Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin fəlakətlərini, fərdi yaşantılarını, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı isə onun üçüncü kitabıdır. “Bir də gördüm…” adlı dördüncü kitabını atasının xatirəsinə həsr edib. Bu ilin mart ayında ərsəyə gətirdiyi bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər”in ardınca yalnız hekayələrin sıralandığı “Siz harda yaşayırsınız?” kitabını da oxucuların ixtiyarına verib. "Asan çətinliklər" kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya çevrilərək, 2025-ci ilin yanvar ayında İranın Miandoab şəhərində "Tərz" nəşriyyatında çap olunub...

 

  Deyir ki:- “Nadanların yanında dan görünmək üçün gərək onların tayı olasan, yoxsa təklənirsən. Adamın yaxşı insanlara canı yanır, duyğularına, xoş hisslərinə heyfi gəlir. Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə, ya paxıllığını çəkirlər, ya da ruhən öldürməyə çalışırlar. Ətraf doludur bu cür "qatillərlə".”

 

Cəmiyyətdə raslaşdığı problemlər- nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri onu çox narahat edir. Düşünür ki, bunun qarşısını yalnız marifləndirməklə almaq olar...

 

“Tez-tez qarşılaşdığım məqamdır- hansı qadın kollektivində oluramsa, mənə ağzımı açıb bir kəlmə deməyə imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor yaradır, ya da hər kəs özü danışır, özünə maraqlı olan mövzunu ortaya atır. Mən də günahkarcasına onlara baxıram. Özümü danlayıram: necə maraqsız adamam... bu qadınların güldüyü söhbətlərə niyə gülməyim gəlmir? Niyə mən də başqalarının yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar özgəni müzakirə edəndə mən "İnsanı öldürmək" hekayəsindən danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini özümlə o başa-bu başa daşıyıram? Kimə lazımdır axı? Əcəb olur mənə. Yaxşısı başını aşağı salıb yazmaqdır.”- söyləyir.

 

Oxucu qıtlığından gileylənir. Gənclərdə kitablar haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif edir. Onun bu təklifinə gülməyi tutanları, mənasız iş sayanları "laqeyd vətəndaşın millətə zərəri" maddəsi ilə mənəvi məsuliyyətə cəlb olunmasını istəyir.

 

Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Əsas xüsusiyyətləri isə ağıllı, mərd və müdrük olmasıdır. Onu çox bəyənirlər, elə buna görə də ətrafındakı qadınların bəziləri onu qısqanır, paxılığını çəkirlər...

 

Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa, dilimə də onu gətirirəm. Bildiyim təkcə obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər, olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma gəlməyən simadan uzaq dursam da özünü ustalıqla gizləyən hiyləgərlərə inanıram. Əgər gözümün qabağındakı saxtakar, hiyləgər özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən saf olana da yaxınlaşmağa adam tərəddüd edir.

Neynəyim dodağısözlü, qeybətcil, paxıl, təfəkkürü mətbəxdən o yana inkişaf etməyən qadınlarla sözüm tutmur...”

 

Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir. Etibarlılığı və mülayim təbiəti ilə fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə həyata keçirməyi bacarır. İnadkar, xarizmatik xanımdır. Bəzən sərt, bəzən isə həssas olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları bəyənir. Ümumiyyətlə, insanları tanımaqda çətinlik çəkmir...

 

“Yaxşı insanlar onlara dəyər verən, yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz, yaxud paxıl əsl insanın layiq olduğu münasibəti ona göstərməz. Xainin gözündə yaxşı insan yaxşı kimi yox, maneə kimi görünər. Paxıl adam insanlığı dəyərləndirə bilməz. Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı özündə axtarır. Hər şey "zər palan"(zəfəran) məsəlidir.”- söyləyir.

 

Üstün xüsusiyyətlərindən biri də odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə həyatda necə davam edəcəyini yaxşı bilir. Gözəlliklərdən maksimum həzz almaq istəyi bütün varlığına hakim kəsilib. Necə deyərlər, həyatın gözəlliklərini çox sevir. Və gözəl görünən hər şeyə dəyər verməyi bacarır...

 

Xülasə, düşünürəm ki, onun haqqında bildiklərimi sizə çatdıra bildim.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)



 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.